Elçin Hüseynbəyli yazır... Əllini ötürdün, yüzə nə qaldı?..
Aşıq Alının bu məşhur misrası, yəqin, çoxlarının yadındadı. Amma mən bura bir “5”də əlavə edirəm. Çünki bəndənizin 55 yaşı tamam oldu.
26 Dekabr 2016 15:15 SosialElçin Hüseynbəyli
Əllini ötürdün, yüzə nə qaldı?..
Aşıq Alının bu məşhur misrası, yəqin, çoxlarının yadındadı. Amma mən bura bir "5"də əlavə edirəm. Çünki bəndənizin 55 yaşı tamam oldu.
Yaşı 20-dən 80-dək dostlar zəng eləyib bu günü qutladılar, özü də fərqli şəkildə. Məsələn bu cür: "Eşitmişəm bu gün iki beş almısan!?"; "10 yaşın mübarək!" 5+5 = 10; 55-in üstünə bir 55-də gəlsin. Bax bu, alqışdan çox, qarğışa oxşadı. Açmasını deməyəcəm, amma bir dostuma verilən sualın maraqlı cavabını mütləq sizə çatdırmalıyam. Sual: "Yenidən geri dönsəydiniz, yəni uşaq olsaydınız, yenə də bu peşəni seçərdinizmi?" Cavab: "Qəti yox. Ay bala, mən kirayələrdə yaşaya-yaşaya, 20 yanvar qırğınını görə-görə, çörək növbəsində dayana-dayana, min bir zülm çəkə-çəkə gəlib bu yaşa çatmışam və indi həyatımdan narazı deyiləm, indi deyirsən ki, o
zülmləri təzədən yaşayım?"
Mənə görə maraqlı cavabdır.
55 yaş mənimçün nədir və mən hansı hissləri keçirirəm? Bu suala da cavab verməzdən əvvəl başqa bir misal çəkim. Bir dəfə müdrik dostlardan biri məndən soruşdu ki, filankəs haqqında fikrin nədi? Mən də zarafatla cavab verdim ki, onun haqqında heç bir fikrim yoxdu. O da qayıtdı ki, "vay dədə, o, nə günahın sahibidi ki, sənin onun haqqında heç bir fikrin yoxdu!"
Bu cavab, yəni mənim cavabım, Züskindin "Əttar" romanının qəhrəmanına oxşayır. Körpə vaxtı onun da iyi, qoxusu yoxuydu.
İndi qayıdaq bayaqkı suala, yəni 55 yaşda mənim keçirdiyim hisslərə. Yenə də sualdan yayınacam. Belə bir məşhur deyim var: İnsan özünü hansı yaşda hiss edirsə, deməli, o qədər yaşı var.
50 yaşıma kimi heç zaman ad günü keçirməmişəm. Çünki bizim kənddə ad günü
keçirmək dəbi yoxuydu. Bəlkə ona görə ki, ailələr çoxuşaqlıydı və valideynlər uşaqlarının doğum tarixlərini unutmuşdular. O vurhavurun, o iş-gücün qabağında yaddaş qalar? Amma 2011-ci ilin dekabrında dostlat yığışıb ad günü keçirdilər. Yubileylərdə olar.
Yenə də 55 yaş sualı. Şəxsən mən heç nə hiss eləmirəm və eləmədim də.
Deyirlər insan yaşlaşanda özünə diqqət umur, ad günü təbriklərinə və hədiyyələrinə sevinir. Amma mən özümü, Məşədi İbad demiş, qoca saymıram. Lap bu zamanlarda bildim ki, Məşədi İbadın 50 yaşı varmış və biz onu çox qoca və həyasızın biri kimi tanımışıq. Üzeyir bəy özü yaşlaşanda Məşədi İbada olan münasibətini dəyişib. Onun fikrincə, heç olmasa, Məşədi İbadı 60 yaşlı birisi kimi vermək lazımıymış.
Sizə maraqlı bir şey danışım. Bu yaxınlarda Əbdürrəhim bəy Haqverdiyevin hansısa hekayəsini təkrar oxuyurdum. Orda belə bir epizod vardı: "Vağzalda
50-55 yaşında olan bir qoca kişi məni çağırdı".
Bu sətirləri oxuyanda yəqin başa düşdünüz ki, mən də qocalmışam. Hərçənd məndən yaşlılar bununla razılaşmırlar: "Sən indi orta yaşdasan, sonra ahıl olacaqsan, axırda da qocalacaqsan" deyirlər.
Bir müddət əvvəl belə bir şeir quraşdırmışdım:
Əvvəl yaxınlarımı itirdim
Sonra dişlərimi
İndi də saçımı
Sevgimi itirsəm,
Demək, ölmüşəm?..
Ad günümü təbrik edən dostlarımın, yaxınlarımın hamısına dərin təşəkkürlər və ehtiram...
26 dekabr, 2016
P.S. Bu gün saat 17.00-da Teatr Xadimləri İttifaqında mənimlə görüş olacaq, sonra isə... Sonrası sonra...