BNA yarandıqdan sonra avtobusların iştirakı ilə baş verən ölüm hadisələri 80% azalıb
Dünən Bakı Nəqliyyat Agentliyinin fəaliyyətə başlamasının 1 illiyi münasibətilə jurnalistlər üçün mətbuat konfransı keçirilib. Əvvəlcə agentliyin bir illik fəaliyyətinə həsr olunmuş videorolik nümayiş olunub. Daha sonra jurnalistlərə rəhbərlik etdiyi qurumun 1 illik fəaliyyəti barədə ətraflı məlumat verən Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib ki, dövlət başçısının 21 dekabr tarixli fərmanı ilə yaradılan Bakı Nəqliyyat Agentliyi ötən bir ildə Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi istiqamətində mühüm tədbirlərin icrasına başlayıb.
21 Dekabr 2016 15:12 SosialVüsal Kərimli: "Bizim üçün önəmli olan yalnız vətəndaşa göstərilən xidmətin keyfiyyətidir"
Dünən Bakı Nəqliyyat Agentliyinin fəaliyyətə başlamasının 1 illiyi münasibətilə jurnalistlər üçün mətbuat konfransı keçirilib. Əvvəlcə agentliyin bir illik fəaliyyətinə həsr olunmuş videorolik nümayiş olunub. Daha sonra jurnalistlərə rəhbərlik etdiyi qurumun 1 illik fəaliyyəti barədə ətraflı məlumat verən Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib ki, dövlət başçısının 21 dekabr tarixli fərmanı ilə yaradılan Bakı Nəqliyyat Agentliyi ötən bir ildə Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi istiqamətində mühüm tədbirlərin icrasına başlayıb. O, qeyd edib ki, ilk olaraq paytaxtın nəqliyyat sistemində mövcud vəziyyət təhlil edilib, həlli vacib məsələlər müəyyən olunub: "Marşrut şəbəkəsinin Bakı şəhərinin müasir inkişafına uyğunlaşdırılması və xidmət səviyyəsinin artırılması istiqamətində işlər görüldü. Əsas diqqətdə bu sahədə mövcud olan pərakəndəliyin aradan qaldırılmasına yönəldildi. Bu məqsədlə "Bakı Nəqliyyat Planı"nına uyğun olaraq paytaxtda 157 sayda mövcud marşrut xətti xarici mütəxəssislərlə birgə təhlil edildi, sərnişin həcmi dəqiqləşdirilərək hərəkət sxemləri müəyyənləşdirildi. Sərnişindaşıma xidməti göstərən 2083 ədəd avtobusun hamısı "Fərqlənmə nişanına" cəlb edildi. Marşrut şəbəkəsinin optimallaşdırılması çərçivəsində 3 marşrut xətti ləğv edilib, 1 marşrut xətti bərpa edilib. Sakinlər, həmçinin qurum və təşkilatlardan daxil olan müraciətlər əsasında sərnişin təlabatı nəzərə alınaraq 5 marşrutun xətti uzadılıb. Marşrutların təkrarlanma hallarının olmasına uyğun olaraq müvafiq sərəncamlarla 14 marşrut üzrə hərəkət sxemləri, 2 marşrut üzrə isə daşıyıcılar dəyişdirilib. Şəhərin mərkəzi hissəsində tıxacların yaranmasının minimuma endirilməsi məqsədi ilə Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılmasına başlanıldı. İlk belə mərkəz metronun "Koroğlu" stansiyası yaxınlığında yaradıldı. Bununla da həmin istiqamətdə ətraf kənd və qəsəbələrdən gələn marşrut avtobuslarının şəhərmərkəzinə girişi məhdudlaşdırıldı. Sərnişinlərin buaradan şəhər mərkəzinə rahat gediş-gəlişi müasir standartlara cavab verən avtobuslarla həyata keçirilir. Artıq "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində dayanacaq məntəqələrinin quraşdırılmasına başlanılıb. Gələcəkdə "Avtovağzal", "Dərnəgül", "28 May" metro stansiyaları və "Lökbatan dairəsi" ətrafında da Nəqliyyatı Mübadilə Mərkəzilərinin yaradılması nəzərdə tutulub". Vüsal Kərimli deyib ki, ötən bir ildə ictimai nəqliyyatda vahid kart ödəniş sisteminə keçid də reallaşdırılıb. Onun sözlərinə görə, bu gün Bakı şəhərində müntəzəm marşrutda 450 ədəd avtobusun nağdsız ödəniş-vahid kart sisteminə qoşulması təmin edilib: "Marşrut şəbəkəsinə reallaşdırılan digər bir vacib layihə sərnişin avtobuslarına "GPS" izləmə cihazlarının quraşdırılmasıdır. 