Elçin Hüseynbəyli yazır... Dostumun itməkliyi...

90-cı illərin əvvəlləriydi. Hamının alverə qurşanan vaxtıydı. Sovetlər dağılmışdı, qapazlayan qapazlayırdı. Kimdən soruşurdun, deyirdi ki, bizneslə məşğulam. “Palaza bürün, elnən sürün” kəlməsini əlimdə şüar eləyib, mən də qoşuldum onlara. Əslində bu, arvadın ideyasıydı. Hər gün deyirdi ki, bəs filankəsin arvadı pula pul demir, bazar-dükan qalmır ki, başını soxmasın, hamısı da biznesdəndir. Əri Polşadan vurub Dubaydan çıxır, Türkiyənin bütün küçə-bacasını tanıyır.

Elçin Hüseynbəyli

Dostumun itməkliyi...

Baməzə dostum yadınızdadır da!

Hər gün maraqlı bir əhvalat söyləməsə gözünə yuxu getməz.

Aldı görək nə dedi:

-90-cı illərin əvvəlləriydi. Hamının alverə qurşanan vaxtıydı. Sovetlər dağılmışdı, qapazlayan qapazlayırdı. Kimdən soruşurdun, deyirdi ki, bizneslə məşğulam. "Palaza bürün, elnən sürün" kəlməsini əlimdə şüar eləyib, mən də qoşuldum onlara. Əslində bu, arvadın ideyasıydı. Hər gün deyirdi ki, bəs filankəsin arvadı pula pul demir, bazar-dükan qalmır ki, başını soxmasın, hamısı da biznesdəndir. Əri Polşadan vurub Dubaydan çıxır, Türkiyənin bütün küçə-bacasını tanıyır.

Nəsə, mən də özümə xarici pasport aldım. O zaman dəbdə olan mexaniki saatlardan, elektrik su matorundan-zaddan alıb evə yığdım və bir neçə dəfə Türkiyəyə getdim, beş-altı manat pul qazandım, amma elə ilk gündəncə başa düşdüm ki, alver mənlik deyil. Çünki hamı bir-birinə "atırdı", gündə "razborkalar" gedirdi. Mənim özümün də alacağım-verəcəyim vardı. Riyaziyyat müəllimi olmağım biznesdə karıma gəlirdi. Amma son zamanlar ortağımla sözüm düz gəlmirdi. Mənə çatan pulu vermək istəmirdi. Qabağından da yemirdi, söz deyən kimi asıb-kəsirdi. Axırda da and-aman edirdi ki, onun da alacaqları var, alan kimi pulu mənə çatdıracaq.

Günlərin bir günü evdə oturmuşdum. Yemək də hazır idi. Acından da ölürdüm. Qəfil zəng gəldi. Ortağım idi, dedi ki, mənə çatan pulun bir hissəsi hazırdı, bəs filan yerdə görüşək, verim.

Arvada dedim ki, təcili işim çıxdı, bəs ortağım zəng eləyib, mən gedirəm.

Arvad çaşqınlıqla üzümə baxdı. Sonra da təklif elədi ki, getməyim, qoy, o özü zəhmət çəkib pulu evə gətirsin. Mən də arvada bir-iki kobud söz dedim və evdən çıxdım.

Ortağımla vədələşdiyimiz yerdə görüşdük. Doğrudan da ortağım mənə bir az pul verdi, sonra qoluma girib dedi ki, mənimlə bir beş-beş "vurmaq" istəyir. Həm də gələcək planlarımızı müzakirə eləsək, pis olmaz. Nə qədər boyun qaçırsam da, olmadı.

Zirzəmidəki kafeyə tərəf yollandıq. Bu zaman arvadım zəng elədi. Harda olduğumu soruşdu. Dedim ki, bir az gec gələcəm, məni gözləməsin. O da təkid elədi ki, bu saat evə gəlim, yemək soyuyur. Mən də ona acıqlandım və bir neçə dəfə bu sözləri təkrar elədim: "Dedim ki, mən gec gələcəm! Başa düşmədin!?"

