Züleyxa  Nadir yazır... Mənəviyyat işığını söndürənlər

Evlənib ailə qurmaq Yaradanın insana bəxş etdiyi bir vəzifədi. Hər xalq bu vəzifəni bir cür yerinə yetirir, özünün adət-ənənəsinə uyğun  toy edib, evlənir. Avropalılarla asiyalıların  adətlərində  köklü fərq olduğu kimi,  məsələn, hind ailəsi ilə azərbaycanlı ailəsində, yaxud da afrikalılarla avstraliyalılar arasında bu izdivacın fərqi həmin millətin öz tarixi keçmişindən gələn ənənəyə söykənməsindədi.  Qədimdə  xalqların çox sadə formada yerinə yetirilən evlənmə ritualı zaman keçdikcə dövrün  tələbinə uyğun yenilənib, müasir formada qəlibə salınaraq iki əks cinsin sevgi hisslərinə “yüklənmiş”  duyğu cücərtilərinin “ailə” adlı balaca “dövlət”də  böyüməsi ilə müşaiyət olunub.

Züleyxa  Nadir

Mənəviyyat işığını söndürənlər

Göz önündə sevgi olmaz

Evlənib ailə qurmaq Yaradanın insana bəxş etdiyi bir vəzifədi. Hər xalq bu vəzifəni bir cür yerinə yetirir, özünün adət-ənənəsinə uyğun  toy edib, evlənir. Avropalılarla asiyalıların  adətlərində  köklü fərq olduğu kimi,  məsələn, hind ailəsi ilə azərbaycanlı ailəsində, yaxud da afrikalılarla avstraliyalılar arasında bu izdivacın fərqi həmin millətin öz tarixi keçmişindən gələn ənənəyə söykənməsindədi.  Qədimdə  xalqların çox sadə formada yerinə yetirilən evlənmə ritualı zaman keçdikcə dövrün  tələbinə uyğun yenilənib, müasir formada qəlibə salınaraq iki əks cinsin sevgi hisslərinə "yüklənmiş"  duyğu cücərtilərinin "ailə" adlı balaca "dövlət"də  böyüməsi ilə müşaiyət olunub.

Bəzən deyirlər ki, sevmədən evlənmək olmaz. Yaxud da belə fikirlər səslənir ki, evləndiyin adamı mütləq sevməlisən. Eləsi də tapılır ki, ürəyini verdiyi adamdan başqasını sevə bilməyəcəyini israr edir. Bütün bunlar çox yaxşıdı. Sevgi ali hissdi, insani duyğudu.  Allah da insanı sevə-sevə yaradıb və həmin sevgidən öz yaratdığına pay verdiyi üçündür ki,  bu gün belə fikirlər səslənir. Bəs, bu sevginin bütövləşməsi üçün hansı formadan istifadə etmək daha məqbuldu?

Söhbət azərbaycanlılardan gedirsə, demək olar ki, onlar yüz illər boyu ailə dəyərlərini bəşəri dəyərlərdən üstün tutublar. Çəkinmədən deyə bilərəm ki, bizim millət üçün evlənmək həm məsuliyyət, həm də xoşbəxtliyin bir formasıdı. Bir cütlüyün evlənməsi üçün öncə elçilik, sonra nişan və toy olur ( istisnalar var, əlbəttə). Və bütün bu mərasimlərin önündə, eləcə də  sonunda çox ali hisslər, duyğular  yer alır...                                                        

Əslində belə uzaqdan başlamağımın səbəbi bu gün Türkiyənin televiziya kanallarında yayınlanan evlənmə proqramlarına gedən azərbaycanlılardı. Bir neçə il əvvəl Azərbaycan televiziyalarında da belə verilişlər var idi. Nə yaxşı ki, çox uzun çəkmədi. Doğrudu, millətin mentaliteti ilə üst-üstə düşməyən, müraciət edənlərin xarakterinin zəif  tərəflərini nümayiş etdirən bu proqramlarda evlənənlər oldu. Amma sonralar məlum oldu ki, əksəriyyətinin evlilikləri çox uzun çəkməyib. Çünki verilişə müraciət edənlər əsil sevgi üzərində evlənmək yox, müəyyən maddi istəklərdən dolayı  toy etmək arzusunda idi. Təbii ki, ekrandan bir dəfə  görməklə yaxşı tanımadığın, ailəsinə bələd olmadığın biri ilə evlənməyin nəticəsi  belə də olmalıdı.  Bir neçə kasıb, imkansız ailənin övladına toy edən telekanalların bu addımı əslində reytinqə hesablanmışdı.

