“Yatmış” insanların “qəribə” evləri...

İllər öncə çox cavankən dünyasını dəyişən həyat yoldaşımın məzarının tikilməsi məsələsi ortaya gələndə israr etdim ki, qəbir daşı mərmər olmalıdı. Heç bir etiraz qəbul etmirdim. Elə bilirdim ki, qəbrin üstündə ucuz daşlardan olsa, dünya uçacaq və mən təkrar başqa bir uçqunun altında qalacam. Sonda mən deyən oldu. İndi qəbristanlıqda ən hündür yerdə dəfn olunan həyat yoldaşımın qara mərmərdən olan məzar daşı uzaqdan adama “gəl-gəl” deyir...

İllər öncə çox cavankən dünyasını dəyişən həyat yoldaşımın məzarının tikilməsi məsələsi ortaya gələndə israr etdim ki, qəbir daşı mərmər olmalıdı. Heç bir etiraz qəbul etmirdim. Elə bilirdim ki, qəbrin üstündə ucuz daşlardan olsa, dünya uçacaq və mən təkrar başqa bir uçqunun altında qalacam. Sonda mən deyən oldu. İndi qəbristanlıqda ən hündür yerdə dəfn olunan həyat yoldaşımın qara mərmərdən olan məzar daşı uzaqdan adama "gəl-gəl" deyir...

Ölüm gedənlər üçün sondu, qalanlar üçün isə yeni bir başlanğıcdı. Və hər kəs bu yolun yolçusu olacaq. Sadəcə, bu başlanğıcda gedən adamın yerini qorumaq, sanbalını saxlamaq, hörmətini goz bəbəyi kimi dəyərləndirmək kifayətdir ki, torpaqda uyuyan insanın ruhu sakit olsun. Məncə, bundan qiymətli heç nə yoxdu və bu dəyəri başqa nə iləsə əvəz etmək yersizdi.

Bu günlərdə saytların birində çox qəribə məzar daşlarının şəkillərini yayımlamışdılar. Cürbəcür sənət nümunələrini xatırladan, müxtəlif peşə sahibləri olan insanların qəbrüstü abidələri ilk baxışda maraqlı görünür. Amma bir qədər düşünəndə anlamaq mümkündür ki, hansısa bir sürücünün qəbir daşını avtomobil şəklində, musiqiçi olduğunu anladan skripka, yaxud da kontrabast hazırlayıb məzarın üstünə qoymaq adamda bir az da təbəssüm yaradır.

Əslində həmin məzar daşları sənət əsəri kimi maraqlıdı. O abidələri hazırlayan şəxslərin bacarığı, istedadı kimi qiymətləndirilə bilər. Amma bu, o demək deyil ki, insanlar kütləvi surətdə belə bir iş görsünlər. Dünya belədi. Bəşər övladı hər gün bir yenilik edir, hər gün bir qəribəlik qoyur ortaya. Belə məzar daşları da eyni qəbildən olan qəribəliklərin nümunəsidi.

Amma məsələnin əsas maraq doğuran hissəsi odur ki, Azərbaycanda da bu və buna oxşar məzar daşları mövcuddu. Qiymətli mərmərlərdən hazırlanmış qəbrüstü heykəllərin, tonlarla çəkisi olan bəzəkli və rəngarəng daşların nə ölən adama, nə də onun ziyarətinə gələn doğmalarına, əzizlərinə bir mənfəəti yoxdu.

İstər Avropada, istərsə də Şərq ölkələrinin çoxunda müəyyən standartlar mövcuddu. Nədi bu standartlar? Oralarda qəbrin üstünə ağır tonnajlı mərmər daş qoyulmur. Sinə daşının əvəzinə torpaqla örtülür, üstünə adı, ölüm tarixi yazılmış balaca daş qoyulur. Vəssalam. Amma Azərbaycanda elə qəbristanlıqlar var ki, açıq hava muzeyini xatırladır. Həmin məkanda dəfn olunan insanların qəbrüstü abidələri sanki, bir-biri ilə yarışa girirmişlər kimi ölü sahiblərinin var-dövlətini ortaya qoyub. Halbuki bu bəhsəbəhsdə qazanmaq yox, itirmək var.

Əzizini itirənlər, doğmalarının yoxluğuna uzun illər alışa bilməyənlər, bunun acısını son günlərinə qədər daşıyanlar hansı yolla olur-olsun ən bahalı daşla qəbrin üstünü "bəzəyirlər".

Hətta bir müddət əvvəl "özəl qəbristanlıq" məsələsi gündəmə gəlmişdi. Əgər bu fikir özünü doğrultsaydı təsəvvür edirəm nə həngamələr olardı? "Qonşudan qalma dala" prinsipini həyat tərzi edənlər "kimdən əskiyəm?" deyə oralarda "məskən salmaq" uğrunda var-yoxlarından keçərdilər. Bir sözlə, Azərbaycanda qəbristanlıq sosial ayrı-seçkiliyin bariz nümunəsi kimi özünü göstərir.

