Azərbaycanda vətəndaşların sosial müdafiəsinə xüsusi diqqət yetirilir

Dünyada baş verən maliyyə böhranına baxmayaraq Azərbaycanda müşahidə olunan iqtisadi inkişaf əhalinin sosial rifahına da müsbət təsir etməkdədir. Üstəlik cari ilin dövlət büdcəsində əhalinin sosial müdafiəsinin təminatına hesablanmış bir sıra yeniliklər nəzərdə tutulur.

Hadı Rəcəbli: "İqtisadi inkişafın yeni mərhələsi dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verəcək"
 

Dünyada baş verən maliyyə böhranına baxmayaraq Azərbaycanda müşahidə olunan iqtisadi inkişaf əhalinin sosial rifahına da müsbət təsir etməkdədir. Üstəlik cari ilin dövlət büdcəsində əhalinin sosial müdafiəsinin təminatına hesablanmış bir sıra yeniliklər nəzərdə tutulur. Bəs, bu yeniliklər fonunda əhalinin aztəminatlı hissəsi qlobal maliyyə böhranının təsirini hiss edəcəkmi? Millət vəkili, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, qlobal böhran beynəlxalq aləmdə, bütün ölkələrin sosial-iqtisadi durumunda özünü bir sıra mənfi tendensiyalarla biruzə verir. Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi Azərbaycan manatını da devalvasiyaya uğradıb. Bütün bunlara baxmayaraq, artıq iki ildir ki, büdcəmizdə sosial sahələrə, sosial müdafiə məqsədlərinə ayırmalar azalmır, bəzi maddələr üzrə hətta artım da hiss olunur: "Bu amil ölkənin sosial həyatına, iqtisadiyyatına hiss oluna biləcək qədər təsir göstərəcək və onun nəticələri ötən qısa müddət ərzində hörmətli Prezidentımız İlham Əliyev tərəfindən nəzarətə götürüldü və sosial müdafiə yönümlü ardıcıl, sistemli tədbirlər həyata keçirilməyə başladı. Möhtərəm Prezidentimizin ötən il 10 və 26 yanvar tarixli proqram xarakterli çıxışlarında qarşıda duran yaxın və gələcək anti-böhran, postneft dövrü vəzifələrinin baş istiqamətləri müəyyənləşdirildi. Başlıca məqsəd Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi, əmək tutumlu iş yerlərinin yaradılması, bank-kredit, maliyyə-investisiya sisteminin təkmilləşdirilməsi, hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması və digərləridir. Ölkədə geniş miqyas almağa başlayan struktur islahatlarının biri də möhtərəm Prezidentimiz İlham Əliyevin 18 mart 2016-cı il tarixli "Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Fərmanına əsasən Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi faktıdır. Bu, öz növbəsində çevik əmək və sosial müdafiə siyasəti aparılmasında, elektron hökumət elementlərinin artırılmasında, ünvanlılığın dəqiqləşdirilməsində xüsusi rol oynadı. Uçotda pərakəndəliyin aradan qaldırılması üçün burada bir pəncərə sistemi faydalı oldu. Belə ki, bu strukturda, işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin və sığorta yığımının statistikasının bir yerdə birləşməsi daxilolmaların obyektiv uçotuna və nəticədə artmasına gətirib çıxartdı. İdarəetmə sistemindəki bu islahatlar, ştatlardan səmərəli istifadə olunmasına və bu sahədəki xərclərin qismən azalmasına xidmətetdi. Onu da vurğulamağı özümə borc bilirəm ki, bütövlükdə passiv sosial müdafiə sistemi nazirliyə birləşmiş, sosial müdafiə fondu bölümündə cəmləşdi. Eyni zamanda, bürokratik əngəllərin, süründürməçilik və neqativ halların qarşısı kəskin surətdə azaldı". Onun sözlərinə görə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Ötən ilin əvvəlində maaş və pensiyaların artırılması da bunu sübut edir. Düşünürəm ki, iqtisadi inkişafın yeni mərhələsi nəticəsində əldə olunan nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verəcək. Komitə sədri bildirib ki, 2017-ci ilin dövlət büdcəsində sosial sahənin prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədinin xalqın rifahının yaxşılaşdırılması, ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi olduğunu bir daha təsdiqləyir: "Prezidentin düşünülmüş sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasda böhranın davam edən fəsadlarından və dünyanın siyasi, sosial və iqtisadi mənzərəsində müşahidə olunan proseslərdən qaynaqlanan ciddi çətinliklərin ölkəmizə təsirlərini minimallaşdırmaqla yanaşı, qarşıya qoyulan bütün vəzifələrin və sosial proqramların uğurla icrasını təmin etməkdədir. Hazırda Azərbaycan Prezidentinin ölkənin sosial müdafiə sistemi qarşısında qoyduğu əsas vəzifələr əhatəliliyin maksimum dərəcədə artırılması, səmərəliliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır. 2017-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin ümumi çəkisi 40,3 faiz səviyyəsində müəyyən edilib. Bu xərclər ötən illə müqayisədə 292 milyon manat artırılaraq 6 milyard 686 milyon manat nəzərdə tutulub. Ümumtəhsil məktəblərində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi yolu ilə əmək haqlarının əhəmiyyətli dərəcədə - orta hesabla 35 faizədək artırılmasını təmin etmək məqsədilə əvvəlki illərdə başlanılmış işlərin 2017-ci ildə də davam etdirilməsi istiqamətində müvafiq vəsait proqnozlaşdırılır. 2017-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 12,4 faizi və ya 2 milyard 53 milyon manatının ayrılması nəzərdə tutulub. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi üçün dövlət büdcəsindən 178 milyon manat, onların məskunlaşma və yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondunun büdcəsindən 90 milyon manat və xaricdən cəlb edilmiş kreditlər hesabına 26 milyon manat, ümumilikdə isə 294 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub".
Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31