Baş aldatmağın acı nəticəsi

“Dünyada körpə qığıltısından təntənəli himn yoxdu”(Viktor Hüqo). Bu, doğrudan da belədi. Həmin himn sona qədər ifa olunanda ailənin bütövlüyü, əxlaqı, cəmiyyət üçün yararlılığı daha da qabarıq görünür. Bəzən də müxtəlif səbəblərdən himn yarıda kəsilir.

"Dünyada körpə qığıltısından təntənəli himn yoxdu"(Viktor Hüqo). Bu, doğrudan da belədi. Həmin himn sona qədər ifa olunanda ailənin bütövlüyü, əxlaqı, cəmiyyət üçün yararlılığı daha da qabarıq görünür. Bəzən də müxtəlif səbəblərdən himn yarıda kəsilir.

Ana və uşaq ölümləri, yaxud da ailədə uşağın düzgün tərbiyə olunmaması, valideyn - övlad münasibətlərindəki naqisliklər ailə institutunda çat yaradır. Və bu çat uşaqda psixoloji pozuntunun yaranmasına səbəb olur.

Bu günlərdə cəmiyyətdə və ictimaiyyətdə böyük rezonans yaradan 10 yaşlı Nurayın faciəsi (bəli, məhz faciəsi) sübut etdi ki, Azərbaycanda bəzi ailələrdə övladın dəyəri düzgün anlaşılmır. Övlad tərbiyə etmək, onu şəxsiyyət kimi yetişdirmək üçün valideyn məsuliyyəti, valideyn borcu deyilən müqəddəc amal bir çox ailələrdə ya başdansovdu yerinə yetirilir, ya da kökündən yanlış istiqamətə yönəlir.

Hər kəs Qubada keçirilən məhkəmədən sonra Nurayın atasının, xalasının, məhkəmə icraçılarının uşaqla bağlı davranışlarını, tərəflərin nümayişkaranə surətdə özlərini haqlı çıxarmağa cəhd etdiklərini gördü. Müxtəlif fikirlər səsləndi. Kimi atanı haqlı saydı, kimi xalanın hərəkətlərini tərqdir etdi, kimi məhkəmə icraçılarını suçladı, kimi də onların qanunun yol verdiyi dərəcədə işlərini gördüyünü söylədi. Həmin prosesin geniş təfərrüatına varmadan deyim ki, bu məsələdə bütün tərəflər həm haqlı, həm də haqsızdırlar. Yeganə haqlı və günahsız olan isə Nuraydı.

Nuray ana sevgisi görməyib, ata məhəbbətindən məhrumdu. Ağlı kəsəndən xalanın ona olan duyğularına köklənib. Onu nə mülk, nə anadan qalan pensiya, nə də başqa sərvət maraqlandırmır. İçindəki kövrək duyğuların gündən-günə böyüdüyünün fərqinə varmadan sadəcə uşaqlığını yaşayır. Böyüklər isə onun daxili dünyasında nələr baş verdiyindən xəbərsiz öz ambisiyalarını ortaya qoymaq istəyirlər. Nəticə göz qabağındadı. Bir uşaq dünyasına kölgə düşdü. Bir uşaq dünyasının işığı azaldı. Çox pis haldı...

Azərbaycanda Nuray kimi yüzlərlə, minlərlə uşaq, elə o qədər də doktor ata, ana əvəzi xala, bibi var. Uşaq dünyaya gələndə valideynlərin kimliyini seçmir. Valideynin borcudur ki, doğulan körpəsinə bütün varlığı ilə bağlansın, sevgisini, məhəbbətini versin. Ananın südü və atanın qanı ilə keçən genetik xüsisiyyətlər zaman ötdükcə mühitdə formalaşır - ya pis, ya da yaxşı tərəfə. Valideynin borcudur ki, övladını düzgün tərəfə yönləndirsin. Əks halda ortaya çıxacaq faciədə övladdan çox valideyn zərbə alır.

Sirr deyl ki, bizim ailələrdə övladlara fərqli münasibət sərgilənir. Kimi övladlarına ali təhsil vermək istəyir, kimi də təhsilə önəm vermir, sadəcə yaxşı insan kimi yetişdirmək üçün dəridən - qabıqdan çıxır. Elələri də var ki, dünyaya gətirdikləri övladlarına hansı yolla olur-olsun çoxlu pul qazanmağın yollarını öyrədir. Övladlarına orta və ali məktəbdə qazandığı biliklərdən həyata

vəsiqə almaq üçün dünyaya açılan pəncərədən boylanmağa imkan verməyən valideynlər də yox deyil. Cəmiyyətdə bir hal da mövcuddur: övladını fiziki təzyiqlərə məruz qoyaraq guya nümunəvi tərbiyə etdiyini nümayiş etdirir. Belə valideynlə övlad arasındakı münasibətlər heç vaxt doğru-dürüst olmur. Hətta valideyn ona irad tutan qohumuna, dostuna "övlad mənimdir, özüm bilərəm" sözləri ilə tərpki verir. Bu valideynin tərbiyə verib ortaya çıxardığı oğlan, ya da qız bir çox hallarda cəmiyyətin aşağı pilləsində, yaxud da alt qatındakı yaramazlıqların birbaşa iştirakçısına çevrilir.

