Gəncədə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş konfrans keçirildi
27 Yanvar 2017 21:37 Sosial2017-ci ilin yanvarında Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120-ci ili tamam olur. Onun həkimlik, elmi və pedaqoji fəaliyyəti səhiyyənin inkişafında zəngin təşkilatçı fəaliyyəti ilə sıx əlaqəli idi. Ə.Əliyevin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inkişafında və beynəlxalq aləmdə tanıdılmasında müstəsna rolu olmuşdur. Onun şərəfli ömrünün bir hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olub.
Belə ki, o həmin institutun rektoru vəzifəsində çalışmış və hal-hazırda institut onun adını daşıyır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi tədbirlər planı hazırlayıb həyata keçirir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kollektivi bu tədbirlərdə yaxından iştirak edir.
Konfransı giriş sözü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor N.A.Qasımov açaraq qeyd etdi ki, xalqımızın adını uca edən şəxslər arasında dövlət xadimi, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin xüsusi yeri var. Respublikanın Xalq Komissarlığının müalicə şöbəsinin rəhbəri, Bakı şəhərinin səhiyyə şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən Ə.Əliyev nail olduğu təcrübəsini, istedadını, sönməz enerjisini Respublikanın səhiyyəsinə, yüksək ixtisaslı həkimlərin yetişdirilməsinə, elmin inkişafına yönəltmişdir. Əziz Məmmədkərim oğlu Əliyev 1959-cu ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru kimi böyük fəaliyyət göstərmiş, ömrünün sonuna qədər bu institutun rektoru olub.
Məhz institut tarixinin bir çox şərəfli səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. O dövrdə institut öz fəaliyyətini genişləndirib tək Azərbaycanın yox, bütün Sovet respublikalarının, Monqolustanın, Bolqarıstanın həkimlərinin hazırlanmasında iştirak etmişdir. Yeni-yeni kafedralar yaradılmışdır, elmi-pedaqoji kadrların hazırlığı maksimum dərəcədə yaxşılaşdırılmış, onun redaktor kimi rəhbərliyi altında institut əməkdaşlarının elmi əsərlərinin bir neçə məcmuəsi nəşr olunmuş, həkim-dinləyicilərin qabiliyyəti, bacarığı dərinləşdirilmiş və ixtisas dərəcələri möhkəmləndirildi.
Ə.Əliyevin elmi fəaliyyəti də geniş olmuşdur. Belə ki, o 1929-cu ildə aspiranturanı bitirərək müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmiş və sonradan Azərbaycan Tibb İnstiutunun terapiya kafedrasında həm assistent, həm də dosent vəzifəsində çalışarkən respublikamız üçün vacib problemlər üzərində həvəslə və məharətlə işləmişdi. Elmi əsər SSRİ Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. Əziz Əliyev 87 elmi əsərin müəllifidir, onlardan 70-i təbabətin ayrı-ayrı sahələrinə, 17-si isə tarixi və siyasi problemlərə aiddi.
Əziz Əliyevin siyasi xadim kimi fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. O, istər Azərbaycanda, istər Dağıstanda və istərsə də Moskvada yüksək dövlət vəzifələrində çalışarkən özünü uzaqgörən, səriştəli və bacarıqlı dövlət xadimi kimi göstərə bilmişdi.
1962-ci ilin 27 sentyabr tarixində institutun professor-müəllim heyətinin vəsadəti əsasında Nazirlər Sovetinin 773 saylı qərarı ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna professor Əziz Məmməkərim oğlu Əliyevin adı verilmişdir. Bu hadisə institutun əməkdaşları tərəfindən Əziz Əliyevin böyük xidmətlərinin qiymətləndirilməsi kimi dərin minnətdarlıq hissi ilə qarşılandı.
Qeyd etmək lazımdır ki, Ə.Əliyevin qoyduğu ənənələr bu gün də davam etdirilir, institut durmadan yeniləşdirilir. Bütün sahələrdə irəliləyişlər var. Elmi-pedaqoji, müalicə və elmi kadrların yetişdirilməsi məsələləri institut rəhbərliyinin daimi diqqət mərkəzində dayanır.
Tədbirdə çıxış edən məruzəçilər Ə.Əliyevin dolğun və mənalı həyat yolundan, elmi-siyasi fəaliyyətindən danışdılar.
Daha sonra konfrans öz işini institut alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə, təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələri ilə davam etdirdi.