Ölkədə cinayətkarın belə ləyaqəti qanunla qorunur
Bir qayda olaraq məhkəmə çəkişmələri zamanı bir tərəfin digər tərəf barədə işlətdiyi ifadələr öz-özlüyündə yeni bir məhkəmə predmetinə çevrilir. Tərəflərdən birinin bilərəkdən və ya bilməyərəkdən işlətdiyi həmin ifadə sonradan prosesin onun ziyanına işləməsinə gətirib çıxarır. Belə ki, bir tərəfin digəri barədə işlətdiyi “şərəfsiz”, “ləyaqətsiz” kimi ifadələri adətən mübahisə doğuran məqama çevrilir. Belə ki, qeyd edilən ifadələrin işlədilməsi Azərbaycan Konstitusiyasına zidd hesab olunur.
21 Dekabr 2016 13:00 SosialAsif Abdullayev: "Ən alçaq və ləyaqətsiz cinayətkar haqqında belə heç kəs rəsmən "ləyaqətsiz", "şərəfsiz" olması qərarı verə bilməz"
Bir qayda olaraq məhkəmə çəkişmələri zamanı bir tərəfin digər tərəf barədə işlətdiyi ifadələr öz-özlüyündə yeni bir məhkəmə predmetinə çevrilir. Tərəflərdən birinin bilərəkdən və ya bilməyərəkdən işlətdiyi həmin ifadə sonradan prosesin onun ziyanına işləməsinə gətirib çıxarır. Belə ki, bir tərəfin digəri barədə işlətdiyi "şərəfsiz", "ləyaqətsiz" kimi ifadələri adətən mübahisə doğuran məqama çevrilir. Belə ki, qeyd edilən ifadələrin işlədilməsi Azərbaycan Konstitusiyasına zidd hesab olunur.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Asif Abdullayev deyir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin 1-ci hissəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır: "Konstitusiyanın 46-cı maddəsinin 2-ci hissəsinə əsasən, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Hesab edirəm ki, Mülki Məcəllənin 1137-ci maddəsi Konstitusiyanın bu qadağanedici normasına ziddir. Mülki Məcəllənin 1137-ci maddəsi "Ləyaqətsiz vərəsə" adlanır. Həmin maddəyə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Maddənin məzmunundan da göründüyü kimi, konkret bir şəxs məhkəmə qərarı ilə ləyaqətsiz adlandırılır. Məcəllənin bu norması şəxsin ləyaqətini birbaşa alçaldır. Kiminsə rəsmən ləyaqətsiz adlandırılması konstitusiyanın 46-cı maddəsinin 2-ci hissəsinə ziddir. Belə ki, konstitusiyanın qeyd edilən maddəsinə əsasən, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Kimsə deyə bilər ki, məsələ şəxsin ümumən ləyaqətsizliyinə aid deyil, vərəsə kimi ləyaqətsizliyinə aiddir. Bu fikirlə razı deyiləm. Heç bir hal rəsmən ləyaqətə toxuna bilməz". Hüquqşünas bildirib ki, Konstitusiyanın 71-ci maddəsinin 5-ci hissəsinə əsasən, konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz: "Konstitusiyanın 149-cu maddəsinin üçüncü hissəsinə əsasən, qanunlar Konstitusiyaya zidd olmamalıdır.
Konstitusiyanın 46-cı maddəsi ilə Mülki Məcəllənin 1137-ci maddəsini müqayisə etdikdə belə məlum olur ki, məcəllənin bu maddəsi konstitusiyaya ziddir. Konstitusiyanın 46-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Həmin normanın mənası ondan ibarətdir ki, heç kəsin, heç bir halda şərəfi və ləyaqəti alçaldıla bilməz. Mülki Məcəllənin "ləyaqətsiz" vərəsə anlayışı isə, konkret bir şəxsin ləyaqətinin ümumiyyətlə olmadığını rəsmən təsdiq edir. Müqayisə üçün istərdim cinayət törətmiş şəxslə ləyaqətsiz vərəsə arasında fərqlərə baxaq. Bildiyimiz kimi, hətta ən ağır cinayət törətmiş, insan mənəviyyatına, şərəfinə və ləyaqətinə sığmayan cinayət törətmiş şəxslərin ləyaqəti qanunla qorunur. Cinayət Məcəlləsinin 9.2.-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Prosessual məcəllənin 13.1.-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. Cinayət təqibi gedişində heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz, insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz, ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. Göründüyü kimi, hətta ən alçaq və ləyaqətsiz cinayətkara heç kəs rəsmən "ləyaqətsiz", "şərəfsiz" olması barədə qərar verə bilməz, amma yalan danışmış vərəsəni "ləyaqətsiz" hesab etmək olur. Ən alçaq və şərəfsiz cinayətkarın belə ləyaqəti qanunla qorunur. Ədalət və mütənasiblik prinsipləri baxımından müqayisə edək. Misal üçün, azyaşlı uşağı zorlayan alçaq və ləyaqətsiz şəxsin ləyaqəti qanunla qorunduğu halda, ailə-qohumluq münasibətlərində hiyləgərlik işlədən şəxsə isə məhkəmə qərarına əsasən rəsmən ləyaqətsiz adı verilir. Bu nə dərəcədə ədalətli, qanunun məqsədinə uyğun olaraq mütənasib hesab edilə bilər? Konstitusiyanın 149-cu maddəsinin 1-ci hissəsinə əsasən, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Bu norma hər kəsin bərabər hüquqlara malik olduğunu və həmin hüquqların bərabər mühafizə olunması zəruriliyini ehtiva edir. Cinayətkarın və vərəsənin müqayisəsi göstərdi ki, Mülki Məcəllənin 1137-ci maddəsi haqqa-ədalətə uyğun gəlmir. Bu cür norma Rusiya qanunvericiliyində də mövcuddur. Amma müəyyən ölkələrin qanunvericiliyində "ləyaqətsiz" vərəsə anlayışı digər, vərəsəlik hüquqlarını məhdudlaşdıran başqa ad (ləyaqətə rəsmən toxunmayan) altında əks olunub. Qeyd edilənlərə əsasən, hesab edirəm ki, Mülki Məcəllədə "ləyaqətsiz" vərəsə anlayışı konstitusiyaya, ədalət və mütənasiblik prinsiplərinə uyğun deyil".
Süleyman