Əhalinin sosial rihaf halının yaxşılaşdırılmasına yönəlik addım

Dünyada hökm sürən maliyyə və iqtisadi böhran fonunda əksər inkişaf etmiş ölkələr iş yerlərinin bağlanması, pensiya və müavinətlərin ləğv olunması istiqamətində çalışdığı halda, Azərbaycan hökuməti bunun əksi olaraq yeni-yeni iş yerlərinin yaradılması, əmək haqqı və pensiyaların, müavinətlərin artırılması istiqamətində təqdirəlayiq addımlar atır.

Dünyada hökm sürən maliyyə və iqtisadi böhran fonunda əksər inkişaf etmiş ölkələr iş yerlərinin bağlanması, pensiya və müavinətlərin ləğv olunması istiqamətində çalışdığı halda, Azərbaycan hökuməti bunun əksi olaraq yeni-yeni iş yerlərinin yaradılması, əmək haqqı və pensiyaların, müavinətlərin artırılması istiqamətində təqdirəlayiq addımlar atır. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı sərəncamlar əsasında ölkədə minimum əmək haqqı və pensiyaların artırılması fonunda bunu görmək mümkündür. Məlumat üçün qeyd edək ki, hələ Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı dövlət başçısı bunun anonsunu vermişdi. Nazirlər Kabinetinin iclasında çıxışı zamanı dövlət başçısı minimum əmək haqqı və pensiyaların tezliklə artırılacağını bildirmişdi. Gözlənildiyi kimi Prezident bu dəfə də vədinə sadiq qalaraq ölkədə minimum əmək haqqı və pensiyaların artırılması barədə sərəncam imzaladı. Prezidentin imzaladığı sərəncamlarla bu ildən bütün növ əmək pensiyalarının sığorta hissəsi ötən ilin inflyasiya səviyyəsində indekslərşdiriləcək və minimum aylıq əməkhaqqı 116 manat olacaq. Məlumat üçün bildirək ki, yaşa və əlilliyə görə əmək pensiyası 3 hissədən-baza, sığorta və yığım, ailə başçısını itirməyə görə əmək pensiyası isə 2 hissədən-baza və sığorta hissədən ibarətdir. İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, mövcud qanunvericiliyə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların azı 12 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır: "Yeri gəlmişkən onu da qeyd edim ki, pensiya yaşını artırmaq üçün qanunvericilikdə müvafiq dəişikliyi nəzərdə tutan təkliflər artıq Milli Məclisdədir. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 110 manat müəyyən edilib. Bu kateqoriyalı pensiyaçıların aldıqları cəmi məbləğin yerdə qalan hissəsini sığorta və yığım hissəsi tşkil etməlidir. Amma yığım komponenti tam işləmədiyinə görə, hazırda ödənilən pensiya əsasən 2 yerə bölünür: baza (110 manat) və sığorta (yerdə qalan məbləğ). Prezidentin son fərmanı ilə fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının (baza hissəsindən çox olan məbləğlərin) 12,4 faiz artımla indeksləşdirilməsi həyata keçiriləcək. Çünki, rəsmi məlumatlara görə, 2016-cı ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilə nisbətən 12,4 faiz artıb. Bu isə o deməkdir ki, əgər pensiyası baza və sığorta hissəsindən ibarət olan 1 təqaüdçü 150 manat pensiya alırsa, ondan 110 manat çıxılacaq və yerdə qalan 40 manat sığorta hissəsinə isə 12,4 faiz, yəni 4 manat 96 qəpik indeksləşdirmə tətbiq ediləcək. Beləliklə də bu ildən təqaüdçü 154 manat 96 qəpik pensiya alacaq. Bu misal onu göstərir ki, təqaüdün məbləğindən asılı olaraq pensiyalar 5-10 manat diapozonunda indeksləşdirməyə məruz qalacaq". Qubad İbadoğlunun sözlərinə görə, bahalaşan qiymətlərin fonunda bu məbləğ artan xərclərin az bir hissəsini ödəyəcək: "Prezidentin digər sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği bu ildən 11 manat artırılıb, nəticədə 1 aylıq minimum əmək haqqı 116 manat və ya 63 dollar olub. İzahat üçün qeyd edim ki, bir çox dövlətlərin əmək haqqının və gəlirlərinin tənzimlənməsi aləti kimi tətbiq etdiyi minimum əmək haqqı norması əhaliyə ödənilən əmək haqqının ən aşağı səviyyəsini müəyyən edir. Adətən bu səviyyənin müəyyən olunması üçün minimum əmək haqqı minimum istehlak büdcəsi ilə əlaqələndirilir. Beləlliklə də minimum əmək haqqı işçinin yalnız fizioloji tələbatını ödəməyə yönəldilir, bu isə o deməkdir ki, hətta yaşayış minimumu əsasında hesablanan minimum əmək haqqı işçini əsassız olaraq ödənilən aşağı əmək haqqından qorumalı və onun normal təkrar istehsalını təmin etməlidir. Bu isə haqlı olaraq sual doğurur". İqtisadçı deyir ki, minimum əmək haqqının səviyyəsi yaşayış minimumunun dəyərindən, o da ilk növbədə minimum istehlak səbətinin tərkibinə daxil olan məhsul və xidmətlərin istehlak normaları və qiymətlərindən asılıdır: "Hələ ötən ilin oktyabr ayına olan qiymətlər əsasında aparılmış müstəqil ekspertlərin hesablamaları göstərirdi ki, yaşayış minimunun dəyəri əmək qabiliyyətli əhali üçün 253,4 manat, pensiyaçılar üçün 200 manat, uşaqlar üçün 259,9 manatdır. Halbuki, 2017-ci il yanvarın 1-dən yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində təyin edilib".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31