Elçin Hüseynbəyli yazır... Mən qarı sevirəm

Mən qarı sevirəm. Ona görə də hava proqnozunu diqqətlə izləyirəm. Heyf ki, çox zaman proqnoz düz çıxmır. Qar vəd edirlər, amma qar yağmır.

Elçin Hüseynbəyli

Mən qarı sevirəm

Mən qarı sevirəm. Ona görə də hava proqnozunu diqqətlə izləyirəm. Heyf ki, çox zaman proqnoz düz çıxmır. Qar vəd edirlər, amma qar yağmır.

Səhərdən axşama kimi gözləyirəm, qar yağmır. Yola baxıram, üstü qarlı maşınlar şütüyür. İnternetə girirəm, yazırlar ki, Yasamal ərazisində qar yağır. Amma biz tərəflərdə göy üzü susur.

Həyətə düşürəm, bir də görürəm ki, qar səpməyə başladı. Sevinirəm, amma sevincim uzun çəkmir, qar dayanır. Deyinə-deyinə evə çıxıram. Qanı qara halda yenidən pəncərənin qabağına gəlirəm.

Bu zaman çevik telefonum zəng çalır. Bu yaxşılığadı, tənhalıqdan məni kimsə müvəqqəti də olsa ayıracaq. Yunus Oğuzdu:

-Ə, avara-gor hardasan? -deyə soruşur.

"Avara-gor" onun sevimli ifadəsidir.

-İstirahət günü harda olarlar,- deyirəm.

Səsimdəki narazılığımı diyur.

-Səni nə bilmək olar? Yazıçı adamsan, bəlkə ürəyin romantik bir yer istədi, getdin.

-İstiyirəm, -dedim, -amma maşın yoxdu. -Qar da yağmadı ki, eynim açılsın.

-Qarda gəzmək istiyirsən? -Ürəyimdən xəbər verir, o da bilir axı qarı sevməyimi.

-Elə istiyirəm!

-Səhər saat 10-da gedirik Xızıya.

Bazar günü səhər tezdən dururam, dərhal da pəncərə önünə gəlirəm:axşamdan yağan qarın kəsib-kəsmədiyini bilmək üçün. Tam məyusluq: belə qarın yağmasındansa, yağmasa yaxşıdı, yerə düşməmiş əriyir.

Vədələşdiyimiz zaman yetişir, maşına minib üz qoyuruq Xızıya tərəf.

Xızı bizim tez-tez getdiyimiz yerdi. Yunusun orda dəbdəbədən uzaq, amma zövqlə tikilmiş rahat evi var. Ən yaxşısı isə mansardda bilyard otağının olmasıdı. Qışqıra-qışqıra, deyib gülə-gülə orda bilyard oynayırıq. Amma onu da sizə xəlvətcə deyim ki, heç birimiz bilyardı düz-əmlli oynaya bilmirik. Şarlardan birini bəlkə onuncu cəhddən sonra luzaya zorla salırıq...

Amma əsas qardı.

Şossedən Xızı dağlarına tərəf burulanda, köhnə kişilər demiş, əvvəlcə tülə, sonra isə ağappaq yorğana bürünmüş dağları görürük. Çiçəyimiz çırtlayır və "Xızı dağları" mahnısını eyni zamanda züm-zümə edirik.

-Şair bu sözləri qarlı dağlara baxıb yazıb, -deyirəm, - qar onu cuşa gətirib.

-Bu dağlara yox e, yuxarıdakı meşəli dağlara, -Yunus mənim fikrimə düzəliş etmək istəyir.

-O dağlardan hər yerdə var, amma beləsindən yoxdu, -deyə etiraz edirəm.

Yolda maşın dağa tərəf qalxır. Orda, qarın içində dayanıb ətrafı seyr eləmək çoxdankı vərdişimizdi.

Nəhayət, Xızının özü. Həyətə giririk. Rəcəb - Yunusun qonşusu samovarı tüsdülədir.

-Samovar qaynayana kimi qarda gəzməyə çıxırıq.

Mən narın yağan qarı sevirəm, onun altında dayanıb, gözlərimi qıya-qıya göy üzünə baxmağı xoşlayıram. Bərk ayaqda küləkli havada da qar yağsa sevinərəm.

Bir az yuxarı qalxırıq. Yuxarıda qarlı meşələr, aşağıda qarlı dərələr uzanır. Ürəkaçan   mənzərədir...

Qar bəyazlıqdı, ilkinlikdi, çünki ləkəsizdi. Bəlkə ona görə də qarı sevirəm?

Bəzi adamlar televizorda qarı görəndə də üşüyürlər. Fikir vermişəm qışda doğulanlar soyuğu sevir, yayda doğulanlar soyuqdan qorxur (bəzi istisnaları çıxmaq şərtiylə)

-Necədir?-Yunus Oğuz məmnunluqla məndən soruşur.

-Bundan gözəlini təsəvvür eləmirəm.

Qarda bir az gəzəndən, narın yağan qarın səsini dinləyəndən sonra həyətə qayıtırıq: əsl idilliya. Tüstülənən samovar üstündə çayniki, bir tərəfdə isə...

Sonrası? Sonrasını danışmaq istəmirəm. Paxıllığınız tutar...

29-30 yanvar 2017

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31