Dövlət Gömrük Komitəsinə yeni avadanlıqlar təqdim olunub
Yanvarın 18-də Bakı Baş Gömrük İdarəsində Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən Dövlət Gömrük Komitəsinə sərhədkeçmə prosesində sanitar və fitosanitar nəzarətinə düşən malların müayinə edilməsi məqsədilə yeni avadanlıqlar təqdim olunub.
18 Yanvar 2017 15:15 SosialYanvarın 18-də Bakı Baş Gömrük İdarəsində Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən Dövlət Gömrük Komitəsinə sərhədkeçmə prosesində sanitar və fitosanitar nəzarətinə düşən malların müayinə edilməsi məqsədilə yeni avadanlıqlar təqdim olunub. DGK-dan "Olaylar"a verilən məlumata görə, təqdimat mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İsakzai, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard və digər rəsmi şəxslər ştirak edib. Yeni avadanlıqlar Dövlət Gömrük Komitəsinə "Azərbaycan və Gürcüstan arasında "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində təqdim edilib. Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycan Gömrük Xidmətinin 25 illik fəaliyyətindən bəhs edib, gömrük xidmətinin təşkili sahəsində görülən işlər, gömrük orqanlarının nailiyyətləri və son illər gömrük sahəsində aparılan mütərəqqi islahatlar barədə məlumat verib. Gömrük orqanlarının 25 illik yubileyi münasibətilə təbriklərini çatdıran BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İsakzai, ötən müddət ərzində Azərbaycan Gömrük Xidmətinin mühüm nailiyyətlər əldə etdiyini, bu uğurların Azərbaycan Prezidentinin rəhbərliyi altında aparılan səmərəli fəaliyyətin nəticəsi olduğunu bildirib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard da təbriklərini çatdıraraq təmsil etdiyi qurumla Azərbaycan Gömrük Xidməti arasında səmərəli əlaqələrin qurulduğunu bildirib və bu əlaqələrin gələcəkdə də faydalı əməkdaşlıq şəraitində davam etdiriləcəyinə əminliyini ifadə edib.