Heyvanlarda epizootik tədbirlərin aparılmasına start verilib
Ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə, ev itləri arasında quduzluq xəstəliyinə, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə serioliji müayinələrin aparılmasına başlanılıb.
13 Yanvar 2017 13:51 SosialÖlkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə, ev itləri arasında quduzluq xəstəliyinə, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə serioliji müayinələrin aparılmasına başlanılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən "Olaylar"a bildirilib ki, Abşeron, Ağdam, Ağstafa, Şəki rayonlarının və Bakı şəhərinin atçılıq təsərrüfatları üçün atların manqo, qrip, rinopnevmoniya xəstəliklərinə qarşı diaqnostiki və profilaktiki tədbirlərə start verilib. Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanların müalicə-profilaktik və epizootik tədbirlərdən kənar qalmaması üçün sahə baytarlıq məntəqələri və baytarlıq idarələrinə müraciət etsinlər, bütün tədbirlər baytar həkiminin iştirakı və nəzarəti altında həyata keçirilsin. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti "Epizootik tədbirlər planı"nda nəzərdə tutulan xəstəliklərin profilaktikası üçün peyvənd, dezinfeksiya, deinseksiya və s. vasitələrlə yerli baytarlıq idarələrini təmin etmiş və lazımi nəzarət tədbirlərini həyata keçirir.