Aztəminatlı ailələr də mənzilə sahib ola biləcəklər
Azərbaycan vətəndaşlarının mənzilə sahib olmaları üçün dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Əhalinin müxtəlif təbəqələrinin ipoteka krediti ilə mənzil əldə etmək imkanı qazanmalarının ardınca sosial evlər layihəsinin icrasına başlanılıb. Artıq Prezident İlham Əliyevin iştirakı ilə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib.
29 Dekabr 2016 13:53 SosialAyda 180 manat ödəməklə mənzil əldə etmək mümkün olacaq
Azərbaycan vətəndaşlarının mənzilə sahib olmaları üçün dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Əhalinin müxtəlif təbəqələrinin ipoteka krediti ilə mənzil əldə etmək imkanı qazanmalarının ardınca sosial evlər layihəsinin icrasına başlanılıb. Artıq Prezident İlham Əliyevin iştirakı ilə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib. Açılış mərasimində dövlət başçısı ikinci layihənin icrası üçün hazırlıq işləri getdiyini açıqlayıb: "Burada, Yasamal rayonunda icra edilən layihə birinci layihədir. Bundan sonra da layihələr icra ediləcəkdir. Burada 29 yaşayış binasının, uşaq bağçasının, məktəbin tikintisi nəzərdə tutulur. Bu yaşayış kompleksində 1800-dən çox mənzil inşa ediləcək. Ümid edirəm ki, biz bu birinci layihənin açılışını 2018-ci ildə qeyd edəcəyik. Müəyyən səbəblər üzündən mənzil ala bilməyən vətəndaşlar da Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti nəticəsində mənzil ala biləcəklər. Çünki biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq, imkanlı təbəqə, yoxsul təbəqə, aztəminatlı vətəndaşlar var və onların problemlərinin həllini dövlət öz üzərinə götürür. Artıq qeyd etdiyim kimi, müxtəlif sosial proqramlar icra olunur və mənzil təminatı da əlbəttə ki, hər bir ailənin həyatında xüsusi yer tutan amildir. İmkanlı vətəndaşlar özlərini mənzillərlə, evlərlə təmin edirlər, ancaq buna imkanı olmayanlar üçün dövlət öz yardımını əsirgəməməlidir. Bu gün bu layihənin başlanması bunun əyani sübutudur. İlk növbədə, şəhid ailələrinə, müharibə veteranlarına, gənc mütəxəssislərə, müəllimlərə, alimlərə, hərbçilərə, bu kateqoriyadan olan vətəndaşlara bu yaşayış kompleksində güzəştli şərtlərlə mənzillər veriləcək. Şərtlər doğrudan da çox güzəştlidir, uzunmüddətli ödəmə şərti ilə insanlar yeni mənzillərə köçəcəklər". Məlumata görə, bu layihə çərçivəsində 29 bina tikiləcək. Bu isə o deməkdir ki, evlərin adi vətəndaşlar üçün əlçatan olmaları istiqamətində fəaliyyət davam etdirləcək. Maraqlıdır, sosial evlər layihəsi ölkə iqtisadiyyatına nə verəcək? Ümumiyyətlə bəs sosial evlər hansı müddətə veriləcək, şərtləri nədən ibarət olacaq, kimlər bu fürsətdən yararlana biləcək?
Ekspertlər hesab edirlər ki, sözügedən layihə ölkənin sosial-iqtisadi inkişafına hesablanıb. Yəni, bu layihə zahirən sosialyönümlü olsa da, eyni zamanda iqtisadi inkişaga xidmət edir. Daha doğrusu, iayihənin icrası ilə həm ölkənin inşaat sektoru dirçələcək, daxili istehsal artacaq, həm yeni iş yerləri açılacaq, həm də vətəndaşlar daha sərfəli şərtlərlə mənzilə sahib ola biləcəklər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev qeyd edib ki, bu layihənin icra edilməsi nəticəsində inşaat sektoru da canlanacaq: "Bu il inşaat sektorunda tənəzzül yaşanır. Əgər biz ümumi daxili məhsulumuzun inkişafının və tənəzzülünün dinamikasına nəzər salsaq görərik ki, bu gün ümumi daxili məhsulu aşağı aparan amil inşaat sektorundakı tənəzzüldür. Bunun da iki səbəbi var. Dövlət investisiyaları azalıb, bu da təbiidir. Çünki bizim gəlirlərimiz azalmışdır və biz, ilk növbədə, öz gəlirlərimizi sosial məsələlərin həllinə yönəltmişdik. Onu da qeyd etməliyəm ki, bu il, bir dənə də olsun, sosial proqram ixtisara düşmədi. Bu, birinci məsələdir. Digər səbəb isə əlbəttə ki, sahibkarlar da mənzil inşaatına az fikir verməyə başlamışlar. Ona görə Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti və icra ediləcək digər layihələr nəticəsində biz inşaat sektorunu canlandıracağıq. Bu, özlüyündə böyük bir hərəkətə, canlanmaya gətirib çıxaracaq, inşaat sektorunda minlərlə iş yeri yaradılacaq. Eyni zamanda, inşaat materialları ilə məşğul olan, onları istehsal edən şirkətlər də öz fəaliyyətini bərpa edəcək, genişləndirəcəklər. Beləliklə, bu layihənin ölkə iqtisadiyyatına da çox müsbət təsiri olacaqdır".
