“Bu, yaramazlıqdır”

Milli Məclisin deputatı Astan Şahverdiyevin böyük ictimai rezonansa səbəb olan açıqlaması gündəmi zəbt etməkdədir. Deputatın etikadan kənar ifadəsi ictimai narazılığa səbəb olub. Xatırladaq ki, dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər icazəsiz etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb 20 min nəfərədək cəbrayıllı köçkünün yaşadığı 11 qəsəbəyə verilən elektrik enerjisinin tez-tez kəsilməsi olub. Əraziyə gətirilən polis qüvvələri ilə vətəndaşlar arasında qarşıdurma baş verib.

Hər bir vətəndaşın öz şərəf və ləyaqəti var

Milli Məclisin deputatı Astan Şahverdiyevin böyük ictimai rezonansa səbəb olan açıqlaması gündəmi zəbt etməkdədir. Deputatın etikadan kənar ifadəsi ictimai narazılığa səbəb olub. Xatırladaq ki, dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər icazəsiz etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb 20 min nəfərədək cəbrayıllı köçkünün yaşadığı 11 qəsəbəyə verilən elektrik enerjisinin tez-tez kəsilməsi olub. Əraziyə gətirilən polis qüvvələri ilə vətəndaşlar arasında qarşıdurma baş verib. Hadisə zamanı xəsarət alanlarla yanaşı 3 nəfər məcburi köçkün həbs olunub. Onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb. Dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə "Azərişıq" ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb. Görüşdən sonra "Azadlıq" radiosuna müsahibəsində deputat Astan Şahverdiyev aksiyada saxlanılanlar haqda, eləcə də Rusiyaya işləməyə gedən bəzi azərbaycanlılar barədə danışarkən xoşagəlməz ifadələr işlədib. Xocalıdan olan YAP-çı millət vəkili Elman Məmmədov deputat həmkarı Astan Şahverdiyevin məcburi köçkünləri aşağılayan ifadəsinə münasibət bildirərkən qeyd edib ki, hər kəs danışdığı sözə görə məsuliyyət daşımalıdır: "Mənim özüm məcbur köçkün olduğum kimi təmsil etdiyim dairənin seçiciləri də məcburi köçkünlərdir. Buna baxmayaraq, biz hamımız Azərbaycan vətəndaşı olaraq bərabər hüquqa malikik. Odur ki, bu, heç kimə haqq vermir ki, ehtiyaclı həyatımıza görə bizi təhqir etsin. Bu, yolverilən hal deyil". Onun sözlərinə görə, bu gün bütün məcburi köçkün və qaçqınlar dövlətçiliyə sadiq və ölkə başçı ətrafında sıx birləşən insanlardır: "Onlar ölkədə sabitliyin qorunub-saxlanmasına çalışan insanlardır. Onlar heç zaman dövlətçilik əleyhinə çıxmaz və ona xəyanat etməzlər. Buna görə də heç bir etiraz aksiyası keçirib, təxribat törətməzlər. Məcburu köçkünlər bu günə kimi bunu etməyiblər və etməyəcəklər də. Sadəcə, bu insanların istəyi nədir, onu bilmək laızmdır. Bu insanlar necə ki, başqaları rahat, isti mənzillərdə əyləşiblər, onlar da bu qışın şaxtasında donmamaq üçün azacıq da olsa, yarımisti mənzillərdə yaşamaq istəyir. Həmçinin, bunu hökumət və aidiyyatı qurumlardan istəyirlər. Bu məcburi köçkünlərin də evdə körpəsi, xəstəsi var. Səhər uşğını məktəbə göndərməlidir, öz işinə getməlidir. Heç olmasa, bir stakan isti çay içməlidir bu insan ya yox?! Əgər istiliyi yoxdursa, necə etsin bunları? Bax, onlar bunu tələb edir. Daha dövlətçilik əleyhinə çıxmırlar. Məcburi köçkünlər etiraz aksiyası