Dünyanın çox ölkələrinin televiziyalarında evlənmə proqramları var. Amma Azərbaycan  Avropa deyil, axı, nə də Cənubi Amerika  sakinləri ilə eyni cür addımlaya bilməz. Braziliyada bu proqrama çıxan qadınlar  hətta çimərlik  paltarında ekrandan boy verirlər. Bu, o ölkənin insanları üçün adi haldı. Amma biz başqayıq. Hər nə qədər müasirləşsək də millətin kökündə olan bir mənəviyyat işığı var ki, onu söndürmək olmaz.

İllərdi Türkiyə kanallarında bu tip proqramlar yayınlanır. Bizim evlənmə proqramlarının iştirakçılarından fərqli olaraq  türklər  fikirlərini daha sərbəst, məqsədlərini daha aydın deyə bilirlər. Hətta  iki nəfərin evlənməsi üçün  studiyada aylarla müzakirələr  gedir. Bəzən də bir nəfər 5-10 adama elçi düşür, yaxud da əksinə.

Telekanallar bu proqramlardan yaxşıca qazanırlar. Aparıcıların əldə etdikləri gəlirin məbləği çox böyük rəqəmlərlə ifadə olunur. Bu baxımdan "Esra Erolla... evlən mənimlə" verilişi ölkə efirində rekorda imza atıb. ATV- də ayın 22 günü yayınlanan proqram hər ay aparıcı Esra Erola və həyat yoldaşı Əli Özbirə 391 min 600 manat gəlir gətirir. Ona görə də yarım milyona yaxın qazanc əldə edən aparıcı hər verilişində çalışır ki, səmimiliyini qorusun, vicdanının səsinə qulaq assın, cütlüklərin evlənməsinə başdansovdu münasibət sərgiləməsin. Esra Erol və digər kanallarda yayınlanan evlənmə proqramları türk tamaşaçısı üçün artıq adiləşib, bir az da şou effekti verir. Əlbəttə, böyük ölkədi,  80 minə yaxın əhalisi və seçim etmək üçün geniş meydanı var. 

Azərbaycanda isə belə proqram heç bir  müsbət nəticə verə bilməz. Ona görə də televiziya vasitəsi ilə evlənməyə üstünlük verən bəzi azərbaycanlı qadınlar üz  tuturlar həmin proqramlara, hətta onların arasında tanınmışlar da olur. Doğrusu, bu, şəxsən məndə bir Azərbaycan qadını olaraq xoşagəlməz hisslər oyadır. Eləcə də  mənim kimi çoxlu sayda qadın və kişi var ki, həmyerlilərimizin  ərə getmək üçün Türkiyəyə getməyinə, xüsusilə də  ekrana çıxmağına müsbət yanaşmırlar.

Məsələ təkcə onların orda ərə getmək istəyində deyil. İş ondadır ki, bəzən bu qadınlar türk  dilində təmiz  danışmamaqlarından dolayı istehza və rişxənd obyektinə çevrilirlər. Bu, azmış kimi həm də elə tələblər irəli sürürlər ki, onlara  elçi düşən də tapılmır. Tapılsa da  həmin təsadüfü izdivac  uzun sürmür. Təsadüfi evlilik dünyanın hər yerində yarı yolda qalır, sona qədər gedə bilmir.

Daha pisi odur ki, bəzən bizim qadınlar  ora gedərkən qarşılarına başqa məqsəd qoyurlar. Yaxşı şərait, zəngin həyat arzularının reallaşmayacağını hiss edəndə isə yalana əl atırlar. Doğrudu, Türkiyədə azərbaycanlı  qadınları  sevirlər, dəyər verirlər. Çünki türk qadınları ilə bizim qadınların arasında əxlaq, savad, dünyagörüşü, eləcə də evdarlıq və ərinə, uşaqlarına qulluq etmək baxımından müəyyən fərq üstünlükləri var. Türkiyədəki qadınların 80-90 faizi siqaret çəkir. Bundan xoşhal olmayan  türk kişiləri azərbaycanlı qadınlara meyl edirlər. Amma bu o demək deyil ki, sən burdan gedəsən qonşu ölkəyə  və hansısa bir kişinin arvadı  olmaq üçün cürbəcür yalanlara əl atasan. Bu, azərbaycanlıları aşağılamaqdı, azərbaycanlı qadına qarşı nifrət oyatmaqdı,  azərbaycanlı xanımların əxlaqını, namusunu sıfıra endirməkdi. Əxlaq təkcə o deyil ki,  hansısa bir kişinin yatağına  girəsən. Xarakterindəki naqislikləri gedib başqa ölkənin  televiziyasından milyonlara  sərgiləmək ən pis əxlaqsızlıqdı.                                             