Qəbristanlıqlarda diqqəti cəlb edən nəsnələrdən biri də böyük bir ərazini hasara alıb "özəlləşdirməkdi". Bir nəfər dəfn olunur, sonra isə digər ailə üzvləri üçün yer saxlanılır. Bu, əlbəttə, bir tərəfdən yaxşıdı. Azərbaycan xalqında ailə birliyi ənənəsi tarixin uzaqlarından gəlir. Qədimlərdə də çalışıblar ki, ailə üzvləri, qohumlar dünyalarını dəyişəndə axirət dünyasında da bir yerdə olsunlar. Bir-birinə doğma olan insanların məzarları müxtəlif qəbristanlıqda olardısa, bu, bir növ həmin ənənəyə, ailə modelinə kölgə salmış olurdu. Bu, həm də milli xarakter, cəmiyyətin mentaliteti, əxlaqı deməkdir. Qərblilərdən fərqli olaraq bizdə ailə birliyi və ailə şüurunun bütöv olması deməkdir.

Amma bir çox hallarda biz bunun sadə forması yox, dəbdəbəli görüntüsü ilə üzləşirik. Baxırsan ki, böyük bir heykəl, ətrafında da oxşar məzar daşları xeyli ərazini əhatə edib. Bax, xoş olmayan budu. Olmazmı ki, sadə formada, səliqəli şəkildə qəbirlər olsun?

Dövlət, xalq qarşısında xüsusi xidmətləri, eləcə ictimai çəkisi olan insanların dəfni, məzarlıqlarının hazırlanması dövlətin işidi və Azərbaycan dövləti bunu edir. Fəxri Xiyaban bariz nümunədi. Buradakı fərqlilik və oxşarlıq qəbir daşlarında deyil, o daşların altında əbədi uyuyan insanların şəxsiyyətindədi. Eləcə də Şəhidlər Xiyabanı...

Ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinə "Məzar yerləri və məzarlıqlar haqqında" qanun layihəsi təqdim etmişdi. Bu sənədin qanun layihəsi kimi Milli Məclisə təqdim olunması, yaxud da Nazirlər Kabinetinin ayrıca qərarı kimi qəbul edilməsi nəzərdə tutulmuşdu. Həmin məsələ bir müddət ictimaiyyət arasında da müzakirə olundu. Əgər sənəd qəbul edilsəydi gələcəkdə istisna hal kimi ər xanımının yanında dəfn olunmasını istəyərsə, bu zaman xanımının yanında yer saxlana bilər. Yaxud da kişi vəfat etdikdə xanımı üçün yer saxlanıla bilər. Qalan hallarda qəbiristanlıqda heç bir yerin saxlanılmasına icazə verilməyəcəkdi. Sənəddə qəbristanlıqda xüsusi yerlərin dəmir barmaqlıqlarla hasara alınması da qadağan olunmuşdu. Amma çox təəssüf ki, bununla bağlı hələ də qəti bir qərar, yaxud da qanun qəbul olunmayıb.

Məzarlıq orda uyuyan insanların "evidi". Necə ki, rüşvətlə, haram yolla tikilən təmtəraqlı villalar, dəbdəbəli malikanələr imkansız, kasıb insanlarda xoş olmayan hisslər oyadır, eləcə də qəbristanlığı ziyarətə gedənlər ordakı fərqli məzarları görəndə bu hissləri yaşayırlar. Halbuki yerin altında hamı bərabərdi. Dünən öldün, ya da illər öncə - fərq etmir, necə deyərlər qarışırsan min ilin ölüsünə...

Yazıya niyə özümdən başladım? Mən gənc idim, ailə həyatım çox qısa oldu, başlanmamış qırıldı. Ona görə də düşüncələrim dağıldı, taleyim paramparça oldu, təsəllini mərmər daşda axtarırdım. Böyüklərim də bu yaşantılarımı nəzərə alıb güzəştə getdilər. Amma illər sonra həyatın astar üzünün daha da kələ-kötür olduğunu görəndən sonra bunun gərəksizliyini fərq etdim. O vaxtların ağrı-acısı bir qədər ovunandan sonra evdəkilərlə mübahisə etdiyimdən, hətta qızıllarımı satıb həmin daşa verməyimdən dolayı içimdə qəribə bir peşmançılıq hissi baş qaldırdı. Çünki insanın dünyasını dəyişəndən sonra məzarı üstündəki daşın heç bir əhəmiyyəti yoxdu, daha doğrusu, ayrı bir məna kəsb etmir. Mənəvi boşluğu heç bir mərmər doldura bilmir...

Yalnız sevgini qorumaq və yaşatmaq yetərlidi...

Züleyxa Nadir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31