Elmi-Metodiki Mərkəzin illik hesabat toplantısı keçirilib
20 dekabr 2016-cı il tarixində Gənc Tamaşaçılar Teatrında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz illik fəaliyyətinə həsr olunmuş hesabat toplantısını keçirilib.
21 Dekabr 2016 12:20 Sosial20 dekabr 2016-cı il tarixində Gənc Tamaşaçılar Teatrında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz illik fəaliyyətinə həsr olunmuş hesabat toplantısını keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin iştirakı ilə keçirilmiş hesabat toplantısında Mərkəzin bütün tərəfdaş qurumları ilə yanaşı, şəhər və regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrin nümayəndələri, "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun üzvləri, KİV-lər və digər ictimai təşkilatlar iştirak edib.
Bu toplantı Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində aparılmış struktur islahatlardan sonra müəssisənin ilk hesabat toplantısıdı.
Mərkəzin direktoru Asif Usubəliyev toplantını açaraq bildirdi ki, mərkəzin strukturunda aparılan islahatlar Mədəniyyət və Turizm Nazirliyi sistemində həyata keçirilən islahatların tərkib hissəsidir. Qeyd etdi ki, görülən işlərin əsas məqsədi fəaliyyətin təkmilləşdirilməsi, müasir üsulların tətbiq edilməsi və mədəniyyət sahəsinin regionlarda populyarlaşdırılmasından ibarətdir. İl ərzində müəssisə ümumi iştirakçı sayı 28000 nəfərdən çox olmaqla 100-ə yaxın müxtəlif yönlü tədbir keçirilib. O cümlədən: təlim və metodiki tədbirlər, elmi-praktiki konfranslar və seminarlar, yubiley və əlamətdar tarixlər, müqavilələr və əməkdaşlıq əlaqələrinə həsr olunmuş tədbirlər, internet-aksiyalar, fleşmoblar, kütləvi tədbirlər və "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun tədbirləri. Onların əksəriyyəti regionlarda keçirilmişdi.
Tədbirlərin kontingentinin 60%-i gənc nəsil olsa da, orta yaşlı (30%) və yaşlı (10%) nəsillər də mövcuddur, onlardan 34%-i nazirliyin sistemində çalışır, 66%-i isə sistemdən kənar iştirakçılar olmuşlar.
Dövr ərzində metodiki köməkliyin göstərilməsi məqsədi ilə mərkəzin 47 əməkdaşı mütəmadi olaraq 275 dəfə 33 regiona ezam olunmuşlar.
Mərkəz tərəfindən təşkil olan təlimlərin coğrafiyası 43 rayondan ibarətdir. Təlimlərdə iştirak edənlərin sayı isə 560 nəfərə çatib.
Müəssisə il ərzində 32 adda olan müxtəlif məzmunlu yeni metodiki vəsait hazırlamışdır.
Azərbaycan mədəniyyəti ilə əlaqədar saxtalaşdırma, mənimsənilmə və təhrif olunma faktlarını özündə əks etdirən müxtəlif əcnəbi internet resurslarının, Vikipediya materiallarının monitorinqi nəticəsində Mərkəzin işçi qrupu tərəfindən 246 fakt aşkar olunub.
Müəssisə il ərzində özünün və nazirliyin internet resursları, KİV-lərlə aktiv iş aparmışdır. Nazirliyin rəsmi saytında (mct.gov.az) saytında mərkəzin məlumatlarına baxış sayı 3000-ə çatmış, müxtəlif xəbər portallarında isə 35000-ə çatmışdu. Mətbuatın diqqətini cəlb edən əsas mövzular isə gənc mədəniyyət işçiləri ilə iş, regionlar ilə iş, mərkəzin internet resursları və rayonların mədəni həyatı olmuşdu.
Direktor qarşıda duran vəzifələrdən danışdı, mərkəzin yeni loqosunu təqdim etdi.
Toplantıda həmçinin Zaqatala, Şabran, Hacıqabul və Xızı rayon mədəniyyət və turizm şöbələri rəhbərlərinin hesabatları dinlənildi.
Daha sonra Elmi-Metodiki Mərkəzin direktor müavini Adilxan Bayramov nazirliyin döş nişanı və Bədii təhsil şöbəsinin əməkdaşı Zəbulla Quliyev fəxri fərmanla təltif olundu.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin fəaliyyətini müsbət qiymətləndirdi. Mərkəzin mədəniyyət işçiləri arasında bu sahədə qəbul edilən qanunların təbliği və icra mexanizminin düzgün qurulması istiqamətində apardığı treninq və kursların vacibliyini vurğuladı: "Metodiki tövsiyələrin hazırlanması ilə qabaqcıl təcrübələri bütün müəssisələrə çatdırmaq, yenilikləri geniş şəkildə tətbiq etmək qarşıda duran əsas istiqamətlərdən olmalıdır. Son bir ildə mərkəz çox lazımlı və məzmunlu tövsiyələr hazırlamışdır. Bizim rayon təşkilatlarımıza təqdim edilən bu tövsiyələr Bakıda tətbiq edilən təcrübənin yerlərdə daha da təkmil şəkildə həyata keçirilməsinə xidmət edir".
Nazir bildirdi ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" ilə bağlı mədəniyyət və turizm sahəsində çalışan əməkdaşlar səylərinin daha da möhkəmləndirməli, bu fərmandan irəli gələn məsələlərin həllində turizm üzrə metodiki tövsiyələrdən istifadə edilməlidi.
Milli-mədəni dəyərlərin qorunması və təbliğinin vacibliyini vurğulayan Əbülfəs Qarayev bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri yüksək qiymətləndirdi.
Elmi-Metodik Mərkəzin AMEA-nın müxtəlif institutları ilə əməkdaşlığını yüksək qiymətləndirən nazir təcrübənin bölüşdürülməsinin əhəmiyyətini diqqətə çatdırdı. Mərkəzə göstərilən köməyə görə elm adamlarına təşəkkürünü bildirdi.
"Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun işinə uğurlar arzulayan Əbülfəs Qarayev qrupun gələcək fəaliyyətində beynəlxalq təcrübədən yararlanacağına əminliyini ifadə etdi.