Rumıniyalı alimdən fundamental tədqiqat: “Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi”

Rumıniyanın Yassı Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri doktoru, ədəbiyyatşünas alim Lyudmila Bejenaru 2014-cü ildə “Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi” adlı fundamental monoqrafiya yazıb. Kamal Abdulla yaradıcılığının belə çoxşaxəli tədqiqi Avropanın Yanus layihəsi çərçivəsində həyata keçirilib, monoqrafiya kitab şəklində Serbiyanın Pro Evropa Novi Sad nəşriyyatında işıq üzü görüb. Monoqrafiyadan bir hissə “Literaturnıy Azerbaydjan” jurnalının 2016-cı il, 11-ci sayında dərc edilib. Jurnalda nəşr olunan həmin hissəni ixtisarla oxucularımıza təqdim edirik.

Rumıniyanın Yassı Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri doktoru, ədəbiyyatşünas alim Lyudmila Bejenaru 2014-cü ildə "Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi" adlı fundamental monoqrafiya yazıb. Kamal Abdulla yaradıcılığının belə çoxşaxəli tədqiqi Avropanın Yanus layihəsi çərçivəsində həyata keçirilib, monoqrafiya kitab şəklində Serbiyanın Pro Evropa Novi Sad nəşriyyatında işıq üzü görüb. Monoqrafiyadan bir hissə "Literaturnıy Azerbaydjan" jurnalının 2016-cı il, 11-ci sayında dərc edilib. Jurnalda nəşr olunan həmin hissəni ixtisarla oxucularımıza təqdim edirik.

..."Gizli Dədə Qorqud" adlı tədqiqat işində Kamal Abdulla "Kitabi-Dədə Qorqud" milli eposunu insan cəmiyyətini bir qədim dövrdən başqa bir dövrə, təbiət dünyasından mədəniyyət dünyasına keçirə biləcək " fərqli bir körpü" kimi müəyyənləşdirib.

Özünün sonrakı, artıq belletristikaya çevrilmiş bədii mətnlərində "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi" və "Unutmağa kimsə yox" trilogiyasının müəllifi bu körpünün üzərinə çıxaraq artıq "o biri sahilə" adlayır. O, Mifdən Yazıya keçir və "Kitabi-Dədə Qorqud"un kanonik mətnini dəyişərək, Bütövlüyün posmodernist estetikasını yaradır. Süjet xətlərini dəyişməklə, obrazları dərinə və daxilə inkişaf etdirməklə, dil və üslub səviyyəsində dəyişikliklər etməklə, Kamal Abdulla obyektivləşdirmənin köməyi ilə kanonik mətnin daxilində təkcə ənənəvi təhkiyə əlaqələrini deyil, həm də onun adi təşkilatlanma prinsiplərini nümayiş etdirir.

... Viskonsin-Medison Universitetinin ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, klassik mətnlər, fəlsəfə, komparativ mifologiya və ritorika üzrə mütəxəssis Maks Statkieviç hesab edir ki, "Kamal Abdullanın təhkiyəsi özünün "sirlərə yiyələnmək" səylərini vurğulayır, o, müəyyən mənada "yazının dağılması"nı, Derridanın haqqında danışdığı "aforizmin enerjisi"ni nümayiş etdirir. Bu mənada müəllifə Dədə Qorqudun xələfi kimi, ya da ki, romanda Dədə Qorquda daha çox yazıçının özünün proyeksiyalanması kimi baxıla bilər. Kamal Abdullanın romanında Dədə Qorqud təkcə Bayandur xanın mirzəsi deyil, həm də sirlərinin mühafizidir, bu sirləri biləndir və bu mənada sirdaşdır; Oğuz cəmiyyətində hamı və hər kəs bilir ki, "Dədəyə etibar edilmiş sirr qayğı ilə qorunacaq".

Trilogiyada müəllif bu və ya başqa şəkildə üzə çıxır, əsərlərin strukturu ilə bağlı niyyətinin obyektivləşdirilməsi vasitəsilə oxucu ilə birbaşa nitq ünsiyyətinə girir və niyyətini özü izah edir. Əsəri diskursun fraqmentarlığından və postmodernis romanın bilərəkdən yaradılan xaotikliyindən doğan "kommunikativ uğursuzluğ"a məruz qoymamaq üçün müəllif öz üzərinə əlavə vəzifələr götürür. Beləliklə, müəllif maskası Kamal Abdullanın trilogiyasının məna mərkəzinə və yazıçının təhkiyə tərzinin strukturyaradıcı prinsipinə çevrilir...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31