"Astan Şahverdiyevin səhvinə görə ailə üzvləri..." - Bəxtiyar Hacıyev NÖMRƏLƏRİ NİYƏ YAYIB?
“Əgər bu gün onun ailə üzvlərindən kiməsə xoşagəlməz mesajlar gəlibsə, bunun birinci növbədə məsuliyyəti 48 saat ərzində xalqına qarşı işlətdiyi aşağılayıcı, təhqiredici ifadələrə görə üzr istəməyən Astan Şahverdiyevin üzərinə düşüb”.
28 Dekabr 2016 15:55 Sosial"Əgər bu gün onun ailə üzvlərindən kiməsə xoşagəlməz mesajlar gəlibsə, bunun birinci növbədə məsuliyyəti 48 saat ərzində xalqına qarşı işlətdiyi aşağılayıcı, təhqiredici ifadələrə görə üzr istəməyən Astan Şahverdiyevin üzərinə düşüb". Bu sözləri açıqlamasında gənc fəal Bəxtiyar Hacıyev millət vəkili Astan Şahverdiyev və ailə üzvlərinə məxsus telefon nömrələrini sosial şəbəkədə paylaşan şəxslərin ittiham olunmasına münasibət bildirərkən deyib.
B.Hacıyev yayılan nömrələrin millət vəkilinin özünə yox, ailə üzvlərinə məxsus olması barədə isə heç bir məlumatının olmadığını deyib: "O nömrələr sosial şəbəkələrdə Astan Şahverdiyevə məxsus nömrələr kimi yayılıb. Bundan əlavə, mən göndərdiyim mesajda və bununla bağlı yazımda bütün istifadəçiləri Astan Şahverdiyevin səhvinə görə onun yaxınlarını, qohumlarını, ailə üzvlərini hədəf almamağı, onlara hörmətlə yanaşmağı tövsiyə etmişəm. Habelə Şahverdiyevlər nəslindən çox dəyərli insanları tanıdığımı bildirmişəm. Mən və mənim çevrəmdən olanların yalnız Astan Şahverdiyevə, ifrat təhqirə yol vermədən SMS-lər göndərdiyinə əminəm".
Gənc fəal onu da əlavə edib ki, Astan Şahverdiyevin müsahibəsinə reaksiya verməmək də olardı: "Lakin onun fikirləri təsadüfi və ehtiyatsızlıqdan dilə gətirilmiş sözlər deyil. Hər bir insan ehtiyatsız ifadələrdən istifadə edə, içkili olanda xoşagəlməz ifadələr işlədə bilər. Ancaq məsələ burasındadır ki, Astan Şahverdiyevin ayıq başla, yaxud içkili halda istifadə etdiyi ifadələr onun ən təməl ehtiyaclarının olmamasına, işıqlarının kəsilməsinə etiraz edən Cəbrayıllılar haqqında "içkili və nəşəxor", Rusiyada işləməyə getmiş insanlar haqqında isə "otxod" ifadələrini işlətməsi, bu insanlara ümumilikdə necə yanaşmasını göstərir. Yəni, bu təsadüfən və ehtiyatsız seçilmiş sözlər yox, ümumi düşüncə tərzinin bir anda ifadə edilməsi idi. Buna görə də sıravi bir insan yox, Azərbaycan Respublikası Milli Məclisi üzvü, xalqının dərdi ilə dərdlənib, onun rifahı üçün çalışmalı olan şəxsin öz xalqının nümayəndələrinə qarşı belə aşağılayıcı ifadələr işlətməsi, cəmiyyətin haqlı etirazına səbəb oldu. SMS kampaniyası isə indiyə qədər iki dəfə təşkil olunub. Birincisi, deputat Hadı Rəcəblinin AZTV efirində gənclərlə bağlı işlətdiyi nalayiq ifadələrə görə, ikincisi isə Astan Şahverdiyevlə bağlı. Hər iki kampaniyada deputatlara 48 saat vaxt verilib ki, onlar işlətdikləri ifadələrə görə üzr istəsinlər. Əslində, bu ifadələri işlədən və ilk etirazları görən deputatlar dərhal üzr istəyərək, açıqlama yayaraq, etirazların və SMS, zənglərin qarşısını ala bilərdilər. Yenə də xatırladım ki, Astan Şahverdiyev işlətdiyi ifadələrə görə 48 saat ərzində üzr istəsəydi, nə özünə, nə yaxınlarına, nə təmsil etdiyi hakimiyyətə, nə oturduğu parlamentə, nə də ona etimad göstərib millət vəkili kimi postda onu görmək istəyənlərə problem yaradardı".
Xatırladaq ki, gənc fəal B.Hacıyev millət vəkilinə qarşı SMS kampaniyasına qoşularaq sosial şəbəkədə bir neçə nömrə paylaşmışdı. Publika.az