Sosial evlərin əldə edilməsi şərtlərinə gəldikdə iqtisadçı Vüqar Bayramov bildirib ki, sosial evlərin qənaət edilən evlər kimi istifadəsi nəzərdə tutulub: "Sosial evlər 1, 2, 3 otaqlı olmaq şərti ilə inşa ediləcək. 3 otaqlı mənzillərin sahəsi 75 kvadratmetr, 2 otaqlı mənzillərin sahəsi 45 kvadratmetr, 1 otaqlı mənzillərin sahəsi isə 35 kvadratmetr olacaq. Praktiki olaraq 1, 2, 3otaqlı mənzillər qənaət olunan mənzillərdir. Burada əsas məsələ mənzil sahələrinin çox da böyük olmamasıdır. Mövcud sahə ilə daha çox insanın sosial mənzillərdən yararlanması nəzərdə tutulub". İqtisadçı bildirib ki, sosial mənzillərin istifadəyə verilməsi uzunmüddətli dövr üçün nəzərdə tutulub: "Müvafiq olaraq 3otaqlı mənzillər üçün 350 manat, 2 otaqlı mənzillər üçün 250 manat, 1otaqlı mənzillər üçün 180 manat ətrafında aylıq ödənişin həyata keçirilməsi nəzərdə tutulub. Bütövlükdə müqavilə şərtlərində ödənişlərin manatla olacağı göstərilib və sosial mənzillərin haqlarının hansısa başqa valyuta ilə ödəniləcəyi nəzərdə tutulmur". Kimlər sosial mənzillərdən faydalana biləcək sualını cavablandıran V.Bayramov deyib ki, MİDA-nın açıqlamalarına əsasən, sosial mənzillərdən faydalanacaq kateqoriya sosial ipoteka almaq imkanı olanlardır: "Biz təklif edirik ki, yalnız sosial ipoteka ala bilənlər deyil, əhalinin digər aztəminatlı təbəqəsi, o cümlədən mənzilə ehtiyacı olub birdəfəlik ödəniş etməklə mənzil ala bilməyənlər, yeni ailə quran gənclər də bu fürsətdən faydalana bilsinlər. Hələlik MİDA-nın açıqlamalarına əsasən, sosial mənzillər sosial ipotekadan faydalanmaq hüququ olan vətəndaşlarımıza təklif ediləcək. Bu da onunla bağlıdır ki, sosial mənzillərin inşasında sosial ipoteka üçün ayrılmış vəsaitlərdən də istifadə olunacaq". Ekspert qeyd edib ki, sosial mənzillərin müddətinin sosial ipotekanın müddətinə uyğun olacağı gözlənilir: "Mənzillərin təxminən 25-30 il müddətinə təklif ediləcəyi gözlənilir. Amma vətəndaş ödəmə qabiliyyətinin yüksəkliyinə əsasən daha az müddətə də ev götürə bilər. Güman edilir ki, gələcəkdə sosial evlərə sahib olmaq yalnız güzəştli təbəqəyə şamil olunmayacaq. Qonşu Türkiyənin təcrübəsinə nəzər yetirsək, ölkənin gənc ailələrinin də sosial evlərdən yararlandığını görürük. Yəni aztəminatlı ailələrin də sosial mənzillərə çıxışı təmin edilməlidir".
Alim