Tarixi Muzeyində 20 yanvar faciəsi
Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində “20 yanvar – Ümumxalq hüzn günü”nə həsr olunmuş "20 yanvar – fəxrlə andığımız gün" adlı tədbir keçirilib. Qanlı yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Şəhid ailələrinə sosial dəstək ictimai birliyi ilə birgə təşkil olunub.
18 Yanvar 2017 14:11 SosialBu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində "20 yanvar - Ümumxalq hüzn günü"nə həsr olunmuş "20 yanvar - fəxrlə andığımız gün" adlı tədbir keçirilib. Qanlı yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Şəhid ailələrinə sosial dəstək ictimai birliyi ilə birgə təşkil olunub.
Tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq, bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verib.Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Nailə xanım çıxışının sonunda bu faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayət olduğunu vurğuladı.
Tədbirdə iştirak edən Azərbaycan Respblikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri professor İsaxan Vəliyev öz çıxışında bildirdi ki, 1990-cı il yanvar ayının 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi
Sonra anım mərasimində 20 yanvar hadisələrinin şahidi olan Əlizadə Elşən faciə ilə bağlı xatirələrini bölüşdü.
Azərbaycan Respublikası "Qadın və İnkişaf" Mərkəzinin vitse-prezidenti, bu mərkəzin Suraxanı rayon bölməsinin sədri, 20 yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova çıxış etdi. O müəllifi olduğu "20 dən 20-yə" adlı kitabını Muzeyə təqdim etdi.
Tədbirdə həmçinin qeyd olunub ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verilib, faciənin günahkarlarının adları açıqlanıb. Ulu öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutub, onun göstərişi və bilavasitə iştirakı ilə Şəhidlər Xiyabanında onların adlarını əbədiləşdirən möhtəşəm abidə kompleksi ucaldılıb.