İddiasız şair
30 Dekabr 2016 13:08 SosialVAQİF YUSİFLİ
(Əbülfət Mədətoğlunun şeirləri haqqında)
Onun imzasına tez-tez rast gəlirəm. Şeirləri haqqında yazılan resenziyaları da oxuyuram. Bu resenziyalarda Əbülfət Mədətoğlunun özünəməxsus şair olduğundan, bir kimsəyə bənzəmədiyindən söz açılır. Mən də bu fikirlərlə şərikəm. Özünəməxsusluq şairin başlıca məziyyətidir, onu tanıdan da, sevdirən də məhz bu cəhətidir. Vaxtilə Xalq şairimiz Bəxtiyar Vahabzadə onun haqqında yazmışdı: "Əbülfət sözün əsl mənasında şairdi. Dərd yağır, Qarabağ fəryadı hıçqırır misralarından. Onu oxuyanda varımdan yox oluram, tüstüm təpəmdən çıxır. Köz-köz olur ürəyim. Bax, budur sənətin qüdrəti".
Bəxtiyar müəllim doğru deyirdi. Əbülfətin Qarabağ həsrətiylə qələmə aldığı şeirlər doğrudan da, təsirlidir, şəxsən mən bu şeirləri oxuyandan sonra içimdə havalanan Qarabağ həsrətinə bir qığılcım da səpələndi. Gizlətməyək ki, bu gün həmin mövzuda çoxlu şeirlər yazılır, amma bu şeirlərin əksəriyyəti sadəcə dərdin adi izharından başqa bir şey deyil. Əbülfətin şeirlərində isə həmin həsrət, həmin dərd poeziya səviyyəsindədir:
çoxmu boynu bükük duraq,
baxaq ağlayan dağlara?
əlimizlə sığal vuraq
sinə dağlayan dağlara.
udaq dəli hönkürtünü
çıxaq yağı söndürdüyü-
ocaqdakı son kötüyü
girov saxlayan dağlara
gəzək, tapaq izimizi
vuraq yerə dizimizi
qurban deyək özümüzü
qara bağlayan dağlara.
alovlanaq,oda dönək
kola, kosa, ota dönək
ölək, amma ora dönək-
bizi haylayan dağlara.
Gəraylı formasında qələmə alınan bu şeiri mən Əbülfətin son illərdə qələmə alınan ən gözəl şeirlərindən biri hesab edirəm. Görün bu şeirdən bircə söz, bircə misra artıqdımı? Sözlər öz missiyasını layiqincə yerinə yetirir, misralar arasından sanki elə dağlar boyda dərd hönkürür. Necə də gözəl tapılıb: əlimizlə sığal vuraq sinə dağlayan dağlara. Necə də obrazlı deyilib:ocaqdakı son kötüyü girov saxlayan dağlara. Və bir də bu misralar ki, həsrətin sonsuzluğunu bundan da təsirli ifadə eləmək mümkünmü? Qurban deyək özümüzü qara bağlayan dağlara.
Bu dünyada
Tuğ adlı bir dağ
kəndi var
şəlaləsi,
meşələri,
bulaqları
və bir də
Nilufər çiçəyilə
Kənd uşaqlarının
payına düş
hər nə varsa,
mənim də
canıma-qanıma
hopub orada.
Həmin o uşaq
ləpirlərimdə
düşmən
mina əkir indi.
Xatirələrimi
göyə sovurmaq üçün.
Bu da Əbülfətin doğma kəndi-Tuğa həsr etdiyi şeirdir. Əlbəttə, bu minor motivlər təbiidir. O dərdi, o ağrını içində yaşatmayan insan dərddən ürəyində kaşanə qura bilməz. Əbülfət Dərdin Poeziyasını Poeziyanın Dərdinə çevirən şairlərdəndir.
