Muzeydə Əbülfət Talışinskiyə aid eksponat
20 Yanvar 2017 07:48 SosialMilli Azərbaycan Tarixi Muzeyi müxtəlif tarixi dövrləri əhatə edən maddi mədəniyyət nümunələri ilə zəngindi.Muzeydən "Olaylar" - a verilən məlumata görə belə materiallardan biri Muzeyin zəngin fondlarından olan Sənədli Mənbələr fondunda saxlanılan Əbülfət (Ağaxan) Talışinskinin 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunması haqqında şəhadətnaməsidi. Azərbaycan səhiyyəsinin təşkilatçılarından biri, tibb elmləri doktoru, professor Əbülfət (Ağaxan) Talışinski (1885-1949) 1915-ci ildə Kiyev Dövlət Universitetinin tibb fakültəsini bitirmiş, I Dünya Müharibəsi zamanı hərbi həkim kimi fəaliyyət göstərmişdir. O, 1917-ci ildən Bakıda, Qara şəhər xəstəxanasında həkim işləmiş, 1920-ci ildən Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdu.
Əbülfət (Ağaxan) Talışinskiyə məxsus şəhadətnamənin bərpaya ehtiyacı olduğu üçün Muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı Firuzə Ağayeva tərəfindən yüksək keyfiyyətlə bərpa edilmişdir. Bərpadan sonra isə Sənədli Mənbələr Fonduna təhvil verilmişdi. Milli Azərbaycan Tarixi Muzeyində zəngin mədəniyyətimizi özündə təcəssüm etdirən eksponatları qorumaq, bərpa və konservasiya etmək, gələcək nəsillərə ötürmək missiyası layiqincə həyata keçirilir və mütəmadi olaraq davam etdirilir.