"Şamaxinka"da "tıxac" aradan qaldırılır
Bakı şəhərində avtonəqliyyat vasitələlərinin sıxlığını azaltmaq məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Moskva prospektinin köməkçi yolunda, Bakı-Sumqayıt yolundan “Şamaxinka” deyilən əraziyə girişdə avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilir, yolun genişləndirilməsi işləri aparılır.
25 Yanvar 2017 13:25 SosialBakı şəhərində avtonəqliyyat vasitələlərinin sıxlığını azaltmaq məqsədi ilə "Azəravtoyol" ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Moskva prospektinin köməkçi yolunda, Bakı-Sumqayıt yolundan "Şamaxinka" deyilən əraziyə girişdə avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilir, yolun genişləndirilməsi işləri aparılır. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, xüsusən günün pik saatlarında sözügedən əraziyə avtonəqliyyat vasitələrinin həm Bakı Dairəvi-1 avtomobil yolundan, həm də Sumqayıt şəhəri istiqamətindən daxil olması və bir-çox hallarda sürücülərin avtomobili nizamsız şəkildə idarə etməsi "tıxac"a, hərəkətin iflic olmasına səbəb olur. Sıxlığın, o cümlədən hər iki istiqamətdən daxil olan avtonəqliyyat vasitələrinin bir-birinin hərəkətinə mane olmasının qarşısını almaq məqsədi ilə prospektin köməkçi yolundakı sağ kənar zolaq sırf Bakı Dairəvi-1 avtomobil yolundan gələn avtomobillər üçün ayrılıb. Sağ kənar zolağı digər iki zolaqdan ayırmaq üçün yola dəmir-beton maneələr düzülüb. "Şamaxinka" ərazisində edilən daha bir dəyişiklik yolun genişləndirilməsi ilə bağlıdır. Belə ki, yol sağa doğru 3-4 metr enində genişləndirilib. Genişləndirilmə 550 metrlik ərazini əhatə edir. Genişləndirmə işləri nəticəsində yolda əlavə daha 1 hərəkət zolağı yaranıb. Bu da öz növbəsində sözügedən ərazidə sıxlığın qarşısını almaq üçün müsbət addım hesab olunur. Genişləndirmə işlər çərçivəsində yol kənarında olan yüksək gərginlikli elektrik xətti və dirəyi demontaj olunaraq yeri dəyişdirilib. Genişləndirmə işləri ilkin etapda Moskva prospektinin Bakı Dairəvi-1 avtomobil yolu ilə kəsişməsindən ikinci geri dönmə hissəsinədək ( tunelin sonunadək ) aparılır. Sözügedən işlər çərçivəsində 2-ci Alatava küçəsi ilə kəsişmədə yerləşən avtobus dayanacağının da yeri 4-5 metr genişləndirilərək xüsusi cibli hissə yaradılır. Bununla da avtobuslar ümumi hərəkətə maneə yaratmadan dayanacağa girib-çıxa biləcəklər. Bu da öz növbəsində həmin ərazidə sıxlığın azlamasına gətirib çıxaracaq. Ərazidə tıxacların aradan qaldırılması üçün ediləcək daha bir yenilik yaxın zamanlarda yerüstü piyada keçidinin tikintisidir. Piyada keçidinin tikintisi ilə həm avtonəqliyyat vasitələrinin normal və maneəsiz hərəkəti təmin olunmuş olacaq, həm də vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsi mümkün olacaq.