Əbülfət daim axtarışda olan şairdir. Onun ilk kitablarından olan "Nilufər çiçəyi" mənim kitablarım arasındadır, obrazlı desəm, bu kitabdakı şeirlərin özünəməxsus qoxusu hələ də çəkilməyib. Daha sonra mən onun "Döymək istədiyim qapılar" və "Allah, məni unutma" kitabları ilə tanış oldum. Müxtəlif illərin və müxtəlif ovqatın məhsulu olan bu şeirlər Əbülfətin bir şair kimi kitabdan kitaba daha da kamilləşdiyini nümayiş etdirir.Olsun ki,özünün bəyəndiyi, amma müxtəlif zövqlü oxucuların bəyənmədiyi şeirləri də diqqətdən yayınmır, amma onun uğurları sayca daha çoxdur.
Şairlər sevgidən gənclik illərində daha çox yazırlar. Əsasən nakam sevgilər, uğursuz məhəbbət macəraları onları dilə gətirir. Bu həsrət onları tərk etmir, ta əlli yaşına qədər, lap ömürlərinin sonunacan da ilk məhəbbətlə bağlı hisslər onların şeirlərindən əksik olmur.Amma sevgi ömrünün bir payız çağı da gəlir. Və Əbülfət də bu sevginin payız çağlarını qələmə alıb. Bu "payız sevgisi" olsun ki, ilk gənclik illərindəki sevgidən daha şiddətlidir, amma bu sevgidə dözüm, təmkin, ağıl daha irəlidir. Elə Xalq şairi Zəlimxan Yaqub çox doğru deyirdi ki: "Uca tanrı sevgini insanlara dünyanı dərk etmək üçün göndərib, göndərib ki, insan həmişə diri və duru, pak və təmiz, zərif və həssas olmağı, öz gəlişiylə dünyanı gözəlləşdirməyi bacarsın. "Min Əbülfət qəlpələnsin ki, bir məhəbbət var ola bilsin".Yer üstə möhkəm dayanmaq üçün də, göy üzünün qapısını açmaq üçün də insana-xüsusən də şairə böyük sevgi gərəkdi".
Əbülfətin sevgi şeirlərində də məhz bu özünüdərk əsasdır. Sevgini duymaq, qiymətləndirmək, bu duyğular naminə yaşamaq...Nədir sevgi? Əbülfət bir şeirində bunu belə açıqlayır:
çök sinəmə duman tək
özümü dağ sanım mən.
dönüm sonsuz ümidə-
hər an səni anım mən.
qəm sanki iynə-sapdı
hər yerdə məni tapdı.
şimşəkdən çınqı qopdu-
alışdırdı, yanım mən.
dünya cənnət-mən qərib
könlüm sən tək gül dərib.
Tanrım səni göndərib-
sevgi nədi-qanım mən.
Əbülfət Mədətoğlunun sevgi şeirlərini təkcə bir insanın-bir fərdin könül duyğuları kimi şərh eləmək doğru deyil. Bu şeirlər həm də sevginin, bu ali hissin insan həyatında necə təmiz, saf duyğular oyatdığı, qəlbini, ruhunu necə gözəlləşdirdiyi missiyasını da yerinə yetirir. Məlumdur ki, müasir dövrümüzdə saf, təmiz sevgilər get-gedə azalır, məcnunluq, leylilik və bunların timsalında fədakarlıq qeybə çəkilmiş olur. Əvəzində yalançı, saxta, beşgünlük "sevgilər" doluşur ürəklərə.
gəlirəm sənə doğru,
səbrin çatınca gözlə.
ruhüm könlündə gəmi-
gəmim batınca gözlə.
hər çınqı ümid şamı
göy üzü ruhun damı
unuda bilər hamı-
gələn yardısa, gözlə!
Bir sözlə, Ə.Mədətoğlunun sevgi şeirləri yaşanılan, duyulan hisslərin, duyğuların ifadəsidir. Bu şeirlərin qəhrəmanı sevgini həyatının mənası, mahiyyəti hesab edir. Hicran əzabları onu necə sarsıdırsa, vüsala ümid qəlbində yaşamaq eşqini alovlandırır. Deyərdik ki, bu sevgidə bir az məcnunluq havası var. Məcnun kimi o da fədakarlığı, eşqdə təmannasızlığı sevir. Ancaq Məcnundan fərqi orasındadır ki, onun kədərinin içində bir işıq var.
Mən od geydim, alov içdim,
Canımdan can çıxanadək.
Dərdi saydım, qəmi biçdim,
Ağzımdan qan çıxanadək.
