İcbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissədir
“Azərbaycanda son illər çox mühüm islahatlar həyata keçirilir. Əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindəndir”.
24 Yanvar 2017 13:00 SosialZaur Əliyev: "Çünki icbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artıracaq"
"Azərbaycanda son illər çox mühüm islahatlar həyata keçirilir. Əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindəndir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev səsləndirib. O, bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm dövlət proqramları qəbul edilib, tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilib və səhiyyə sahəsində bir çox islahatlar aparılıb: "İcbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissədir. Çünki icbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artıracaq, tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək və səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək.
Hazırda dünya ölkələrində səhiyyə xərcləri artmaqdadır. Hətta inkişaf etmiş ölkələrdə səhiyyədə maliyyə çatışmazlığı müşahidə olunur. Səhiyyə infrastrukturunun saxlanılması, idarə olunması kifayət qədər böyük maliyyə vəsaiti tələb edir. Bildiyiniz kimi, Azərbaycanda səhiyyə xidmətinin maliyyələşdirilməsi əsasən dövlət tərəfindən həyata keçirilir. İcbari tibbi sığorta isə səhiyyənin maliyyələşməsinin yeni formasıdır. Dövlətin səhiyyə ayırdığı vəsaitlərlə yanaşı vətəndaşlardan toplanan sığorta haqları icbari tibbi sığortanın müasir dövrdə daha dayanıqlı və etibarlı maliyyələşmə modeli kimi tətbiq olunmasına səbəb olub". Zaur Əliyev deyib ki, icbari tibbi sığorta sistemində tibb müəssisələri çarpayı sayına görə deyil, xidmət sayına görə maliyyələşdirilir: "Agentlik tibb müəssisələrinə vətəndaşlara göstərilən xidmətlərə əsasən ödəniş edəcəkdir. Bu faktor səhiyyə sahəsi üçün yeni maliyyə imkanları yaradır. Belə ki, daha çox sayda xəstəyə xidmət göstərən tibb müəssisəsinə edilən ödənişlərin məbləği də yüksək olacaq. Eyni zamanda, Agentlik tibbi xidmətin alıcısı olduğundan tibb təhcizatçıları qarşısında tələblər olacaq. Əlbəttə ki, vətəndaşlara yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi və operativlik əsas tələblərdir. Ümumiyyətlə, ölkədə icbari tibbi sığortanın tətbiq olunması vətəndaşlar üçün səhiyyənin əlçatanlığı baxımından mühüm rol oynayacaq. Əlçatanlığın təmin olunması üçün Agentlik kənd tibb məntəqələrinin yenilənməsinə, səhiyyənin maddi-texniki bazasının güclənməsinə dəstək verəcək. Bununla yanaşı pilot ərazilərdəki tibb müəssisələrində baza zərfinə daxil olan tibbi xidmətlər göstərilməzsə, vətəndaşın o xidməti digər müqaviləli müəssisədə almasına şərait yaradacaq. Bu, özəl və ya dövlət tibb müəssisəsi ola bilər. Yəni sığortalı vətəndaş göstəriləcək tibbi xidmətin dəyərinin ödənilməsi baxımdan narahat olmayacaq".