Elçin Hüseynbəyli yazır...Olmuş əhvalatlar seriyasından…
Osmanlılar demiş, olmazmı olur. Olur belə şeylər, olur, dostlar. İnanmırsınız? Onda baməzə dostuma qulaq asın:
23 Yanvar 2017 15:03 SosialOlmuş əhvalatlar seriyasından...
Elçin Hüseynbəyli
Balağanın qonaqlığı
Dostum Şahin Siracoğluna...
Osmanlılar demiş, olmazmı olur. Olur belə şeylər, olur, dostlar. İnanmırsınız? Onda baməzə dostuma qulaq asın:
-Axşama az qalırdı, amma hava hələ də istiydi. "Sahil bağı"nın yanındakı iş yerimdəydim. Cavanlıqda şeir yazmış, indi isə xırda alverlə məşğul olan köhnə dostumuz redaksiyamıza qonaq gəlmişdi və qonşu otaqda oturub Qulaməli müəəllimlə şirin-şirin söhbət edirdi. Hər ikisi bir boyda, bir çəkidə olsalar da (bəstəboydan bir az aşağı), qələmləri arasında böyük fərq vardı. İnsafən Qulaməli müəllim yaxşı şair idi, istedadlıydı...
Çevik telefonum zəng çaldı. Dostum Şahin idi:
-Aqaş (yəni qağa) neynirsən? -deyə xəbər aldı.
-Bekarçılıqdı, -dedim.
-Düş aşağı, gedib çaydan-maydan içək, sərinlənək.
Şahin "çay-may" deyəndə arağı nəzərdə tuturdu. Onun süfrəsində və menyüsündə çaya yer yoxdu.
Qapını bağlayıb, dostlarla sağollaşdım. Bu zaman Balağa ayağa qalxıb təəccüblə:
-Hara!? -deyə soruşdu.
-Dostum gözləyir, bir yerə getməliyik, -dedim.
-Bəs mən?
-Sən də uşaqlarla söhbət elə, sonra görüşərik.
-Canım üçün inciyərəm. Gəlmişəm ki, sizə qonaqlıq verəm.
-Bəs bayaqdan niyə demirdin? Mən də dostuma söz verməzdim. Daha gecdir.
-Dostunu da özünlə götür.
-İnanmıram razılaşa, amma deyərəm.
-Dostum təklifimi eşidəndə:
-Aqaş, şair nə qonaqlıq verəcək. Gəl gedək öz məhləmizdə başımızı açaq.
-Yaxşı deyil, -dedim, -inciyər, özü də çox həvəslidir.
Nəsə. Razılaşdıq. Bir azdan Balağayla Qulaməli müəllim də aşağı düşdü.
Qulaməli müəllimin təklifiylə bulvara düşdük, dedi ki, sinif yoldaşları rayona gedir və onlardan evə nəsə göndərəcək.
"Sahil bağı"nı keçəndə tanışlar qarşımıza çıxdılar. Balağa onları dilə tutdu ki, bizə qoşulsunlar, bəs qonaqlıq verəcək. Amma tanışlar boyun qaçırdılar. Görünür, onları da Balağa kimi birisi qonaq çağırmışdı.
Bulvara gəldik. Orda Qulaməli müəllimin dostları çay içirdilər. Balağa onlardan da yapışdı ki, bəs bizə qonaqlıq verir və lütfən, onlar da bizə qoşulsunlar. Amma təklif qəbul edilmədi və biz "Nərimanov" metrosu ətrafındakı tanış kafeyə gəldik.
Yeməyimizi sifariş elədik. Balağanın bu kasıb sifarişi dostum Şahinin ürəyincə olmadı və mızıldanmaqla etirazını bildirdi.
Söhbət zamanı Balağa bizdən köhnə dostları bir-bir xəbər aldı və Qulaməli müəllimin çevik telefonunu alıb onların hamısına bir-bir zəng elədi, uzun uzadı danışdı, dil töküb qonaqlığa dəvət elədi. Qulaəməli müəllim demiş, bir qonaqlığın konturunu xərclədi. İnsafən o, dostları çox ürəkdən qonaq çağırırdı, amma hərə bir bahənə gətirib gəlmirdi.
Nəhayət, haqq-hesab zamanı gəldi. Balağa hesabı eşidəndə ayağa durdu, əlini şəstlə cibinə saldı və istənilən məbləğin onda birini stolun üstünə atdı. Hamımız bir-birimizin üzünə baxdıq. Ən çox da dilxor olan Balağanın qədim-qayım dostu Qulaməli müəllim oldu.
-Bu nədir, - dedi!?
-Üstünü düzəldin, -deyə Balağa xumarlanmış gözlərilə bizə baxdı.
Şahin onun pullarını özünə qaytardı və hesabı ödədi.
Çölə çıxdıq. Şahin məni kənara çəkib narazılıqla bu sözləri dedi:
-Aqaş, dedim axı, şairdən qonaqlıq verən çıxmaz! Təbii, Şahini Balağanın qonaqlığına dəvət elədiyimə görə pərt olmuşdum. Sən demə, zirilti daldaymış...
Balağayla Qulaəməli müəllim qabaqda gedir və mahnı oxuyurdular. Birdən mahnı qəfil kəsildi və Qulaməli müəllim gəlib dedi ki, Balağa Mərdəkana getməlidi və bizdən 20 manat istəyir ki, taksiyə versin...
Bizim bu pulu vermək fikrimiz yoxuydu. Şahin əsəbindən gülməyə başladı və yoldan keçən taksini saxlatdırdı.
-Aqaş, gəl gedək, - dedi.
-Bəs bunlar!?
-Onlar özləri bilər.
Və biz maşına minib aradan çıxdıq.
Səhərisi günü Balağanın aqibətini soruşanda Qulaməli müəllim gülə-gülə bunları danışdı: "Sizdən bir az aralanmışdıq ki, Balağının yadına düşdü ki, qardaşı hardasa buralarda yaşayır. Bir qapını döydük, pəzəvəng birisi qapını
açıb soruşdu ki, nə lazımdır? Mən qorxumdan büzüşdüm və səhv gəldiyimizi dedim, o isə bir də qapıları səhv salmamağı məsləhət gördü.
Növbəti qapını döydük. Qoca bir qadın rus dlində soruşdu ki, nə lazımdır. Balağa qardaşının adını verdi, burda yaşayıb-yaşamadığını soruşdu. Qadın hirslənib dedi ki, bu saat polis çağıracaq.
-Xuliqanı! (yəni dələduzlar)
Növbəti qapını döyəndə içəridə it hördü və ordan qaçası olduq, çünki Balağanın qardaşı it saxlamırdı, ona görə ki, itdən qorxurdu..."
-Sonrası nə oldu? -deyə xəbər aldım.
-Sonrası o oldu ki, mən Balağanı qapıların birinin ağzında qoyub aranı cırdım. O vaxtdan bəri Balağanı görməmişəm.
-Elə görməsən yaxşıdı, -deyə ürəyimdə fikirləşdim.
İndi kim Balağanın qonaqlığından istəyirsə, mən hazır... Narahat olmayın, Şahini də özümlə götürəcəm...
Yanvarın üçüncü ongünlüyü, 2016