Sosial şəbəkələrdəki şəkillərdən bəzi insanlar şantaj məqsədi ilə istifadə edirlər

Ölkədə fikir və məlumat azadlığının yüksək səviyyədə təmin olunması, mətbuata verilən sərbəstlik bəzən bu vəziyyətdən sui-istifadə hallarının meydana gəlməsinə səbəb olur. Belə ki, mətbuata qazanc mənbəyi kimi baxan bir çox “qələm sahibləri” əsasən öz fəaliyyətlərini hansısa şəxs və şəxsləri şantaj etmək, onların şəxsi həyatlarına toxunmaq müstəvisində qururlar. Qarşı tərəf öz hüququndan istifadə edərək məhkəmə instansiyalarına müraciət edəndə isə, dərhal mətbuata basqı olduğu barədə hay-həşir qaldırılır. Halbuki şantaj edən şəxs barəsində müvafiq ölçü götürülməsi qanunvericilikdə də öz əksini tapıb.

Asif Abdullayev: "Şantaj edən şəxslər qarşısında mümkün qədər acizlik göstərməmək lazımdır"

Ölkədə fikir və məlumat azadlığının yüksək səviyyədə təmin olunması, mətbuata verilən sərbəstlik bəzən bu vəziyyətdən sui-istifadə hallarının meydana gəlməsinə səbəb olur. Belə ki, mətbuata qazanc mənbəyi kimi baxan bir çox "qələm sahibləri" əsasən öz fəaliyyətlərini hansısa şəxs və şəxsləri şantaj etmək, onların şəxsi həyatlarına toxunmaq müstəvisində qururlar. Qarşı tərəf öz hüququndan istifadə edərək məhkəmə instansiyalarına müraciət edəndə isə, dərhal mətbuata basqı olduğu barədə hay-həşir qaldırılır. Halbuki şantaj edən şəxs barəsində müvafiq ölçü götürülməsi qanunvericilikdə də öz əksini tapıb.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Asif Abdullayev deyir ki, konstitusiyanın 32-ci maddəsinin 3-cü hissəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Onun sözlərinə görə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz: "Son illər ərzində texnikanın inkişaf etməsi, pis niyyətli şəxslərə şantajla məşğul olmaq üçün daha əlverişli imkanlar yaradıb. İstər real münasibət zamanı çəkilmiş şəkillərdən, istərsə də sosial şəbəkələrdə yaranmış ünsiyyət nəticəsində xanımın göndərdiyi şəkillərdən bəzi insanlar şantaj məqsədi ilə istifadə edirlər. Şəkillərin yayılacağı ilə hədələyərək, xanımlardan pul tələb edilmə halları az deyil. Şantaj edərək pul tələb etmə qanunvericiliyə əsasən cinayət məsuliyyətinə səbəb olur. Cinayət məsuliyyətinə həmçinin şəxsə və ya onun yaxınlarına qarşı fiziki zor tətbiq etmək, əmlakı məhv etmək hədəsi ilə pul tələb etmək də də səbəb olur. Cinayət məcəlləsinin 182-ci maddəsinə əsasən, intim şəkillərlə və sair rüsvayedici məlumatların yayılacağı ilə şantaj edərək pul tələb edən şəxsi 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir". Asif Abdullayevin sözlərinə görə, əgər bu hərəkətlər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya zor tətbiq etməklə törədildikdə və ya təkrar törədildikdə və ya xeyli miqdarda (3-10 min manat civarında) pul tələb etməklə törədildikdə, təqsirkar şəxsləri 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir: " Şantaj və ya fiziki zor tətbiq etməklə külli miqdarda (10 mindən yuxarı məbləğ) pul tələb edildikdə və bir sıra digər hallarda təqsirli şəxsləri 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Göründüyü kimi, qanunvericilikdə şantaja görə çox ciddi cəzalar nəzərdə tutulub. Buna baxmayaraq, şantajın qurbanı olan bəzi şəxslər məsələnin böyüyəcəyindən, daha çox insanın məsələdən xəbərdar olacağından ehtiyat edərək, onları şantaj edən şəxslər barədə polisə məlumat vermirlər. Bu insanlar şantaj edən şəxsin qurbanına çevrilirlər və daimi olaraq təhdid altında yaşamağa məcbur olurlar. Amma təcrubə göstərir ki, əksər hallarda şantaj qurbanı olan şəxslər sonda məcbur qalaraq polisə müraciət edirlər". Hüquqşünas hesab edir ki, şantaj qurbanına çevrilməmək üçün, şantajla bağlı vaxtında polisə müraciət etmək lazımdır: "Eyni zamanda, şantaj edən şəxsə qarşı sübutlar da toplamaq yaxşı olardı. Misal üçün, şantaj edən şəxslə sms-lə yazışmaq olar. Gələcəkdə polis bu işi araşdırarkən, mobil operatordan bütün sms-lərin məzmunu barədə məlumatı əldə edə bilər və bu məlumatlar şantaj faktını sübut edəcək. Məlumat üçün qeyd edim ki, sms-lə yazışmaların məzmunu saxlanılır və istintaq zərurəti yarandırğı halda qanunla nəzərdə tutulmuş qaydada onları əldə etmək mümkün olur. Sms yazışmalarla yanaşı, şantaj edilməyinizin şahidi olmuş şəxsin ifadəsi və sübut kimi çıxış edə biləcək digər hallar da cinayət əməlinin sübuta yetirilməsində yardımçı ola bilər. Qeyd edim ki, əksər cinayətlərdən fərqli olaraq, şantajla pul tələb etməyə görə cinayət məsuliyyəti 14 yaşdan yaranır. Yəni, 14 yaşına çətmiş şəxs, şantaja görə cinayət məsuliyyətinə cəlb edilə bilər. Şantajla bağlı məsələlərdə, zəruri hüquqi addımlar atmaqla yanaşı, psixoloji cəhətdən də dözümlülük nümayiş etdirmək lazımdır. Təcrübə göstərir ki, bəzi şəxslər şantajla məşğul olurlar, lakin əllərində olan rüsvayedici məlumatları yayacaq qədər cəsarətli olmurlar. Buna bir çox amillər səbəb ola bilər, misal üçün cinayət məsuliyyətindən qorxurlar, məsələnin ictimailəşəcəyindən qorxurlar, sadəcə şantaj görüntüsü yaradaraq asan yolla pul əldə etməyə çalışırlar və sair. Belə şəxslər öz qurbanlarını qorxuzurlar, amma şantaj etdiyi şəxsdən imtina cavabı aldıqdan sonra bu əməldən əl çəkirlər. Buna görə də, şantaj edən şəxslər qarşısında mümkün qədər acizlik göstərməmək lazımdır. Hər bir halada, şantajla rastlaşan şəxsə psixoloji cəhətdən möhkəm olmaq və şantajla rastlaşdığı təqdirdə hüquqi tədbirlər görülməsi üçün vəkilə müraciət etmək məsləhət görülür".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31