Ramin Quluzadə iranlı həmkarı ilə görüşüb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüşdə telekommunikasiya və poçt sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, regional layihələrdə birgə iştirak, yerli şirkətlərin birgə əməkdaşlığının stimullaşdırılması, sərhədyanı ərazilərdə radiotezliklərin tənzimlənməsi, peyk xidmətləri sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Ramin Quluzadə 2016-cı ilin İran İslam Respublikası ilə ölkəmiz arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, mühüm əhəmiyyət daşıyan layihələrin icrası, əlaqələrimizin genişləndirilməsi istiqamətində həlledici rol oynadığını qeyd edib. Nazir "Bakutel" Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgi-Konfransında iştiraka görə həmkarına təşəkkür edib və sərgidə təmsil olunan İranın özəl İT şirkətlərinin Azərbaycanın İKT sektoruna cəlb edilməsinin məqsədəuyğun olduğunu qeyd edib. Öz növbəsində Mahmud Vaezi rabitə və yüksək texnologiyalar sahəsi üzrə əlaqələrin daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib. Nazir qeyd edib ki, ümumiyyətlə, sahə üzrə mövcud olan potensial imkanlardan geniş istifadə olunmaqla iki ölkə arasında bütün istiqamətlərdə səmərəli əməkdaşlıq əlaqələri qurulub. O, kosmik sənaye sahəsində faydalı əməkdaşlığın mümkünlüyünü qeyd edib. Sonda görüş çərçivəsində müzakirə olunan məsələlərin mövcud İşçi Qrup tərəfindən həyata keçirilməsi qərara alınıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31