QHT-lər narkomaniyaya qarşı mübarizədə aktiv rol oynayır
Əhalinin sağlamlığının qorunması, o cümlədən gənclərin sosial-mənəvi və fiziki inkişafı dövlətin və cəmiyyətin qarşısında dayanan əsas vəzifələrdən hesab olunur. İnsanların sağlamlığı, eyni zamanda gələcəyimiz olan gənclərin sosial-mənəvi və fiziki cəhətdən inkişafı və sağlam həyat tərzi keçirmələri ilə bağlı müvafiq dövlət qurumları, o cümlədən vətəndaş cəmiyyəti institutları bu istiqamətdə davamlı fəaliyyət göstərir. Bu mənada ayrı-ayrı qeyri-hökumət təşkilatlarının sağlam həyat tərzinin təbliği, narkomaniya və narkomanlığa qarşı mübarizə məqsədilə həyata keçirdiyi layihələr mühüm əhəmiyyət kəsb edir.
21 Dekabr 2016 13:15 SosialƏhalinin sağlamlığının qorunması, o cümlədən gənclərin sosial-mənəvi və fiziki inkişafı dövlətin və cəmiyyətin qarşısında dayanan əsas vəzifələrdən hesab olunur. İnsanların sağlamlığı, eyni zamanda gələcəyimiz olan gənclərin sosial-mənəvi və fiziki cəhətdən inkişafı və sağlam həyat tərzi keçirmələri ilə bağlı müvafiq dövlət qurumları, o cümlədən vətəndaş cəmiyyəti institutları bu istiqamətdə davamlı fəaliyyət göstərir. Bu mənada ayrı-ayrı qeyri-hökumət təşkilatlarının sağlam həyat tərzinin təbliği, narkomaniya və narkomanlığa qarşı mübarizə məqsədilə həyata keçirdiyi layihələr mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi Qalib Yaqubov deyir ki, eyni zamanda bir sıra dövlət qurumlarının bu istiqamətdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarına müxtəlif formalarda dəstək göstərməsi həyata keçirilən ümumi fəaliyyətin ictimai faydalılığını daha da artırır: "Belə dövlət qurumlarından biri də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq Şuranın üzərinə düşən vəzifələrdən danışarkən ilk növbədə vətəndaş cəmiyyəti nümayəndələri üçün bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərdən və müxtəlif yaş təbəqələri üçün təşkil edilən aksiyalardan bəhs etmək lazımdır. Bu istiqamətdə QHT-lərin aktiv ictimai proseslərə, müxtəlif layihə və proqramların həyata keçirilməsinə cəlb olunması Şuranın qarşısında dayanan əsas vəzifələrdən hesab olunur. Başa çatmaqda olan 2016-cı ildə bu istiqamətdə 11 layihəyə Şura tərəfindən ümumilikdə 103.000 manat maliyyə yardımı ayrılıb. Narkomaniya əleyhinə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının bu istiqamətdə təşkil etdiyi tədbirlər əsasən gəncləri əhatə edir. Belə layihələr əsasən gənclərlə iş üzrə ixtisaslaşan QHT-lər tərəfindən həyata keçirilir. Həyata keçirilən layihələrin icrası bu sahədə dövlətin həyata keçirdiyi siyasətə dəstək ifadə edir, həmçinin narkomaniyaya qarşı mübarizə sahəsində ictimai müqaviməti gücləndirməklə cəmiyyət həyatında yüksək maarifləndirici əhəmiyyət daşıyır". Qalib Yaqubov bildirir ki, icra edilmiş layihələr çərçivəsində görülən işlərə ümumilikdə 45 işçi cəlb olunub, 5679 nəfər layihələrdə iştirak edib və bəhrələnib: "Onlardan 2195 nəfəri uşaq və yeniyetmə, 1886 nəfəri gənc, 1598 nəfəri isə digər yaş qrupuna aid insanlardır. Maliyyələşmiş layihələr çərçivəsində 6 təlim, 37 seminar və 11 müxtəlif tipli tədbir təşkil olunub, 7 buklet və 5 sosial çarx hazırlanıb. Həmçinin Sabirabad rayonunda gənclərin bədən tərbiyəsinin və fiziki durumlarının inkişafı məqsədilə futbol yarışı təşkil edilmiş və narkomaniya və zərərli vərdişlər əleyhinə 100 nəfər gəncin iştirakı ilə aksiya baş tutub". Şura rəsmisi qeyd edib ki, 2017-ci ildə də dövlətin və cəmiyyət tərəfindən narkomaniyaya qarşı həyata keçiriləcək mübarizə tədbirləri çərçivəsində Şuranın qarşısında mühüm vəzifələr dayanır: "Dövlət orqanlarının QHT-lərlə birgə həyata keçirdiyi tədbirlər, aparılan monitorinqlər bu sahədə gələcəyə nikbin baxmağa əsas verir. Əminik ki, dövlətin iradəsi, vətəndaş cəmiyyəti institutlarının səyləri nəticəsində cəmiyyəti narahat edən, ayrı-ayrı insanların ciddi probleminə çevrilmiş narkomaniya kimi zərərli vərdişlərə meyillilik getdikcə əhəmiyyətini azaldacaq. QHT-lərlə davamlı işbirliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası növbəti illərdə də "Narkomaniyaya qarşı mübarizə" mövzusunda vətəndaş cəmiyyətinin təmsilçilərindən yeni, innovativ təkliflər, bu ictimai-sosial təhlükə ilə mübarizədə daha effektiv yanaşma üsulları və tədbirlərin qapalı məkanlardan açıq məkanlara çıxmasını gözləyir. Şura ötən dövrlərdə olduğu kimi, bu sahədə bütün tərəfdaş qurumlara dəstək verməyə hazırdır".
Füzuli