keçirməklə öz sosial vəziyyətlərini respublika rəhbərliyinin diqqətinə çatdırmaq istəyirlər. Bu yolla ölkə rəhbərliyinin diqqətinə çatdırmaq istəyirlər ki, biz qışın şaxtasına soyuqda qalmışıq. Şərait yaradılmasını tələb edirlər. Ona görə də mən burada qəbahət görümrəm. Onlar Azərbaycandan keflərindən gedib Rusiyada şaxtada bazarda meyvə-tərəvəz satmır və ya tikintidə fəhlə çalışımırlar". E.Məmmədov əlavə edib ki, məcburi köçkünlərin bu tələbinə görə, onların ünvanına yaraşmayan, aşağılayıcı ifadələr işlətmək yolverilməzdir: "Hesab edirəm ki, bu, yaramazlıqdır. Bu hərəkət nə millət vəkilinə, nə hər hansı vəzifə tutan şəxsə, nə də adi bir vətəndaşa yaraşan işdir. Mən bu cür yanaşmanı qəbul etmirəm və yaramazlıq hesab edirəm. Əksinə, biz hamımız bu ehtiyacı olan insanların yanında olmalıyıq. Onların problemlərinin həllinə çalışmalıyıq, nəinki onların ünvanına təhqiramiz ifadələr işlətməliyik". Rusiyada çalışan insanları cəmiyyətin "otxodu" adlandırmasına gəldikdə isə E.Məmmədov deyib ki, istər Rusiyada, istərsə də, digər ölkələrdə olan soydaşlarımızı bazarlarda alverçi kimi tanımamalıyıq: "Təkcə Rusiyada deyil, digər ölkələrdə yetərincə soydaşlarımız var ki, onlar elmlə məşğul olur, ictimai-siyasi proseslərdə aktiv iştirak edir, layiqli iş adamlarıdır. Bunlarla yanaşı, çörəkpulu qazananlarımız da var. Biz niyə onlara bu cür yanaşmalıyıq? Bu, yanlış yanaşmadır. Çünki onlar Azərbaycandan keflərindən gedib Rusiyada şaxtada bazarda meyvə-tərəvəz satmır və ya tikintidə fəhlə çalışımır. Onlar Azərbaycanda ailəsini dolandıra bilmədiyindən bu ölkələrə üz tutublar. Bu şaxtalı havalarda ailələrinə çörəkpulu qazanırlar. Burada qəbahət yoxdur. Onlar əl açıb dilənmirlər ki, halal yolla ailələrinə pul qazanıb, göndərirlər. Odur ki, mən kiminsə soydaşlarımız haqqında belə fikir işlətməsini ədalətsiz hesab edirəm". Millət vəkili hesab edir ki, əksinə, azərbaycanlılar dünyanın bütün qitələrindəki ölkələrə yayılmalı və orada yaxşı elmə yiyələnməli, iş adamı olmalı və fəaliyyət göstərdikləri cəmiyyətlərin ictimai həyatında aktiv iştirak etməlidirlər:
"O baxımdan da kimsəyə haqq verilmir ki, bu insanları təqhir etsin. Gözləməzdim ki, Milli Məclisin üzvü, Texniki Universitetin professoru, ziyalı bir insan bu cür fikirlər səsləndirsin". Digər YAP-çı millət vəkili Məlahət İbrahimqızı da Astan Şahverdiyevin bu hərəkətini qınayıb. M. İbrahimqızı bildirib ki, A. Şahverdiyevin bu barədə fikirlərini oxuyanda təəccüblənib: "Gözləməzdim ki, Milli Məclisin üzvü , Texniki Universitetin professoru, ziyalı bir insan bu cür fikirlər səsləndirsin. Mən onun dediklərinə inanmaq istəmirəm". Bununla belə millət vəkili hesab edir ki, nə deputat, nə hər hansı məmur, nə də hansısa bir sadə vətəndaş ölkənin digər vətəndaşı haqqında aşağılayıcı fikir səsləndirsin: "Hər bir vətəndaşın öz şərəf və ləyaqəti var və hər şəxs digərinin şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdır. Yenə də təkrar edirəm ki, Astan Şahverdiyevin belə fikirlər səsləndirməsinə inanmaq istəmirəm".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31