Xaçmazın içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri  intensiv şəkildə həyata keçirilir.

Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən "Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi" çərçivəsində Xaçmaz şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri  intensiv şəkildə həyata keçirilir. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində  47  min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun  Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində isə 11 min nəfərin su təchizatının yaxşılaşdırılacaq. Ümumilikdə layihədən 58 min nəfər faydalanacaq. Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildə başlanıb. Birinci mərhələdə şəhərin əsas su mənbəyi sayılan Uçqun bulağı bərpa olunmuş, mənbədən anbar kompleksinə qədər 2 km uzunluğunda magistral, 1,6 km anbarlararası su xətləri çəkilmiş, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı inşa edilib. Layihənin növbəti mərhələsində Xaçmaz şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi həyata keçirilir. İndiyədək layihədə nəzərdə tutulan 142,6 km su şəbəkəsinin 88 km-lik hissəsi tikilmiş, 3095 ünvana birləşmə verilib. Eyni zamanda 148,5 km kanalizasiya şəbəkəsinin 110 km-lik hissəsində işlər yekunlaşıb və 5727 ünvan şəbəkəyə qoşulub. Tullantı sularının təmizləyici qurğuya ötürülməsi üçün 1400 mm diametrli borularla 1,3 km uzunluğunda kanalizasiya kollektorunun inşası başa çatdırııb. Şəhərdə yaranacaq tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və sutkalıq  məhsuldarlığı 70 min kubmetr olacaq təmizləyici qurğuda təmizlənib zərərsizləşdiriləcək. Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin də tullantı suları  qurğuya yönəldiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31