Əli Həsənov : “Media cəmiyyətin formalaşmasında, inkişafında mühüm rol oynayır"
24 Dekabr 2016 17:39 SosialBu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən elan olunan fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatları Fəttah Heydərov, Eldar İbrahimov, Əflatun Amaşov, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Hadı Rəcəbli, KİV rəhbərləri, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Ə.Həsənov deyib ki, Azərbaycanda ümummilli lider hakimiyyətə qayıdandan sonra media Azərbaycan cəmiyyətinin ən nüfuzlu institutlarından biri səviyyəsinə qaldırıldı və mediaya bu cür münasibət sərgiləndi: "Media cəmiyyətin formalaşmasında, inkişafında mühüm rol oynayır. Ona görə də ulu öndər Heydər Əliyev medianı Azərbaycan cəmiyyətinin əsas ictimai institutlarından biri kimi görürdü. Məhz buna görə də ümummilli lider media üzərində bütün ictimai tənzimləmə mexanizmlərini yığışdırdı və jurnalistlər özləri yığışıb Mətbuat Şurasını yaratdılar, öz sədrlərini və İdarə Heyətinin üzvlərini seçdilər. Bu gün biz Azərbaycan dövləti olaraq medianın rolunu və yerini onların özlərinin gördüyü kimi görürük. Cənab Prezident İlham Əliyev dəfələrlə Azərbaycanı azad mediasız təsəvvür etmədiyini bildirib".
Əli Həsənov medianın bir neçə dəfə dostu seçilmiş İlham Əliyevin yubileyi olduğunu xatırladıb: "Dövlət başçısının 55 yaşı tamam olur. Sizin təbriklərinizi dövlət başçısından razılıq kimi qəbul edirik. Xoş sözlərinizi cənab prezidentə çatdıracağam".
Tədbirdə KİVDF icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun bu il 10 müsabiqə elan etdiyini qeyd edib. O vurğulayıb ki, onlardan üçü Fond tərəfindən keçirilib, digər 7 müsabiqəni isə KİVDF Mədəniyyət və Turizm Nazirliyi, Nizami, Suraxanı rayon və Gəncə şəhər İcra hakimiyyətləri, "Azərsu" və "Azərişıq" ASC-lərlə birgə keçirib: "Bu il "Multikulturalizm ili" ilə əlaqədar olaraq iki müsabiqə keçirdik. Bundan başqa, Xaçmaz və İsmayıllı rayonlarında da tədbirlər təşkil olunub".
Vüqar Səfərli eyni zamanda 2016-cı il ərzində jurnalistlərin Londona və Ankaraya səfərinin təşkil edildiyini deyib.
V.Səfərli bildirib ki, bu il KİVDF-nin elan etdiyi müsabiqələrdə 806 jurnalist iştirak edib ki, 445 jurnalist qalib elan edilib. Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə keçirilən müsabiqədə 1-ci yerləri tutan jurnalistlər 500 AZN, 2-ci yerin sahibləri 400 AZN, 3-cü yerdə qərarlaşan jurnalistlər isə 300 manat məbləğində pul mükafatı və diplomla təltif edilib.
O əlavə edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən müsabiqəyə 160 yazı daxil olub və həmin yazılardan 114-ü qalib elan edilib.
Sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Azərbaycan mediası bugünkü qədər heç vaxt güclü olmayıb. O bildirib ki, qlobal dünyada baş verən hadisələri, böyük dövlətlərin kiçik dövlətlərə münasibətləri aydın görünür: "Bu gün Azərbaycan jurnalistlikası güclü bir institutdur. Azərbaycan mediası ölkənin istər daxili, istərsə də xarici imicinin formalaşdırılmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm töhfə verib".
Əflatun Amaşov jurnalistləri Yeni il münasibətilə təbrik edib, 2017-ci ildə yaradıcılıq uğurları arzulayıb. Onun sözlərinə görə, heç vaxt Azərbaycan mediası bu gün kimi güclü olmayıb: "Azərbaycan Prezidenti mediaya tam olaraq bağlıdır. Azərbaycanın çiçəklənməsi uğrunda apardığı işlərdə həmişə cənab Prezidentin yanında olacağıq"