Vergilər Nazirliyində 20 yanvarla bağlı anma mərasimi keçirilib
Vergilər Nazirliyində 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Tədbir açıq elan edildikdən sonra, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Olaylar” xəbər verir ki, mərasimdə çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi, filologiya elmləri doktoru, professor Cəlal Qasımov bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşayıb.
19 Yanvar 2017 19:04 SosialVergilər Nazirliyində 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Tədbir açıq elan edildikdən sonra, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Olaylar" xəbər verir ki, mərasimdə çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi, filologiya elmləri doktoru, professor Cəlal Qasımov bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşayıb. Sovet imperiyası rəhbərliyinin qabaqcadan düşünülüb hazırlanmış bu təcavuzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq və ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb. Törədilmiş cinayətlər nəticəsində 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib. Qeyd olunub ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtmasından sonra verilib, faciənin günahkarlarının adları açıqlanıb. Onun tövsiyəsi ilə 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası keçirilib. Həmin iclasda 20 yanvar faciəsi Azərbaycan xalqına qarşı hərbi təcavuz və cinayət kimi qiymətləndirilib və bu hadisələrə görə məsuliyyətin o dövrdəki respublika rəhbərliyinin üzərinə düşdüyü qeyd olunub. Ulu öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutub, onun göstərişi və bilavasitə iştirakı ilə Şəhidlər Xiyabanında onların adlarını əbədiləşdirən möhtəşəm abidə kompleksi ucaldılıb, 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 147 nəfərə "20 Yanvar şəhidi" fəxri adı verilib.