Əbülfətin bir çox şeiri onun özü-özüylə dialoqunu və bəzən monoloqunu ifadə edir. Bu şeirlərdə bir insan taleyinin yaşıntıları var. Bu yaşıntılar oxucuya da sirayət edir. Dərddirsə, dərdinə qoşulursan, sevincdirsə, sevincinə şərik olursan. Şairlə oxucu arasında məsafə saxlamayan şairdir Əbülfət.
Qəfəsdə yaşayan quşlar
Halınıza mən yanırdım.
Sizin azadlıqda olmaq
Haqqınıza inanırdım.
Amma...əksinə oldu hər şey
Özüm də qəfəsə düşdüm.
Sizlər tora dimdiyindən
Mən ürəyimdən ilişdim.
Bu şeirdən necə təsirlənməyəsən?
Əbülfət Mədətoğlu haqqında bu qeydlərimi başa çatdırarkən Ramiz Rövşənin "Sadə həqiqət" məqaləsi gözümə dəydi. Və sözümü elə Ramizin Əbülfət Mədətoğlu haqqında dedikləri ilə
bimtirmək istəyirəm: "Əbülfətin şeirlərində ümumiləşdirmə gücü olan, oxucu ürəyində əks-səda doğura bilən misralar az deyil. Amma o misralar sözə soxulmur. Onları oxucu özü görməlidir. Çünki Əbülfətin şeirləri də özü kimi iddiasızdır".
Yanvarın 1-də şair dostum Əbülfətin 58 yaşı tamam olur. Altmışın astanasındadır. Onu bütün şeirsevərlər adından təbrik edirəm!
Əbülfət Mədətoğlu
Şeirlər
Sən havasan canımda
Hər günümdə, anımda
Sən olmasan yanımda -
Ölərəm...
Günəş çıxıb söndükcə,
Adın gülə döndükcə
Deməsən, mən gördükcə -
Ölərəm...
Sən həm sevinc, həm də qəm
Allah göndərən həmdəm...
Təbəssümün olsa kəm -
Ölərəm...
Sənə ruhun diliynən
Nə and içim gülüm mən?
İnandıra bilim mən -
Ölərəm!
***
Son vaxtlar mən yaman yorğun düşürəm,
Elə bil, çiynimdə daş daşıyıram.
Sərib qurutduğum dərdi-qəmi də -
Yağışa düşmüş tək yaş daşıyıram.
Atdığım addımlar uğursuz olur,
Dərdiyim çiçəklər əlimdə solur.
Külək də, fələk də saçımı yolur,
Mən elə beləcə, baş daşıyıram.
Əbülfət, deyəsən bəxtin yatıbdı,
Qatarın mənzilə gəlib çatıbdı...
Bəlli arzuların səni "satıbdı" -
Gözü vurub töküb, qaş daşıyıram.
***
Qarşılaşdıq
və susduq -
ikimiz də...
sadəcə
bir-birimizin
gözündən
və nəfəsindən
tutduq -
fikrimizdə,
qəlbimizdə!..
sözsüz danışdıq
suallaşdıq
sonra
halallaşdıq -
və qayıtdıq
gəldiyimiz yerə
yəni
xatirələrə
ikimiz də -
içimzdə!..
***
Mənim gizlinim yox, gizlənməyim yox
Qaçacam bəxtimdən mən hara qədər?!
Bütün bu dünyadan və hamıdan çox -
Mən sevdim, sən sevdin bəs hara qədər?!
Yeridim, yüyürdüm, durdum və baxdım
Amma yarımadım nə mən, nə baxtım...
Könlümü üzük tək könlünə taxdın -
Üzatdım əlimi mən yara qədər!..
Gecəyə, gündüzə ruhum şam oldu,
Sevincim görüntü, qəmim tam oldu!..
Hər zaman umduğum vüsal kam oldu -
Ağrısın duymadın sən, yara qədər...
Acını acıma qatıb bal etdim...
Dilimi önündə hər an lal etdim.
Gözü nurdan saldım, saçı çal etdim -
Ömrümün mənası sən vara qədər!
Yaşamaq haqqından sevgim, yasaqsan
Yayın ortasında şaxta, sazaqsan...
