İstiqlal Muzeyində “Keçmişi unutmayaq” adlı tədbir keçirildi
20 Yanvar 2017 07:25 SosialÖtən gün İstiqlal Muzeyinin ekspozisiya zalında Qanlı Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə "Keçmişi unutmayaq" adlı tədbir keçirildi. Muzeydən "Olaylar" - a verilən məlumata görə anım mərasimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, "Maarifçilik akademiyası" və İstiqlal Muzeyi ilə birgə təşkil olunub.
Muzeyin ekspozisiya zalında İncəsənət Kolleci tələbələrinin, həmçinin yaşlı nəsil rəssamların 20 Yanvar faciəsinə həsr olunan 40-a yaxın əsəri sərgilənirdi.
Azərbaycanının Dövlət himni ifa olunduqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Muzeyin direktoru Fəridə Şəms çıxış edərək 20 Yanvar hadisəsinin xalqın qəlbində əbədi bir nisgilə çevrilməsindən danışdı. Qeyd etdi ki, o müdhiş gecə Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı, ümumiyyətlə, insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutuldu. Bu kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov bildirdi ki, xalqımızın qürur mücəssəməsinə çevrilən 20 Yanvar hadisələri milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu.
20 Yanvar veteranı Əsəd Əsədzadə, şəhid Ələsgər Qayıbovun qohumu Salman Murğuzlu və başqaları çıxış edərək faciənin Azərbaycan xalqına gətirdiyi ağrı-acılardan danışdılar. Qeyd olundu ki, Azərbaycanın istiqlal tarixi çox faciələr görüb. Lakin 20 Yanvar hadisələri insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi tarixə yazıldı. Bu, keçmiş sovet rəhbərliyinin öz müstəmləkəsində olan bir xalqa qarşı keçirdiyi amansız terror aktı idi. İllər keçdikcə xalqımız 20 Yanvar faciəsinin əsl mahiyyətini daha aydın dərk edir.
Çıxışlardan sonra Respublika Uşaq Yaradıcılıq Mərkəzinin iştirakçıları tərəfindən hazırlanan kompozisiya nümayiş olundu.
Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin, "Maarifçilik akademiyası"nın tələbələri, rəssamlar, "İdrak" liseyinin şagirdləri, Hərbi Dəniz Qüvvələrinin və Milli Qvardiyanın əsgərləri iştirak edirdi.