Şoumenlər alverçiyə çevriliblər
Azərbaycan teleməkanında şou proqramlarının sayı artmaqa davam edir. Əksəriyyəti xarici telekanallardan götürülmüş şou proqramlar bayağı şəkildə tamaşaçılara təqdim olunur. Bir çox hallarda belə layihələrin plagiat olması telekanal rəhbərlərinin marağında deyil. Əsas məsələ ondan ibarətdir ki, həmin proqramın yayımlanması üçün sanballı sponsor olsun. Məhz məsələyə belə yanaşma ortaya zay məhsul qoymaqla yanaşı, tamaşaçıların zövqünü də korlayır.
20 Dekabr 2016 14:37 SosialAzərbaycan teleməkanında şou proqramlarının sayı artmaqa davam edir. Əksəriyyəti xarici telekanallardan götürülmüş şou proqramlar bayağı şəkildə tamaşaçılara təqdim olunur. Bir çox hallarda belə layihələrin plagiat olması telekanal rəhbərlərinin marağında deyil. Əsas məsələ ondan ibarətdir ki, həmin proqramın yayımlanması üçün sanballı sponsor olsun. Məhz məsələyə belə yanaşma ortaya zay məhsul qoymaqla yanaşı, tamaşaçıların zövqünü də korlayır. Maraqlıdır, niyə dünyaca məhşur olan proqramların oxşarının Azərbaycanda yayımı eyni effekti vermir. Əvvala onu qeyd edək ki, belə verilişlərin hazırlanıb yayımlanması zamanı mütəxəssislərin deyil, özlərinə yaxın hesab etdikləri "məhşurların" rəyi əsas götürülür. Digər tərəfdən, aparıcıların seçimində televiziyaların tələbləri yox, məhz reklam gətirə bilən şəxslərə üstünlük verilir. Elə bu səbədən də yerli telekanallarda aparıcılırın əksəriyyətinin dünyagörüşü dar, söz ehtiyatları isə bəsiddir. Lakin, yaxşı reklam gətirdiklərinə görə, xüsusi statusa sahibdirlər. Bu ərköyünlük aparıcıları o həddə çatdırıb ki, istənilən verilişdə öz mövqelərini diqtə edir, dəvət olunan qonaqları təhqir edir, ekspertlərin baxışlarına qarşı çıxırlar. Xüsusən, ailə-məişət yönümlü proqramların aparıcıları özlərini ailə mütəxəssisi kimi təqdim etməklə vətəndaşları maarifləndirmək əvəzinə, cəmiyyətə qeyri-ənənvi ailə modelini sırıyırlar. Ekspert kimi dəvət olunan incəsənət xadimləri isə bununla razılaşmaq zorunda qalırlar. Əks halda "mütəxəssislərin" çıxışları yarımçıq kəsilir. Məsələ orasındadır ki, sadə cümlə quruluşunu ortaya qoya bilməyən, dar düşüncəli fikirlərini tamaşaçıya çatdıra bilməyən aparıcılar reklam vaxtı sanki "bülbülə" dönürlər. Yeri gəlmişkən qeyd edək ki, mütəxəssilər dəfələrlə özəl telekanalların aparıcılarının dillərinin qüsurlu olmasından, onların təhriflərə yol verməsindən şikayətləniblər. Buna baxmayaraq aparıcılar əvvəlcədən hazırlanmış reklam çarxlarında müxtəlif ticarət mərkəzlərinin, tibb ocaqlarının, eləcə də şadlıq evlərinni reklamı xüsusi yer tutur. Maraqlı məqam ondan ibarətdir ki, aparıcılar bu zaman gizli reklamlardan istifadə edirlər. Məlumdur ki, telekanallar əsasən axşam saatlarında reklamlara üstünlük verirlər. O da aydındır ki, telekanallar gün ərzində ümumi proqram vaxtının 20 faizi həcmində reklam verə bilərlər. Daha dəqiq, hər saatın 20 faizinin reklam üçün nəzərdə tutulması mümkündür. Mövcud qanunvericiliyə görə, bu qayda telekanalların sponsorlarla, şirkətlərlə bağlanmış birillik müqavilələrinə şamil olunmur. Məhz bu boşluqdan sui-istifadə edən aparıcılar reklam çarxından sonra əllərindəki siyahıya müraciət edirlər. "Filan yerdə market açıldı", "Yeni ticarət mərkəzi açıldı", "Yeni şadlıq sarayı fəaliyyətə başladı"," Yeni tibb ocağı istifadəyə verildi" kimi reklamlar adi xəbər başlıqlarına çevrilib. Vəziyyət o həddə çatıb ki, aparıcılar belə iaşə müəssisələrinin ünvanını, telefon nömrəsini, hətta müraciət etmək üçün məsul şəxsin adına qədər tamaşaçıya çatdırırlar. Zəmanət verirlər ki, onların adı ilə təqdim olunan obyektlərə yaxınlaşanlara endirim ediləcək. Bununla da aparıcılar reklam vaxtını uzadaraq saatın 35-40 faizinə çatdırılar. Bu isə o görüntünü yaradır ki, aparıcılar artıq alverçiyə, ticarət mərkəzləri üçün reklam alətinə çevriliblər. Vəziyyət o dərəcədə acınacaqlı hal alıb ki, telekanallarda sosial reklamlar yox dərəcəsindədir. Milli ruhda, vətənpərvər ruhda, seriallar, filmlər çəkilmir. Milli qəhrəmanlarımız haqqında verilişlər azlıq təşkil edir.Telekanallarda şadlıq saraylarının reklamları və şou proqramlar üstünlük təşkil edir. Cəmiyyət isə birmənalı şəkildə şit, ucuz, bayağı veriliş aparıcılarının bu hərəkətlərindən beziyib. Təəssüfləndirici məqam ondan ibarətdir ki, televerilişlərdə hansısa bir klinika ilə bağlı hazırlanmış bir reportajı efirə verib, bunu xəbər kimi təqdim edirlər. Hansı ki bu, reklamdır və xəbərlər proqramında belə reklam vermək qadağandır. Çünki bu, gizli reklam hesab olunur. Məsələn, hansısa xəbərlər proqramında yeni açılan bir market haqqında reportaj verirlər. Və marketin adı, ünvanı deyilir. Bunlar azmış kimi, market yaxşıca təriflənir. Məlumdur ki, bu tipli reklamlar heç də ucuz başa gəlmir. Ancaq belə reklamlar gizli aparıldığından telekanallar vergi ödəməkdən yayına bilirlər.
Alim