Özün də bilirsən mənə uzaqsan -
Gözlə qaşda olan sən hara qədər!..
***
Gözümü yumuram
içində
gözümü açıram
önündə
ötən anlarımda,
günümdə
səninlə
göz-gözə
üz-üzə
dayanıram, dururam...
mən
səndə yaşayıram
səndə
özümü unuduram -
bunu
sən istəməsən də!..
***
Çəkirəm başıma dərdi dərman tək
Elə bil acıma bal qatıram, bal...
Kirpiyin ucuna yapışıb qalan -
Damladan könlümə xal salıram, xal...
Anıram bir anlıq köhnə düzəni
Məstliyin içində qu tək üzəni.
Hər şeyə, hər kəsə gülüb gəzəni -
Xatirə kürkünə qal salıram, qal!..
İllər axarında nimdaşlaşan mən
Qırılan simlərlə simdaşlaşan mən...
Gəlib dərdləriylə sirdaşlaşan mən -
Budaqdan ümidi kal dərirəm, kal!..
***
Yadımdan
çıxmır ki, heç
əllərini uzadıb
ovut,
isit dediyin...
əllərim
əllərindən
yaman küsüb dediyin...
yadımdan
çıxmır ki, heç
başını
bircə anlıq
çiynimə söykədiyin
əlimi
bərk-bərk sıxıb
uşaq tək
kövrəldiyin...
yadımdan
çıxmır ki, heç
canım, səni...
və susub
sonun demədiyin söz
mənim
bu pıçıltıdan
içimdə qorranan köz...
yadımdan
çıxmır ki, heç
məhəbbət evi olan
ürəyimi yardığın
sənin bütün varlığın
özünlə
açıq-aşkar
ruhumu apardığın...
yadımdan
çıxmır ki, heç
yaddaşmı qalıb məndə?..
cismim
köç edibdi, köç -
yaddışım qalıb səndə!...
***
Qorxma, heç səsin tutulmaz
Ağla məni bir nəfəsə...
Bir damla da qoy çilənsin
Mən yatan torpaq - qəfəsə!
Qorxma heç oyanıb bir də
Yol üstdə kol olmayacam...
Sənə sarılmaq istəyən
O bir cüt qol olmayacam!
Qorxma artıq söz-söhbətdən
Nə vardı, götürüb getdin...
Cəhənnəmlik özüm, səni -
Cənnətə ötürüb getdim!
***
Dəyir atdığın daşlar
Birbaşa ürəyimə.
Daşlama bu evi sən -
Gir, yaşa, ürəyimə!
Daşın, oxun, ya güllən
Atdın, susma, sən dillən...
Həm ömürlük, həm ilnən -
Gir, yaşa ürəyimə!
Ahdan asma, qovurma
Xəlbirləmə, sovurma!
Sən sevməkdən yorulma -
Gir, yaşa, ürəyimə!
Bu əzabı, bu qəmi
Verdin, seçdin qibləmi.
Köçürtdün sən Kəbəmi -
Birbaşa ürəyimə!..
***
göstər, döyüm qapısın
yön tutası hara var.
məni çox qaraladın,
gözlərində qara var -
onun günahı nədi?
budanan ömrün-günün
izi ağrı-acıdı.
mənim sevgim, ay gülüm -
məhəbbət qəlb tacıdı,
ayrı günahım nədi?..
min əzabla dara çək
əlində ölmək səadət.
toz üstündən qara çək -
ruhumdadı məhəbbət -
onsuz sabahım nədi?..
***
indiki anda qanadı
sınmış quşam...
bütün cəhdlərmlə
uçmağa çalışıram
amma alınmır...
toz-torpağa,
bir az da
öz qanıma bulaşıram -
hələ ki...
əslində,
bu da
dərdə qanlı bələk.
uçmaq nə qədər gözəlmiş -
yeri bəyənməyən
mələk!..
***
hər telefon zəngi, hər mesaj
sanki ittiham hökmüdü.
sənsiz yaşadığım təlaş -
ürəyin yarpaq tökmüdü.
elə bil daşa dirənib,
ağzım, dilim də söz tutmur.
sənə əl açıb, dilənib -
deyim ki, üzüm üz tutmur.
bu boyda günah içində
haqqım, tək sevgiyə çatır.
son duruşdu su üzündə -
mənim də tay, gəmim batır.
