Özəlləşdirmə portalının istifadəçilərinin sayı artıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçən ilin avqustunda istifadəyə verilən özəlləşdirmə portalından (privatization.az) istifadə edənlərin sayı artıq 390 mini ötüb. Son 1 ay ərzində isə bu rəqəm 70 minə yaxın olub ki, bu da digər aylarla müqayisədə yüksək göstərici olaraq qeydə alınıb. Komitədən “Olaylar”a verilən məlumata görə, statistikaya əsasən məlum olur ki, istifadəçilər tərəfindən ən çox oxunan və ziyarətçi sayı yüksək olan bölmə məhz hərraclar bölməsidir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçən ilin avqustunda istifadəyə verilən özəlləşdirmə portalından (privatization.az) istifadə edənlərin sayı artıq 390 mini ötüb. Son 1 ay ərzində isə bu rəqəm 70 minə yaxın olub ki, bu da digər aylarla müqayisədə yüksək göstərici olaraq qeydə alınıb. Komitədən "Olaylar"a verilən məlumata görə, statistikaya əsasən məlum olur ki, istifadəçilər tərəfindən ən çox oxunan və ziyarətçi sayı yüksək olan bölmə məhz hərraclar bölməsidir. Azərbaycan istifadəçiləri ilə yanaşı Türkiyə, Rusiya, ABŞ, Fransadan da portalı izləyənlərin sayı kifayət qədərdir. Bu da onu göstərir ki, özəlləşdirmə prosesi xarici investorlar üçün də maraqlıdır. Açıq hərraclar vasitəsilə özəlləşdirməyə çıxarılan hər bir səhmdar cəmiyyəti, kiçik dövlət müəssisəsi və nəqliyyat vasitəsi barədə məlumatlar, eləcə də hərrac elanları məhz bu portalda əks olunur. Portal ziyarətçilərin istifadəsi baxımından çox rahat dizayna malikdir. Ziyarətçilər portaldan istifadə edərkən Azərbaycan, ölkədə biznes mühiti, özəlləşdirmənin qanunvericilik bazası, özəlləşdirməyə açıq elan edilmiş müəssisələr barədə çevik məlumat ala bilir. İnvestorlar üçün faydalı informasiyalar, statistik göstəricilər, özəlləşdirmə sahəsində baş verən son xəbərlər və bu prosesə dair rəylər ayrı-ayrılıqda mövcud olan linklər vasitəsi ilə çatdırılır. Özəlləşdirmə portalı (privatization.az) sayəsində hərraclarda iştirak maksimum rahat və operativdir. Belə ki, istənilən fiziki və hüquqi şəxs vaxt itkisi olmadan, portal üzərindən əmlak haqqında məlumatları oxuyub, fotolara baxdıqdan sonra sifariş verməklə hərraclara qatıla bilər. Hərraca çıxarılan əmlaklar haqqında məlumat "Hərraclar" bölməsində yerləşdirilir. Hərraclar keçirildikdən sonra isə hərracın nəticələri "Nəticələr" bölməsinə əlavə edilir. Hərraca çıxarılan əmlaklar, hərracın nəticələri, keçiriləcək hərraclar haqqında ən son məlumatlar, xəbərlər isə portalın "Son xəbərlər" bölməsində ziyarətçilərin istifadəsinə verilir. Hərracların video yazıları portalın "şəkillər və video çarxlar" bölməsində əks olunur. Keçirilmiş hərracların görüntülərinə həmin bölmədən baxmaq olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31