Bu "başa düşmədin" sualı, böyründə də nidası arvadımı qorxuya salıb. Dərhal fikirləşib ki, başımda bir iş var, "Başa düşmədin!?" sözü də bir işarəymiş. Kişini "razborkaya" aparıblar.

Arvadım evin içində ora bura qaçıb, bir fikrə gələ bilməyəndən sonra başı alovlu qardaşına zəng edib. Hal-qəziyyəni danışıb. Qardaşı da deyib ki, həyacanlanmasın və hadisəni təfərrüratı ilə ona danışsın. Çünki kriminal kinoları və kitabları sevir, detektiv həvəskarıdır. Nə baş verdiyini araşdıra bilər. Bacısını, yəni mənim arvadımı dinləyəndən sonra soruşub ki, onun telefonu cavab vermir, bəs ortağınınkı necə? Burda deyim ki, o zamanlar yekə-yekə mobil telefonlar çıxmışdı, birini də mən almışdım. Sualına mənfi cavab alandan sonra qaynım, yəni arvadımın qardaşı deyib ki, burda bir əmma var və bu saat gəlir.

Arvadımın ürəyi bununla da soyumayıb, rəfiqəsinə zəng edib, hal-qəziyyəni ona da danışıb. Rəfiqəsi də bir-iki sual verəndən sonra deyib ki, burda nəsə şübhəli məqamlar var və bu saat öz kişisini də axtarıb tapıb bizə gələcək. Axırı söhbət nəslimizin ağsaqqalına çatır. O da gəlib hadisəni öyrənəndən sonra təklif edir ki, polisə zəng eləsinlər. Gecikmək olmaz. Həmin vaxt mən ortağımla kafedə bala-bala vururdum.

Nəsə. Bir neçə saatdan sonra evə gəldim. İçəri girəndə gözlərimə inanmadım, ev adamla doluydu. Arvadımın da ağlamaqdan gözü yaşarmışdı. Qonum-qonşu, qohum-əqrəba hamısı burdaydı. Onlar məni görən kimi sevinclərindən ağlaşdılar və bir-bir boynuma sarılıb, məni təzədən tapdıqlarına görə Tanrıya şükr elədilər. İnsafən onları başa düşürdüm. Çünki əlim hərdən gətirirdi və mən də onlara yardım əlimi uzadırdım.

Ağlaşma, qucaqlaşma proseduru qurtarandan sonra kimsə təklif elədi ki, bu hadisəni belə qoymaq olmaz, mənim təzədən tapılmağımı mütləq qeyd eləmək lazımdır.

Həmin gecə cibimdəki pulların hamısını xərclədim, qara gün üçün yığdıqlarımızı da havaya sovurduq. Taksilərdən aradan-zaddan aldıq. Böyük süfrə açıldı. Çatmayan qab-qacağı, stol-stulu qonşulardan daşıdılar və bizim o bir otaqlı mənzlimizdə vur-çatlasın başladı, günün qəhrəmanının, yəni mənim şərəfimə badələr qaldırıldı. Səhərə yaxın qonaqlar dağılışdılar.

Süfrəni yığışdıra-yığışdıra arvadıma baxdım. O, xoşbəxt idi. Evdə də yeməyə bir şey qalmamışdı. Ona görə də arvadıma baxıb, soruşdum: "Bu sənə lazım idi?" O da əlini saxlayıb təəccüblə üzümə baxdı, sonra təbəssüm dolu gözlərilə bu sözləri dedi: "Əsası odur ki, sən tapıldın, hələ bir iki günlük yeyib-içməyimiz də var! Sonrası, Allah kərimdir!"

Səhərisi günü yuxudan duranda arvadım dedi ki, bir daha bizneslə məşğul olmayım, çünki çox xatalı şeydi.

Arvad təklifi özü vermişdi, özü də geri götürdü, mənim də canım qurtardı və həmişəki kimi müəllimliyimə davam elədim...

Yanvarın birinci ongünlüyü, 2017

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31