QHT-dən millət vəkilinə çağırış
“Astan Şahverdiyev – bu “qəhrəman deputat” neçə gündür gündəmimizi zəbt edib. Açığı deyim ki, onun məlum qəhrəmanlığına qədər belə bir deputatın olduğunu bilmirdim. Əsl biabırçılıq da onun seçiciləri və Rusiyada yaşayan soydaşlarımız haqqında işlətdiyi söz deyil, məhz onun Milli Məclisə seçilməsidir”.
27 Dekabr 2016 15:11 Sosial"İstefa ver"
"Astan Şahverdiyev - bu "qəhrəman deputat" neçə gündür gündəmimizi zəbt edib. Açığı deyim ki, onun məlum qəhrəmanlığına qədər belə bir deputatın olduğunu bilmirdim. Əsl biabırçılıq da onun seçiciləri və Rusiyada yaşayan soydaşlarımız haqqında işlətdiyi söz deyil, məhz onun Milli Məclisə seçilməsidir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri DAK İcra Aparatının rəhbəri, BDM sədrinin I müavini Samir Adıgözəlli səsləndirib. O, bildirib ki, böyük ictimai qınağa gələn qəhrəman deputatın əsl həqiqətdə arxasında duranları tapmaq lazımdır: "Son illər şahidi olduğumuz bir sıra hadisələr baş verib. Həmin hadisələr bəzi icra başçıları, nazirlər, məmurlar tərəfindən xalq üsyana sövq edilib. Quba və İsmayıllı hadisələri buna nümunədir. "Qəhrəman deputat"-ı da həmin məmurların sələfi saymaq olar. Bütün bunlar dövlətə, millətə və ölkə başçısına açıq-açığına xəyanətdir. Görəsən bu xəyanətkarları himayə edib öz cilovunda saxlayanlar kimlərdir? Nəyə görə kifayət qədər dövlətçiliyə bağlı olan ölkə prezidenti İlham Əliyevin siyasi dəsti xəttini peşəkarcasına dəstəkləyən kadrların önə çıxmasına imkan verilmir?". DAK rəsmisi deyib ki, Astan Şahverdiyev kimiləri deputat mandatından ancaq öz şəxsi mülk və obyektlərini, bizneslərini qorumaq üçün istifadə edirlər: "Xaricdə yaşayan, xüsusilə Rusiya və Ukrayna kimi ölkələrdə işləyən soydaşlarımızın hansı çətinliklərlə çörək pulu qazandığını "qəhrəman deputat" hardan bilsin? O, hardan bilsin ki, həmin soydaşlarımız bəzən həyatlarını riskə ataraq Azərbaycan diasporunun həmin ölkələrdə formalaşması üçün böyük fədakarlıqlar göstəriblər. Bəlkə də bu "qəhrəman deputat"-ın "diaspor" sözünün anlayışından da xəbəri yoxdur. Yazıqlar olsun belə deputata". Samir Adıgözəlli millət vəkilini istefa verməyə çağırıb.