Azərbaycan həqiqətlərindən bəhs edən daha bir film
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Cənubi Qafqaz və Azərbaycanın ilk xəbər kanalı "Arb24”ün texniki dəstəyi ilə "Qarabağ dünən, Qarabağ bugün, Qarabağ sabah” layihəsi çərçivəsində Qarabağ həqiqətlərini özündə ehtiva edən qısametrajlı filmin təqdimatını keçirib.
25 Yanvar 2017 11:38 SosialAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Cənubi Qafqaz və Azərbaycanın ilk xəbər kanalı "Arb24"ün texniki dəstəyi ilə "Qarabağ dünən, Qarabağ bugün, Qarabağ sabah" layihəsi çərçivəsində Qarabağ həqiqətlərini özündə ehtiva edən qısametrajlı filmin təqdimatını keçirib. "OLAYLAR"-ın xəbərinə görə, təqdimatda Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkilləri, QHT və Media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasovaçaraq layihə çərçivəsində görülən işlərdən danışıb. Bildirib ki, qısametrajlı filmin həm regionlarda, həm də Slavyan ölkələrində təqdimatı da nəzərdə tutulub: "Eyni zamanda biz videonu daha geniş coğrafiyada yayımlanması üçün xüsusi proqram hazırlamışıq. Ən tez bir zamanda film rus, ingilis və türk dillərində daha geniş auditoriyaya təqdim ediləcək" Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək, qeyri-hökumət təşkilatlarının Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən, habelə milli donorlarımızın bu məsələdə onlara verdiyi dəstək barədə danışıb. O, bu məsələdə qeyri-hökumət təşkilatlarının daha çox səy göstərməsinin, bu bu kimi layihələrin icrasında əsasən xarici auditoriyanın nəzərə alınmasının vacibliyi qeyd edib. Bildirdi ki, vətəndaş cəmiyyəti institutlarının Qarabağ həqiqətlərinin təbliğində ölkə daxili ilə yanaşı, siyasi qərarların qəbul edildiyi xarici ölkələrdə də iş aparması zəruridir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında rəhbərlik etdiyi qurumun bu istiqamətindəki fəaliyyətindən söz açıb. Bu günə qədər Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Gənclər Fondu tərəfindən yüzlərlə layihəyə dəstək verildiyini deyən F.Hacıyev bu dəstəyin bundan sonra da davam edəcəyini deyib. Təqdimatda çıxış edən digər natiqlər filmin əhəmiyyətindən danışıblar. Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevə və Cənubi Qafqaz və Azərbaycanın ilk xəbər kanalı"Arb24" telekanalının baş direktoru siyasi icmalçı Nadir Şəfiyevə ASGA adından fəxri diplom təqdim edilib.