Ata-babalarımız, eləcə də ana-nənələrimiz övlad tərbiyəsində, uşaqları ilə qurduqları münasibətlərində mental dəyərlərə söykəniblər. O zamanlar ata-oğul, ana-qız münasibətlərində həmişə abır-həya pərdəsi olub. Ata evdə, bayırda özünü elə aparıb ki, davranışları oğul övladı üçün bir nümunə olsun. Eləcə də analar qızlarına tərbiyə verəndə əxlaq nümunəsi, qadınlıq ləyaqəti sərgiləyiblər. Ailələrdə hərənin öz yeri olub - böyüyün böyük, kiçiyin kişik. Ata evdə Allah ucalığında dayanıb. Onun sözü ailədə qanun sayılıb. Bu, ona görə belə idi ki, ailə başçısı kimi ata üzərinə düşən məsuliyyətin çəkisini bilib. Övladlar valideyn sevgisinin təzahürü kimi aldıqları tərbiyəni nəsildən nəsilə ötürməyi əxz ediblər.

Deyirlər ki, uşaq evin güzgüsüdü. Güzgüyə hansı formada baxsan elə də görünəcəksən. Bəzən özünü güzgüdə əyri görən valideyn onu sındırır. Naqis tərbiyə verdiyi uşaq əyri yollara düşəndə məhz övladını günahkar sayır. Müxtəlif bəhanələrlə yaxasını kənara çəkir. Düşünmür ki, valideyn övlad münasibətini düzgün tənzimləməyib. Övladı ilə bağlı hansısa məqamda səhv etdiyini görmək istəmir. Bir çox hallarda isə ətraf mühiti günahkar sayaraq yaxasını kənara çəkir.

Avropada, Rusiyada, lap elə qardaş Türkiyədə uşağın yeri, övladın övladlıq məqamı çox ucada tutulur. Valideynlər övladlarını ən yüksək əxlaq sahibi kimi yetişdirməkdən ötrü ar güclərini sərf edirlər. Bunun üçün uşağın hər yaş dövrünə uyğun təhsili, təhsildənkənar məşğuliyyəti, ailədəki rolu, ətraf mühitlə qura biləcək münasibəti, davranışı önə çəkilir. Amma Azərbaycanda çox ailələrdə uşaqlar Allahın ümidinə buraxılır, valideyn onun necə böyüdüyündən, hansı yollara düşdüyündən belə gec xəbər tutur. Belələri uşağının tərbiyəsi ilə məşğul olmamaqlarının səbəbini problemlərin mövcudluğu ilə əlaqələndirirlər. Amma bilmək istəmirlər ki, sadaladıqları məişət problemlərinin həllinə sərf etdikləri gücləri uşağının gündəlik həyatında, lap elə sonrakı taleyində bir yük kimi bir ömür onun çiynində gəzir.

Bəzən də valideynlər ayrılanda uşağın hüququnu, haqqını nəzərə almırlar, onu hikkələrinə qurban verirlər. Şəxsi həyatları, bir-birinə olan nifrətləri fonunda övladlarının ağır travma aldıqlarını görə bilmirlər. Məhz bu korluq uşağı cəmiyyətin qaranlığına yuvarlayır. Nurayın timsalında bunu gördük...

Uşaqsız ailə suyu qurumuş dəyirmana bənzəyir. İnsanlar var ki, illərlə uşaq gözləyirlər, evdə körpə qığıltısına həsrətdirlər. Elə ailələr də var ki, evdə 4-5 uşaq böyüyür. Amma necə böyüyürlər, hansı tərbiyəni alırlar? Ziyalı, əxlaqlı ailənin övladlara öz valideynlərində gördükləri

yaxşı nə varsa götürürlər. Çünki valideynlər onları ən ali dəyərləri mənimsəməyə yönləndirirlər. Amma ailə də var ki, evin yeganə övladı olan oğlan, ya da qız tərbiyəsiz hərəkətləri ilə qonşuda, qohumda və məktəbdə pis nümunə kimi göstərilir. Bunun da kökündə o durur ki, valideyn övladına əziz-xələf kimi baxır, bütün istəklərini sözssüz yerinə yetirirlər.

