Yoxlayıcı orqan sahibkara vurduğu zərərə görə hansı məsuliyyəti daşıyır?
Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi ilə yanaşı, eyni zamanda, bu sahədə yersiz müdaxilələrin aradan qaldırılması və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində mühüm bir addım kimi qiymətləndirilir. Paralel olaraq yeni qanunun qəbulu birmənalı şəkildə iş adamlarına verilən siyasi dəstək kimi qiymətləndirilir.
10 Yanvar 2017 15:04 SosialSahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması son zərurət tədbiri kimi qəbul olunur
Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi ilə yanaşı, eyni zamanda, bu sahədə yersiz müdaxilələrin aradan qaldırılması və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində mühüm bir addım kimi qiymətləndirilir. Paralel olaraq yeni qanunun qəbulu birmənalı şəkildə iş adamlarına verilən siyasi dəstək kimi qiymətləndirilir. Qanunun əsas mahiyyəti sahibkarlıq üzərində adminstrativ təzyiqi azaltmaqdır. Qanunun qəbul olunması dövlət-sahibkar münasibətlərinin müsbət mənada tənzimlənməsində atılan ciddi addım hesab edilə bilər. Eyni zamanda, bu, korrupsiya ilə aparılan mübarizə baxımından da mühüm əhəmiyyət kəsb edir. Mütəxəssislər hesab edirlər ki, adıçəkilən qanunun əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsindən və həmin yoxlamaların aparılması zamanı sahibkarların onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasından ibarətdir. Bu məqsədlə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunda nəzərdə tutulub ki, bu qanunun tələblərinə uyğun olmadan aparılan yoxlamanın heç bir hüquqi qüvvəsi yoxdur. Elə isə, qanunda nəzərdə tutulan yoxlamalar hansı qaydada həyata keçirilir? Qeyd edək ki, qanuna əsasən, hər bir yoxlayıcı orqan tərəfindən rəsmi internet saytında yoxlama zamanı cavab verilməli olan sualların siyahısı dərc edilir. Bu da sahibkarlar tərəfindən onlarla əvvəlcə tanış olmağa şərait yaradır. Hər bir yoxlayıcı orqanda "qaynar telefon xətti" fəaliyyət göstərir. Həmin telefon xətti ilə sahibkarlar onları maraqlandıran suallara cavab ala bilir və o cavablar üç ay müddətində elektron daşıyıcılarda saxlanılır. Xatırlatmaq yerinə düşər ki, sözügedən qanunla yoxlayıcı orqanlar tərəfindən bir-birlərinin səlahiyyətlərinin təkrarlanmasına və eyni predmet üzrə paralel yoxlamalar aparılmasına qadağa qoyulub. Qanunda yoxlamaların plan üzrə və plandankənar formaları nəzərdə tutulur. Burada plandankənar yoxlamaların əsaslarının detallaşdırılması isə bu növ yoxlamaların sayının azaldılmasına xidmət edir. Belə ki, plan üzrə yoxlamanın müddəti iri sahibkarlara münasibətdə 10 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 5 iş günündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 3 iş günündən artıq olmamalıdır. Təbii ki, bu da sahibkarların yoxlamalara sərf etdikləri vaxtın minimuma endirilməsinə öz müsbət təsirini göstərir. Plandankənar (növbədənkənar) yoxlamalar yeni qanuna görə, yoxlayıcı orqanın istəyi ilə yox, məhz qanunun konkret tələb etdiyi hallarda reallaşdırıla bilər. Başqa sözlə, bu cür yoxlamalar yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərar yerinə yetirilmədikdə, sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərarın icra vəziyyətinin yoxlanılmasına ehtiyac yarandıqda və konkret faktlara əsaslanan rəsmi müraciətlər olduqda, habelə sahibkar plandankənar yoxlamanın keçirilməsi barədə yoxlayıcı orqana müraciət etdikdə həyata keçirilir. Onu da qeyd edək ki, yoxlamaların keçirilməsi ilə bağlı hər hansı normativ hüquqi aktın aydın olmayan və ya bir-birinə zidd təşkil edən müddəaları sahibkarın xeyrinə şərh edilməsi tələbi qanunun əsas özəlliklərindən biridir. Qanunda sahibkarların risk qrupları üzrə bölgüsü (yüksək, orta və aşağı riskli) aparılır və məhz bu bölgünün nəticəsindən asılı olaraq yoxlamaların reallaşdırılması tezliyi müəyyən edilir. Yoxlamalar, əsasən, yüksək risk qrupuna aid sahibkarlarda ildə bir dəfədən, orta risk qrupuna aid sahibkarlarda iki ildə bir dəfədən, aşağı risk qrupuna aid sahibkarlarda isə üç ildə bir dəfədən çox olmayaraq aparılır. Yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət sahəsində isə yoxlamalar yüksək risk qrupuna aid sahibkarlara münasibətdə altı ayda bir dəfədən, orta risk qrupuna aid sahibkarlara münasibətdə ildə bir dəfədən, aşağı risk qrupuna aid sahibkarlara münasibətdə isə iki ildə bir dəfədən çox olmayaraq həyata keçirilir. Qanunda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız ən son zərurət tədbiri kimi baxılır. Bundan başqa, yoxlayıcı orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi üçün konkret mexanizmlər göstərilir və burada yoxlayıcı orqanların məsulliyyəti məsələləri öz əksini tapır. Belə ki, qanunda göstərilir ki, istənilən sahibkar yoxlamanın nəticələrindən narazı qaldıqda yuxarı orqanlara və ya məhkəməyə müraciət edə bilər. Yoxlamalar keçirilərkən, yoxlayıcı orqanların qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində sahibkara vurulmuş zərərə görə müvafiq yoxlayıcı orqan mülki, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyır.
Nurlan