***
çiçəyi çırtladı ümidin,
bilmədim necə kiridim
özümü ağıllı bilirdim -
tay demə, mən dəliymişəm...
qanad açmışdım, uçurdum
özümü tamam unutdun,
yıxdım, hər şeyi uçurtdum -
sən demə, mən dəliymişəm...
Allahım, yerə sığmırdım
sevinc daşırdı, yığmırdım.
batırdım, amma çıxmırdım -
sən demə, mən dəliymişəm...
açan çiçəkdə qönçəsən
uçurdun məndən öncə, sən...
mələk olandan, məncə sən -
sevgindən mən dəliymişəm.
***
yaman doluxsunub, gözün yaş tutub
bu qız ağlamaqçün bir himə bənddi.
mənim taleyimi yaman unudub -
indi yaşamağım tilsimə bənddi...
günah duyğularda, günah ürəkdə
çırpınır, qovrulur son ah, ürəkdə.
məni tərk eləsə, sabah ürək də -
çətin düzələcək, ömrümün qəddi.
qadağa bir deyil, beşdi, ya ondu
baxışım üşüdü, pəncərəm dondu.
eh... mənim ömürüm, düşünmə, sondu -
sevgimlə bitmir ki, məcnunluq həddi...
***
tez öldürmə, bir az əzab, zülüm ver
iynə ucu doğra, kəsib at, getsin.
bütöv olmaz, bapbalaca dilim ver -
o ümidlə sən başını qat, getsin!
bu ürək ki, çıxıb sənin önünə
bil, salacaq səni də öz gününə.
fikir vermə dilinə, nə dininə -
yaş odundan tonqalını çat, getsin!
mənli, mənsiz bu minsifət dünyadı,
ona görə, məni heç kim duymadı!
nə yaxşı ki, Əbülfətə uymadı -
uyubdursa, könlü ona sat, getsin!
***
bir az ayrı cür olmuşam,
sən də mat qalmısan mənə.
lap uşaq tək kür olmuşam -
artıq görünürəm sənə.
sözüm də yüz cür yozulur,
hər mənası da ki, zəhər.
görürəm çətin dözülür -
ovudurlar, lap birtəhər...
bir az xəstəlik, bir az da
umduğum sevgi əlçatmaz.
nədən inanmır o qız da -
sevən, sevgisin alçaltmaz.
bilirəm, havalanmışam,
hər yerdə ürəyimdəsən.
sevginlə cəzalanmışam
günahkar ürəyim və sən.
***
gözləyirəm,
vaxt elə bil üzə durub.
daş asılıb kəfkirindən
gözləyirəm
mən içimdə
qınanaraq,
dərs alaraq səhvlərimdən.
gözləyirəm,
o da gəlib
üstümə buz - su ələyib
sözünü de! - gecikirəm,
işim çoxdu
qısa elə, həvəsim,
nə vaxtım yoxdu -
deyib, dərhal
gizlətdi də gözlərini
hiss etdim ki,
sözlərini
dili deyib
əzbərləyib
ürəyinə əzab verib...
susdum, heç nə söyləmədən
düşündüm ki,
niyə, nədən
sevgim onu üzməlidi.
məni dəli edən qəlbim -
hər nazına dözməlidi!
bəlkə
Haqqın dərgahına
tez üz tutum
yoxluğumla
mən özümü
o qıza da unutdurum.
torpaq üzü soyuq olur
gözləməkdən hər kəs doyur...
***
chr("39")
hələ ki, ad çəkmirəm
qoy bəxtəvər yaşasın.
könlümdəki dövranın -
ilk sətrindən başlasın.
nazlansın, qürrələnsin
yerə, göyə sığmasın.
əliylə güllələnsin -
canımdan can çıxmasın.
oxşayım ürəyimdə
yerini cənnət bilsin.
mənə çəkdirdiklərin -
çörəkli sənət bilsin.
...hələ ki, ad çəkmirəm
ad dəyişmir heç nəyi...
dərdimə dərd gətirir -
hərdənbir yan keçməyi.