M.Ə.Sabirin kitabları və ona aid olan digər sənədlər rəqəmsallaşdırıldı
AMEA Mərkəzi Elmi Kitabxanasının və M.Ə.Sabir Fondunun birgə təşkilatçılığı ilə “Mərkəzi Elmi Kitabxana: rəqəmsal bələdçilərlə milli yaddaşa” mövzusunda tədbir keçirilib.
18 Yanvar 2017 17:34 SosialAMEA Mərkəzi Elmi Kitabxanasının və M.Ə.Sabir Fondunun birgə təşkilatçılığı ilə "Mərkəzi Elmi Kitabxana: rəqəmsal bələdçilərlə milli yaddaşa" mövzusunda tədbir keçirilib.
Kitabxanadan "Olaylar" - a verilən məlumata görə tədbirdə Mirzə Ələkbər Sabirin 155 illiyi münasibətilə şairin Mərkəzi Elmi Kitabxanada (MEK) və ev muzeyində olan sənədlərin Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsinin, M.Ə. Sabir Fondu tərəfindən hazırlanmış "MEK-in virtual bələdçisi"nin, o cümlədən MEK-in ictimaiyyətlə əlaqələrinin və hər iki qurumun əməkdaşlığının təqdimatı olub.
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova çıxışına MEK-in 2016-cı ildə əldə etdiyi uğurları iştirakçıların diqqətinə çatdırmaqla başlayıb. Vahid İdarəetmə Sistemi hazırlandı və onun tətbiqinə başlanıldı, MRY layihəsi işlək vəziyyətə gətirildi, Vikipediyaya məqalələrin daxil edilməsi üçün AMEA qurumlarına və kənar təşkilatlara sistemli təlimlər keçildi, Azərbaycanda 17 ən qədim kitab aşkarlanaraq mütəxəssislərin ixtiyarına verildi, Qanunvericiliyə, o cümlədən "Nəşriyyat haqqında Qanun"a islahat yönümlü təkliflər verildi, ilk dəfə elektron resursların istifadəsinə icazə verən müəllif hüquqları müqaviləsi tətbiq edildi.
Daha sonra çıxış edən MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü qeyd edib ki, M.Ə. Sabirin 155 illiyi münasibətilə kitabxananın bir sıra işlər görməsi, Fond tərəfindən hazırlanmış "MEK-in virtual bələdçisi"nin və ictimaiyyətlə əlaqələrinin təqdimatının bir yerdə keçirilməsi bir-birinə bağlı olan məqamlardı.
MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova Sabir Fondunun əməkdaşı Nurlan Tahirlinin hazırladığı "MEK-in virtual bələdçisi"ni təqdim edib. A.Səfərova "Virtual bələdçi"nin vasitəsilə tədbir iştirakçılarını kitabxana binasının bütün mərtəbələri ilə - oxu zalları və onların istirahət otaqları, sərgi salonu, akademiklər zalı, konfrans zalları, o cümlədən, sənədlərin qorunduğu saxlanclarla, yardımçı fondlarla ətraflı şəkildə tanış edib. Sonda, çıxış edən Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli kitabxana ilə ilk tanışlığında Fondun MEK-lə harmonik əməkdaşlığının vacib olduğu qənaətinə gəldiyini vurğulayıb. O, M.Ə.Sabirin 155 illiyi ərəfəsində ədibin kitablarının və ona aid olan digər sənədlərin rəqəmsallaşdırılaraq oxuculara hədiyyə edilməsinə diqqət çəkib.