Deputatın məsələsi komissiyada müzakirə olunacaq
Milli Məclisin deputatı Astan Şahverdiyev mətbuata açıqlamasında Rusiyada işləyən azərbaycanlıları “otxod” adlandırması ictimai qınağa səbəb olub.
26 Dekabr 2016 13:26 SosialMilli Məclisin deputatı Astan Şahverdiyev mətbuata açıqlamasında Rusiyada işləyən azərbaycanlıları "otxod" adlandırması ictimai qınağa səbəb olub. İctimai narazılıq o dərəcəyə çatıb ki, məsələyə parlamentin intizam komissiyası münasibət bildirməli olub. Belə ki, Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Abiyev deputatın səsləndirdiyi fikirlərə münasibət bildirib: "Əvvəla, deputat Astan Şahverdiyevin nə danışdığını dəqiq bilmirəm. Amma hesab edirəm ki, Rusiyada işləyən azərbaycanlıları "otxod" adlandırmaq normal adama yaraşmır. Qurtardı. Normal adam, insanları bu cür adlandırmaz". Ağacan Abiyev deputatın səsləndirdiyi fikirlərlə bağlı komissiyada məsələyə baxılacağını da deyib: "İntizam Komissiyası özbaşına deyil. Komissiyanın sədri olaraq tək deyiləm. Komissiyanın digər üzvləri də var. Nəsə bir qərar olsa, biləcəksiz. Sadəcə, özbaşına deyiləm ki, kiməsə əmr verəm. Komissiyanın sədri olaraq, komissiya üzvlərini bir araya yığacam. Onlarla söhbət edəcəm. Bizim fikrimiz sizin fikirlərinizlə üst-üstə düşəndə biləcəksiniz".