1551 ədəd avtobusda quraşdırılan "GPS" izləmə cihazları vasitəsi ilə avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, kəskin sürətlənmə, tormozlama, sürət həddini aşması və digər pozuntuların qeydiyyatı və təhlili, avtobusların yerləşdikləri məntəqələrin koordinatlarının təyin edilməsi mümkün olacaqdır. Beynəlxalq təcrübədə geniş istifadə edilən GPS izləmə sistemindən istifadə müntəzəm sərnişindaşımalarda dispetçer xidmətini avtomatlaşdırmaqla bu sahəyə nəzarəti daha da gücləndirəcək. Bundan əlavə, GPS izləmə cihazı vasitəsi ilə emal olunan informasiyalar əsasında nəqliyyat axınının cari vəziyyəti barədə məlumatlar da qeydə alınacaq, dayanacaqlarda gözləyən sərnişinlər avtobusların çatma vaxtlarını dayanacaq məntəqələrində quraşdırılmış avtobus informasiya terminalları vasitəsi ilə görə biləcək. Marşrut şəbəkəsinin fəaliyyətinin düzgün təşkili və xidmətin keyfiyyətinin yüksəldiməsi istiqamətində həyata keçirlən tədbirlər sayəsində ötən dövrlərlə müqayisədə son bir ildə sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzaların və ölüm hallarının statistikasında 80 faiz azalma müşahidə edilir". Vüsal Kərimli onu da diqqətə çatdırıb ki, Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda bütün problemləri bilir: "Bunu da bilirik ki, sürücülərlə bağlı böyük problemlər var. İctimai nəqliyyatda sürücülərlə bağlı ciddi işlər görüləcək, vahid sürücü məlumat bazası yaradılacaq. Bu bazada sürücülərlə bağlı məlumatlar yerləşdiriləcək. Artıq sahibkar özü sürücü seçə bilməyəcək. Avtobus sürücülərinə dövlət nəzarəti olacaq. Əgər hər hansı sürücü qanuna zidd hərəkətlər edərsə, digər daşıyıcılarda çalışa bilməyəcək. Bununla bağlı, müvafiq işlər görüləcək". O, deyib ki, hər hansı avtobus şirkətinin keyfiyyətdə dominantlıq etməsi, onun inhisarçı olması demək deyil. BNA heç bir avtobus şirkəti arasında fərq qoymur. Bizim üçün önəmli olan yalnız vətəndaşa göstərilən xidmətin keyfiyyətidir. Agentliyin baş direktoru vurğulayıb ki, Bakı Nəqliyyat Agentliyi taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədilə də müəyyən tədbirlər həyata keçirilib. Belə ki, taksi fəaliyyəti göstərən 7215 hüquqi və fiziki şəxs barədə (sürücülərin soyadı, əlaqə nömrələri və texniki göstəriciləri), həmçinin nəqliyyat vasitələrinin sayı, buraxılış ili və yerləşdiyi ünvan barədə məlumat bazası hazırlanıb: "Təqribi hesablamalara əsasən hazırda Bakı şəhərində 15-16 min taksi minik avtomobili faəliyyət göstərir. Bu sahədə aparılan islər nəticəsində son bir ildə taksi sürücülərinin nəqliyyat müfəttişləri tərəfindən incidilməsi, onlara qarşı zor tətbiq edilməsi və dövlət rüsumdan kənar ödənişlərin tələb edilməsi halları tamamiylə aradan qaldırılıb. Yol hərəkətinin təşkili və təhlükəsizliyi Yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə bağlı görülən işlər çərçivəsində avtobus dayanacaq məntəqələri araşdırılıb, 1200 ədəddən çox dayanacaq məntəqəsinin vəziyyəti öyrənilib. Məntəqənin ünvanını, dayanacaqda sərnişinlərə xidmət edən marşrutların nömrələrini, onların keçdiyi dayanacaq məntəqələrinin adlarını, intervallarını, ilk və son avtobusun dayanacaqdan keçmə vaxtını özündə əks etdirən yeni avtobus dayanacaq lövhələri tərtib edilərək". Agentlik rəsmisi avtomobillərin parklanma məsələsinə də toxunub və bu sahədə də müəyyən çatışmamazlıqların olduğunu söyləyib. Bildirib ki, qanunvericiliyə əlavələr edilir. Bu problemin həlli ilə əlaqədar da digər qurumlarla müzakirələr aparılır. O, deyib ki, bəzi yerlərdə parkinq aparatlarının yolun hər iki tərəfində qoyulması da nəqliyyatın hərəkətinə problem yaradır.
Süleyman