Müasir ailələrdə valideyn-övlad münasibətlərinin düzgün tənzimlənməməsinin əsas səbəbi mental dəyərlərin tapdalanması, ata-baba tərbiyəsinin unudulmasıdı. Bu dəyərin ən başlıca üstünlüyü ananın oğulu evin ikinci kişisi sayması, eyni zamanda ata ilə qızın arasındakı pərdə olub. Ata qızına əl qaldırmayıb, hətta sözünü-söhbətini həyat yoldaşı vasitəsi ilə çatdırıb. Nalayiq söhbətlər, kobud hərəkətlər ailə daxilində baş verməyib. 80-100 il əvvəlin oxumaq-yazmaq bilməyən savadsız valideynləri bu günün oxumuşları ilə müqayisədə övlad tərbiyəsində daha diqqətli olublar. O dövrün övladları valideynlərinə "sən kimsən, mən sərbəst adamam, özüm bilərəm neyniyirəm", eləcə də ata-ana "səni dünyaya mən gətirmişəm, haqqımı halal etmirəm" kimi hökmlər verməyiblər.

Bu gün valideyn - övlad münasibətlərinin keçmişdən gələn ən gözəl etiketləri görünmür, bir çox ailələrdə münasibətlər çərçivədən çıxıb. Arada yaranan xoşagəlməz gərginlik ildən-ilə çoxalır. Çünki valideyn övladına qarşı hörmətsiz davranır. Ata-anasından diqqət örməyən, qayğı hiss etməyən uşaq özünü itirir, yerini müəyyənləşdirə bilmir, çevrəsi ilə ünsiyyət qurmağın yollarını axtarmaq həvəsinə belə düşmür. Nə yazıq ki, Azərbaycan ailələrində bu tendensiyanı aradan qaldırmağın yolları hələ ki, cəmiyyətdə problem olaraq qalır.

Övladı maddi cəhətdən təmin etmək valideynlik missiyasının tamlığına dəlalət etmir. Gənc analar körpəsinə oyuncaq telefon alaraq "sus, işim var, mane olma, əlindəki telefona bax" deyərək başını aldadır. Yaxud da məktəbli uşağına ən son model telefon alıb ona uzaqdan-uzağa nəzarət etməklə vəzifəsini bitmiş sayır. Halbuki belə şeylərlə uşağı susdurmaq olmaz. Uşağın halal haqqını, yəni ana sevgisini, ata məhəbbətini əsirgəmək haqsızlıq, vicdansızlıqdı. Maddi cəhətdən övladını hər şeylə təmin etmək sevgidənmi irəli gəlir? Bir çox hallarda yox. Çünki müxtəlif səbəblərdən (bura iş həyatı, əxlaq normaları, məişət qayğıları daxildir) övladına vaxt ayırmayan valideynin sevgisi də yetərli olmur. Bu, sadəcə bir öhdəlik kimi görünür.

Ona görə də sonda bir çətinliyə düşən yeniyetmə uşaq ona ilk əl uzada biləcək valideyninə yox, başqasına müraciət etməli olur. Valideyndən özünə qarşı gördüyü diqqətsizlik, yaxud da qorxu hissi onun bu addımı atmasının səbəbidi. Müraciət etdiyi insanlar isə bəzən uşqğın çıxılmaz vəziyyətindən istifadə edərək onu daha da yanlış yollara yönləndirir ki, nəticədə həyatı alkoqolizmə, narkomaniyaya, əxlaqsızlığa, yaxud da cinayətə gedən yollarda məhv olur. Valideyn-övlad münasibətinin əvvəldən düzgün qurulmaması öz dağıdıcı təsirini bu cür göstərir. Uşağın şəxsiyyətinin formalaşdığı bir dönəm var ki, valideynlərin çoxu o zaman lal, kar və kor olurlar. Halbuki qızın ən yaxın rəfiqəsi ana, oğlanın isə ən yaxın dostu atadı. Üstəlik də münasibətlərdə ya tam açıq, ya da tam qapalı olmaq ailədə fikir ayrılığına səbəb olur, məsləhətləşmə deyilən bir ortam yoxa çıxır.

Cəmiyyətin özəyi ailədi, ailənin özəyi isə evdəki övlad-valideyn münasibətindən cücərir. Əgər bu cücərtiyə vaxtlı-vaxtında diqqət göstərilsə, normal qulluq edilsə onun bəhrəsi də şirin olur. Hələ bu vaxta kimi ağız şirinliyindən kimsə zərər görməyib.

Züleyxa NADIR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31