İnsanlara təsir vasitəsi kimi insan taleləri və ailədaxili münasibətlər gündəmə gətirilir
Müasir dövrdə texnikanın sürətlə inkişafı elektronik cihazları həyatımızın bir hissəsinə çevirib. Nəticə olaraq kütləvi informasiya vasitələrinin artması ilə həddindən çox informasiyaya məruz qalırıq. Bunun içində isə bizə lazım olacaqlar çox az hissə təşkil edir. Xüsusilə son vaxtlar kütləvi informasiya vasitələri, əsas etibarilə də televiziyalarla ailədaxili problemlərə həsr edilmiş verilişlərin sayının artması ümumilikdə cəmiyyətə öz mənfi təsirini göstərir. Az qala hər bir televiziya kanalında rast gəldiyimiz bu kimi verilişlər gələcəkdə sağlam nəslin formalaşmasına da neqativ təsir göstərir.
10 Yanvar 2017 15:12 SosialPsixoloq: "Bu ilk öncə ailə başçıları olan ata və anaya, daha sonra isə uşaqlara mənfi təsir edir"
Müasir dövrdə texnikanın sürətlə inkişafı elektronik cihazları həyatımızın bir hissəsinə çevirib. Nəticə olaraq kütləvi informasiya vasitələrinin artması ilə həddindən çox informasiyaya məruz qalırıq. Bunun içində isə bizə lazım olacaqlar çox az hissə təşkil edir. Xüsusilə son vaxtlar kütləvi informasiya vasitələri, əsas etibarilə də televiziyalarla ailədaxili problemlərə həsr edilmiş verilişlərin sayının artması ümumilikdə cəmiyyətə öz mənfi təsirini göstərir. Az qala hər bir televiziya kanalında rast gəldiyimiz bu kimi verilişlər gələcəkdə sağlam nəslin formalaşmasına da neqativ təsir göstərir. Gənc Psixoloqlar İctimai Birliyinin koordinatoru Murad Akifsoy deyir ki, kütləvi informasiya vasitələrinin cəmiyyətə, insanlara, hətta ailəyə belə mənfi və müsbət təsirləri var. Medianın müsbət tərəflərinə gəlincə psixoloq hesab edir ki, həmin vasitələr sayəsində biz asudə vaxtımızı seçdiyimiz proqram və ya filmə baxaraq maraqlı keçirə bilirik: "Eyni zamanda uşaqlar üçün inkişafetdici proqramlar da mövcuddur. Uşaqlarımızın inkişafında bizə yardımçı olur. Gənclərin əsas maraq dairələrindən biri olan futbol qarşılaşmalarını evindən çox rahat şəkildə izləmə imkanı verir. Ancaq bu proqram və xəbərlər çoxluğu onlar arasında rəqabətə səbəb olur. Bu səbəblə insanları daha çox cəlb etmək üçün düşünülmüş addımlar atılır. Bunun da nəticəsində hazırda ölkəmizdə insanlara təsir vasitəsi kimi insan taleləri və ailədaxili münasibətlər gündəmə gətirilməkdədir". Murad Akifsoy deyir ki, bu ilk öncə ailə başçıları olan ata və anaya, daha sonra isə uşaqlara mənfi təsir edir: "Boşanma, ailə daxili krizlər hər bir cəmiyyətdə normal hallar hesab edilir. Boşanma iki insanın birlikdə olan həyatlarını paylaşmaq, davam etdirmək istəmədiklərinin hüquqi və sosial əsasıdır. Bizim cəmiyyətdə bilavasitə KİV- nin səyləri nəticəsində boşanma və ya ailədaxili krizlər faciə və bədbəxtlik fonunda qəbul edilir. Belə olan halda tərəflər bir-birinə qarşı münasıbətlərdə çox aqressiv davranır, uşaqdan bir vasitə olaraq istifadə edirlər. Bu kimi hallarda ruh düşkünlüyünün olması normaldır. Lakin bu insanların bütün həyatlarına təsir etməməlidir. Hər gün izlədiyi televiziya proqramlarında belə halları görən insanlar da hadisələri orada təqdim edildiyi kimi qəbul etməyə başlayır. Beləcə də bu kimi hallara ümumi qınaq formalaşır. Yanaşı olaraq insanlar mediada gördüyü modelləri həyatlarına tətbiq edir, hər hansı yüngül bir stuasiyanı problemə çevirir, prosesi mediada görüb məcburi şəkildə öyrəndiyi yersiz arqumentlərlə izah etməyə çalışırlar. Bununla yanaşı boşanma və intihar hadisələrinin gün ərzində göz önündə olması insanların əhvalına mənfi təsir edir, ruh düşkünlüyü stress yaradır". Psixoloq bildirib ki, mənfi informasiya bolluğundan ən çox əzyiyət çəkənlər də uşaqlardır. Onun sözlərinə görə, uşaqlar görməməli olduqları hadisələri izlədikcə bu kimi hallar onlar üçün adiləşir: "Onlara birbaşa təsir edən proseslərlə yanaşı bu problemləri canlı şəkildə ailədə daha tez-tez şahidi olan uşaqlar ünsiyyətdən qaçmağa başlayır, özünəinamı aşağı düşür, olanlardan özlərini günahkar hesab edirlər. Nəzarətsiz qalan uşağın mənfi istiqamətlərə yönəlməsi daha da asanlaşır. Paralel olaraq həddindən artıq informasiya alan uşaq öz rəngli dünyasında yaşamağa məhrum olur, uşaqlığı yaşamadan böyüklük öyrədilir və nəticədə valideynlərdə gördüyü uşaq modelini öz övladlarından tələb edirlər. Belə məqamda uşağa bir şəxsiyyət kimi deyil, hər hansı bir model kimi baxılır. Nəticə olaraq monoton, öz hiss və fikirlərini ifadə edə bilməyən, özünəinam hissi aşağ olan bir nəsil yetişir. Belə nəslin cəmiyyətə adaptasiyası çox çətin olur, bəziləri isə öz yerlərini tapa bilmirlər". Murad Akifsoy bildirib ki, hər ailə bir cəmiyyət, bir dövlət qurumudur. Hər bir ailənin də özünəməxsus qanunları var: "Yaxşı nəticə verən prosesləri özümüzə tətbiq etmək təqdirə layiq haldır. Ancaq bizə verilən modeli olduğu kimi tətbiq etmək bizi sıradan birinə çevirir. Sıradan bir vətəndaş, sıradan monoton cəmiyyət anlamına gəlir. Bu həm də ailə üzvlərinin şəxsi keyifyyətlərinin diqqətdən kənarda qalması deməkdir. Ona görə də hər ailə öz bilik və bacarıqlarına əsaslanaraq övladlarını tərbiyə etməli, bir-birilə qarşılıqlı münasibətlərdə də içlərindən gəldiyi kimi hisslərinə güvənərək öz şəxsi fikirləri əsasında davranmalı, lazım olduğu hallarda mütəxəssislərə müraciət etmələri məqsədə uyğundur. Unutmayın bu günün sağlam düşüncə ilə böyüyən uşağı sabahın savadlı həkimi. bacarıqlı müəssisə rəhbəri və ən əsası düzgün tərbiyə verə biləcək valideynidir".
Süleyman