Özgə ənənələrini oğurlamaq erməni ənənəsinə çevrilib

Folklor mənəviyyatımızın güzgüsü, milli dəyərlərimizin və adət-ənənələrimizin göstəricisi, mədəni sərvətimizin ayrılmaz tərkib hissəsidir. Folklor, öz-özlüyündə qədim bir mədəni ənənədir.

Folklor mənəviyyatımızın güzgüsü, milli dəyərlərimizin və adət-ənənələrimizin göstəricisi, mədəni sərvətimizin ayrılmaz tərkib hissəsidir. Folklor, öz-özlüyündə qədim bir mədəni ənənədir. Bu canlı ənənə "qocalmır", çünki folklor daim inkişafdadır. Elə bi səbədən də hər zaman xalqımızın mədəniyyətinin qəlbi onun qəlbinin mədəniyyəti kimi çıxış etmişdir. Digər tərəfdən bizim qədim folklor ənənələrimiz ümumbəşəri dəyərlər sırasına daxildir və dünya mədəniyyətinin varidatıdır. Bununla yanaşı, "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Qanuna əsasən, Azərbaycanda folklora əqli mülkiyyət kimi, millətimizə məxsus əqli mülkiyyətin yeni, qeyri - ənənəvi növü kimi baxılır. Bu isə o deməkdir ki, biz folklor nümunələrimizə münasibətdə, həm də hüquqi müstəvidən, müstəsna hüquqlar mövqeyindən çıxış edirik. Həmin müstəsna hüquqların, yəni əqli mülkiyyətin hüquq sahibi isə Azərbaycan xalqıdır. Odur ki, Azərbaycan folklor nümunələrindən hər hansı şəkildə istifadə, Qanunda təsbit olunmuş tələblərin yerinə yetirilməsi ilə həyata keçirilməlidir. Bu tələblər hansılardır? Əvvəla qeyd edək ki, istifadə olunan folklor nümunəsinin təyinatı və məqsədi dəyişdiriləndə bədii forması işləndikdə, onun təbii mahiyyət və məzmununa heç bir halda xələl gətirilməməlidir. İkinci tələb isə ondan ibarətdir ki, istifadə zamanı folklor nümunəsinin dürüst mənşəyi, xalqımıza mənsub olduğu, mənbəyi mütləq göstərilməlidir. Qanunla nəzərdə tutulmuş tələblərin pozulması hüquqi məsuliyyət törədir. Belə ki, folklora əqli mülkiyyət kimi yanaşma onun qorunub - saxlanması, yayılması və zənginləşməsi üçün əlavə imkanlar yaradır. Çünki yaşadığımız 21-ci əsrin iqtisadiyyatı əqli mülkiyyətə əsaslanır və onda cəmləşən intellektual kapital əsas valyuta kimi çıxış edir. "İnsan ruhunun arxeologiyası adlanan folklor"un, mühüm milli özünəməxsusluğunu yaşadan bu alətin qorunub-saxlanmasının kulturolojı və humanitar baxımdan vacibliyi ilə yanaşı, müasir araşdırmalara əsasən, mühüm təbii - elmi əsasları da vardır. Həmin mədəni ənənənin "instinkt və idrak" arasındakı təbii yaranma və inkişaf yolu müəyyən ərazidə iqlim, flora, faydalı qazıntıların yoluna bənzərdir və tarixi prosses bu ənənəni vacib resursa və milli sərvətin dəyərli hissəsinə gətirib çıxarır. Və bu mənəvı sərvətin iqtisadi rolu heç də təbii sərvətlərin rolundan kiçik deyil. Belə ki, folklorun hüquqi qorunması canlı ənənələrin və mədəni varisliyin qorunması ilə yanaşı, gələcək inkişafımızın, xalqımızın rifahının qorunması deməkdir. Bir sözlə, inkişafda və zəngin ənənəyə malik olan dövlətimiz üçün folklorumuzun qorunması böyük əhəmiyyət kəsb edir. Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, xalqımızın qeyri-maddi mədəni irsinin, ədəbiyyat və incəsənətinin, xüsusən folklor nümunələrinin, hətta müəllif əsərlərinin ermənilər tərəfindən oğurlanması müəyyən tarixə malikdir. Artıq bu saxtakar hərəkətlər "özgə ənənələrinin qarət edilməsi və mənimsənilməsi erməni ənənəsinə" çevrilmişdir. Məsələnin ciddiliyi Milli Məclisin nümayəndə heyətinin səyləri nəticəsində Avropa Şurası Parlament Assambleyasının sessiyasına "Azərbaycan mədəni irsinin qəsbi və dağıdılması" sənədində təqdim edilib. Milli Məclisin "Azərbaycan mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi ilə əlaqədar" Bəyanatında da öz əksini tapıb. Həmin erməni ənənəsinin bir "mühüm" prinsipinə nəzər salaq: bir ölkənin ərazisinə iddia irəli sürmək üçün məskunlaşmış gəlmə xalq torpaq sahibinin mədəni irsini mənimsəməlidir. Bir sözlə "gəldim, gördüm,... mənimsədim". "Böyük Ermənistan" xülyası ilə yaşayanlar tərəfindən oğurlanmış xalqımıza məxsus təzahürlər də "böyük erməni mədəniyyətinin" dəlilləri kimi göstərilir. Konkret folklor nümunələrimizin bir neçə mənimsənilmə və oğurluq "mərhələsinə" nəzər salaq.
Qədim dövrlərdən gələn Daş-balıq, Daş-qoç, Daş-at abıdələrimizi özünküləşdirən, qədim Alban torpaqlarını və abidələrini "Şərqi Ermənistan" ərazisinə çevirmək istəyən saxtakarlar tariximizin xristian dövrünün kilsələrini, stella və xaçdaşları, nişan-daşları və başdaşları və bunlarda həkk olunmuş milli dekorumuzu, habelə digər maddi abıdələrimizi mənimsəməklə yanaşı Musa Kalanqatlının "Alban tarixi"-ni, Karakos Gəncəlinin "Tarix"ini, Muxtar Kosanın "Alban xronikasını" və "Adət hüququ"na aid Qaydaları da erməniləşdirdilər. Hətta qədim türk kökündən gələn, Gəmiqaya yazıları ilə səsləşən alban əlifbası və yazısını alban dilini bilməyən erməni Mesrop Maştosun adına bağladılar. Azərbaycan xalqından mənimsəmə və oğurluqlar zaman- zaman elə ermənilərin öz dili ilə etiraf olunub: "Türkü lənətə gəlsin, amma onun dili Tanrı xeyir-duası görmüşdür", "Bizim dilimiz ən azı 50 faiz türk və fars sözlərindən ibarətdir", "Hər hansı bir təntənəli toplantı və ya toy olarsa, biz türkcə oxuyuruq", "Bızım dilə Azərbaycan dili o qədər daxıl olub ki, nəğmələr, şerlər, atalar sözləri türk dilində səslənirdi"- (Abovyan "Ermənistan yaraları"), Bunu hətta xaricilər də etiraf etmişlər: "Ermənilər erməni dilində yox, tatar (türk) dilində mahnı qoşurlar", "Ən məhşur erməni şairləri öz əsərlərini yaymaq üçün həmişə tatar (türk) dilində yazırlar, "bu dil ilə" Bütün Asiyanı başdan-başa dolaşmaq olar (Haksthauzen, Bestujev-Marlinski), əcnəbilər ünsiyyət, ticarət və qarşılıqlı anlaşmasına görə Azərbaycan dilini Avropada Fransız dili ilə müqayisə edirdilər. Həmin Abovyanlar və Haqverdiyanlar, Ağayanlar 19 əsrin ikinci yarısında "Əsli və Kərəm", "Şah İsmayıl", "Aşıq Qərib", "Koroğlu" kimi dastanlarımızı erməniləşdirməyə çalışmış, onların mənəvi rəhbərliyi və yalan təqdimatları nəticəsində əcnəbilər fon Bodenştedt və başqaları Azərbaycan folklorunun atalar sözlərini, nağıllarını Avropaya erməni nümunələri kimi tanıtmışlar. Həmin Abovyan və Aqayan ermənilərin "...mahnılarla qarışıq