Məktəblərdə sağlamlıq təbliğ olunur
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə təşkil olunmuş “Sağlamlığı təşviq edən Məktəblər” mövzusunda ikigünlük seminar keçirilib. Tədbirdə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ÜST, UNFPA, UNİCEF, Qızıl Aypara Cəmiyyəti və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
18 Yanvar 2017 15:19 SosialSəhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə təşkil olunmuş "Sağlamlığı təşviq edən Məktəblər" mövzusunda ikigünlük seminar keçirilib. Tədbirdə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ÜST, UNFPA, UNİCEF, Qızıl Aypara Cəmiyyəti və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
ÜST tərəfindən dəstəklənən "Sağlamlığı təşviq edən Məktəblər" (School Health Education) şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilib. Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına kömək etməkdi. "Sağlamlığı təşviq edən Məktəblər" şəbəkəsinin fəaliyyət və proqramları uzun müddət ərzində sistemli şəkildə Avropada və digər ölkələrdə həyata keçirilir və artıq özünün müsbət təsdiqini tapmışdır. Hazırkı seminar sözügedən şəbəkənin sağlam həyat tərzinin təbliği ilə bağlı təcrübə və tövsiyələrindən Azərbaycanın məktəblərində də istifadə edilməsi üçün təşkil olunub.
ÜST-nin Avropa Regional Bürosundan xüsusi olaraq dəvət olunmuş ekspertlərin iştirakı ilə keçirilən 2 günlük seminarın əsas məqsədi Azərbaycanda məktəb yaşlı uşaqların sağlamlığı və rifahının yaxşılaşdırılması üçün əsas imkanların müəyyən edilməsi, məktəblərdə sağlamlıq (səhiyyə) xidmətlərinin təşkili ilə əlaqədar mövcud strategiya və proqramların nəzərdən keçirilməsi, səhiyyə xidmətləri üçün mövcud ÜST standartları ilə tanışlıq və bu xidmətlər üzrə Azərbaycan üçün irəliyə doğru yolun müəyyən edilməsidi.
Seminarın ilk günü iştirakçılarla tanışlıq, məqsədlər, gözlənilən nəticələr, Avropada "Sağlamlığı təşviq edən Məktəblər" şəbəkəsinin təcrübələri, Azərbaycanda məktəblərdə uşaqların sağlamlıq vəziyyəti, cari vəziyyətin təhlili, məktəblərdə sağlam həyat tərzinin təşviqi, uşaqlarda sağlam davranışlarının necə inkişaf etdirilməsi, məktəbdəki rifahın onların gələcək həyatlarına təsiri kimi məsələlər müzakirə mövzusu oldu. İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin rəsmisi tədbir iştirakçılarının diqqətini məktəb yaşlı uşaqlara hədəflənən və müxtəlif aspektlərdən İSİM tərəfindən aparılan tədqiqatlara yönəltdi.
Daha sonra dəvət olunmuş ekspertlərin yerli məktəblərdə sağlamlığın qorunması üzrə mövcud vəziyyətlə tanışlıq üçün 17 yanvar 2017-ci il tarixdə Bakı şəhərinin iki məktəbinə ziyarəti baş tutdu. Bundan sonra seminarın işi davam etdirildi və yekunda iştirakçılar tərəfindən məktəblərdə sağlamlığın təşviqi üzrə yanaşmanın Azərbaycanda tətbiqi ilə bağlı təkliflər hazırlandı.