Bir neşə il əvvəl tanıdığım  bir qadını Esra Erolun proqramında gördüm. Heyrət və təəccüb içində izləməyə başladım. Çünki qadının evi, ailəsi, iki uşağı, gəlini var idi, ərindən də ayrılmamışdı. O isə özü haqqında məlumat verirdi ki, həyat yoldaşından boşanıb. Çoxlu pulu, Türkiyədə və Bakıda evi olan kişiyə ərə getmək istəyini elə rahatlqıla söyləyirdi ki, matım-qutum qurumuşdu.

Şəxsiyyətsizliyin (bəlkə də əxlaqsızlığın) kulminasiya nöqtəsi onda oldu ki, qadının Gəncədən zəng vurub həqiqəti söyləyən qaynı qardaşı arvadının iç üzünü açdı, yalanlarını corab söküyü kimi ortaya qoydu.  Bundan sonra aparıcı da, proqramdakı  iştirakçılar da  qadını elə gəncəlilərin dediyi  kimi "tulasufat" edib verilişdən qovdular. Tək özünü, ailəsini deyil, bütünlükdə azərbaycanlıları rəzil edən qadın bir daha nə Gəncədəki evinə, nə də Bakıya dönmədi. Allah bilir indi haralardadı?..

Əvvəllər  azərbaycanlı analar oğullarını evləndirmək üçün  qıza hamamda baxar və bəyəndiyini söyləyib onu oğluna məsləhət görərdi. Oğul da anasının seçdiyi qıza etriaz etməzdi. Məncə, hamamda qız  bəyənib seçmək, televiziyada qıza elçi düşməkdən yaxşıdı. Çünki həmin izdivacın baş tutub-tutmayacağını uzaqbaşı  2-3 adam bilərdi. Televiziyada isə milyonlarla insanın gözü qarşısında kiməsə elçi düşmək, rədd cavabı almaq kişi  qürurunun sındırılması, qadın şəxsiyyətinin və şərəfinin ucuzlaşması deməkdi.

Qədim türklərdə  ailə çox vacib birlik hesab olunduğu üçün kişilər at minən, yaxşı qılınc oynadan,  cəng meydanında döyüşən qadınlarla evlənməyə üstünlük verirdilər. Bu fakt Azərbaycan qadınları üçün də keçərlidir. "Kitabi-Dədə Qorqud" dastanınında əksini tapan Bamsı Beyrəklə Banu Çiçəyin döyüş səhnəsi  Azərbaycan xalqının keçmişində evlənməyin, ailə qurmağın ötəri bir həvəs olmadığının təsdiqidir.

Ümumiyətlə qədim türk dastanlarında xanların, xaqanların və döyüşçülərin qadının önündə əyilməkləri hörmət və şərəf kimi qiymətləndirilib. Qadın ilahi varlıq ucalığına yüksəldilib. Bu gün isə bütün bu dəyərlər televiziyalarda şou elementinə  çevrilərək öncə qadını qiymətdən salır, sonra da kişinin etibarını şübhə altına alır.

Milyonlarla insanın gözü önündə sevgi, məhəbbət, lap elə eşq macərası sərgiləmək ikiüzlülükdü, bunu yalnız filmlərdə, teatr tamaşalarında etmək olur.  Ülvi duyğular, saf məhəbbət hissləri studiyalarda müzakirə edilməz. Sevginin pünhanı, həsrətin gizlini xoşbəxtliyə gedən yolun, ailəyə uzanan cığırın müqəddəs elementidi. Bu yolda insanı sona qədər aparan  ali duyğulardı: sevgi, hörmət, diqqət və qayğı.

Bu  duyğuları ekranlarda, efirlərdə hədiyyə kimi vermirlər...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31