dastanları yoxdur, bunlar ancaq türkcədir", deyə-deyə, bizim aşıq musiqimizi erməni "aşıqların - "hüsanların" (fikir verin, uzan (ozan) sözündən gəlir!) özlərinin musiqi nümunələrinə çevirmişlər. Halbuki, bəllidir ki, 400-dən artıq erməni aşığı şerlərini Azərbaycan dilində yaradaraq, Azərbaycan dastanlarını Azərbaycan musiqisinin müşahidəsi ilə Ermənistan ərazisində yayırdılar. Uzun illər Azərbaycan xalqının iradəsindən asılı olmayaraq bu oğurluq faktlarının üstündən sükutla keçilmiş, istər Çar Rusiyası zamanında istərsə də sovet dövründə folklor nümunələrinin və müəllif əsərlərinin oxşarlığını, hətta eyniyyət təşkil etməsini yaxın coğrafi məkanda yaşamaqla, iqtisadi, sosial-siyası münasibətlərlə izah etmişlər. XX-ci əsrin 80-cı illərində Təhməzyan, Siksiyan və başqalarının "çalışmaları" nəticəsində saxtakarlıqla dolu "böyük erməni" mədəniyyəti röyası yaradılmışdır. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında Şirinin milliyətcə erməni şəhzadəsi olması, Xosrov Pərvizin saray musiqiçilərinin rəhbəri Sərkeşin Sarkis olması barədə, hətta Bertelsı təhrif etməklə "araşdırmalar" apardılar və ümumiyyətlə Ermənistanı mədəniyyət beşiyinə çevirmək üçün erməni mədəniyyətinin bütün Şərq xalqlarına təsiri barədə nağıllar uydurdular. Ermənilərin etiraflarına baxmayaraq onların "istifadə etdikləri alətlərin adları da türkcədir: saz, səntur, kaman, bağlama", onlar utanıb çəkinmədən bu musiqi alətlərini də öz adlarına yazdılar. Brutyanın "erməni muğam ifaçıları Bakı və Şuşadan çıxmışlar" etirafına, baxmayaraq, bu günki bir sıra ermənilər, o cümlədən Brutyan özü ermənilərin orta əsrlərdə muğamın inkişafındakı rolundan danışır, muğamın kökünü erməni monodiya musiqisınə bağlamağa cəhd göstərir. Üzeyir bəyin "Arşın mal alan"ını oğurlayanlar əsl müəllif dünya ictimaiyyətinə sübut olunandan sonra, 80-cı illərdə radio və TV vasitəsilə A.Babacanyanın musiqi verilişində yenə də Üzeyir bəyin iki komediyasın Qarabağın hansısa erməni kəndinin melodiyaları kimi təqdim etmişdilər. Tarixlərini iki min il yarımdan çox hesab edən ermənilər, ən qədim mədəniyyətə, o cümlədən folklorun mühüm bir hissəsi olan atalar sözlərinə malik olmaları ilə "qürurlanırlar", 1967-ci ildə SSRİ EA-sının "Elm" nəşriyyatı vasitəsilə oğurlanmış Azərbaycan atalar sözlərini "Армянский фольклор" adı altında təqdim etmişlər. Fikir verin, bu erməni atalar sözləri rusca necə səslənir: "Сядем криво, поговорим прямо" ("Əyri oturaq, düz danışaq"), "Не всякий побывавший в Иерусалиме хаджи", "Лучше один раз попросить у Бога, чем сорок раз у сорока святых" ("On iki imama qırx dəfə yalvarınca bir dəfə Allaha yalvar"), "Цену золота знает лишь ювелир" ("Zər qədrini zərgər bilər"), "Делай так чтобы ни шашлык, ни шампур не сгорел" ("Nə şiş yansın, nə kabab"), "Скажешь "джан", услышишь "джан" ("Can deyan, can eşidər"), "Ашуга в дом впустили, а он спрашивает: "куда положить саз" və sair. Göründüyü kimi heç bir şərhə ehtiyac yoxdur.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31