Ruhaninin İrəvana səfəri deməyə əsas verir ki...
İran prezidenti Həsən Ruhani postsovet ölkələrinə turnesi çərçivəsində dekabrın 21-də Ermənistana gedəcək. Bu haqda İran KİV-ləri Prezident Administrasiyasının mətbuat katibi Pərviz İsmailə istinadən məlumat yayıb.
19 Dekabr 2016 17:00 SosialAsim Mollazadə: "Bu ölkə işğalçını qınamaq və ona təzyiq etmək əvəzinə, hər vasitə ilə ona dəstək verir"
İran prezidenti Həsən Ruhani postsovet ölkələrinə turnesi çərçivəsində dekabrın 21-də Ermənistana gedəcək. Bu haqda İran KİV-ləri Prezident Administrasiyasının mətbuat katibi Pərviz İsmailə istinadən məlumat yayıb. Onun sözlərinə görə, Ruhani Yerevana birgünlük səfəri zamanı Ermənistan prezidenti Serj Sarkisyanla ikitərəfli əməkdaşlıq məsələsini müzakirə edəcək. Səfər zamanı iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq bəyannaməsi imzalanacaq, eləcə də iki ölkənin biznes dairələri nümayəndələrinin ticaerət əlaqələrinin genişləndirilməsi persprektivinə baxılacaq. İran prezidenti Yerevandan Qazaxıstan və Qırğızıstana yollanacaq.
Millət vəkili Asim Mollazadə bildirib ki, prezident Həsən Ruhaninin İrəvana nəzərdə tutulan səfəri bir daha İranla Ermənistan arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu sübut edir. Onun sözlərinə görə, Ruhaninin İrəvana səfəri planlaşdırılmış səfərdir və bu səfəri bir daha işğalçıya verdiyi dəstək kimi dəyərləndirmək olar: "İran prezidentinin Ermənistana səfəri bir daha onu deməyə əsas verir ki, bu ölkənin Fələstinlə və burada müsəlmanların hüquqlarının pozulması ilə ifadə etdiyi narahatlığın heç bir əsası yoxdur. Əgər İran siyasətində səmimidirsə, o zaman İrəvanla da siyasətində korrekt olmalı idi. Çünki Ermənistan da İranın müsəlman qonşusu olan ölkənin ərazisini işğal edib və bu işğal faktı nəticəsində yüzminlərlə insan öz ata yurdlarından didərgin düşüb. İran işğalçını qınamaq və ona təzyiq etmək əvəzinə, hər vasitə ilə işğalçıya dəstək verir". A.Mollazadə deyib ki, bu gün İran Rusiyadan da artıq formada Ermənistana dəstək verir: "Bunu bu gün İranın iqtisadi və enerji cəhətdən Ermənistana göstərdiyi dəstəyi ortaya qoymaqla, sübut etmək olar. Demək olar ki, Ermənistanın bu gün yaşamasına və işğalçılıq siyasətini davam etdirməsinə dəstək verənlərdən də biri İrandır. Hansı ki, bu işğalçı ölkə müsəlman torpaqlarını işğal edib və müsəlmanları öz yurdlarından didərgin salıb. Odur ki, bu gün İran-Ermənistan münasibətləri iranlı parlamentarinin dili ilə desək "bir millət, iki dövlət" prinsipi əsasında qurulub. O baxımdan bu gün İran-Ermənistan münasibətləri islami dəyərlərə yox, konkret geostrateji maraqlara əsaslanır. Və bu münasibətlər çox səmimi prinsiplər əsasında qurulub". Millət vəkili onu da bildirib ki, bu iki ölkə arasındakı səmimi münasibətləri təsdiq etmək üçün heç uzağa getməyə də ehtiyac yoxdur: " Bu gün Ermənistanın bütün bölgələrində İranın yük və enerji daşıyan maşınlarına rast gəlmək olar. Hətta, İranın yük və enerji daşıyan maşınlarına Azərbaycanın işğal olunmuş ərazilərində, Qarabağda da rast gəlmək olar". Deputat Fəzail Ağamalının sözlərinə görə, Ermənistanın ayaq üstə durub mövcudluğunu qorumasında və işğalçılıq siyasətini davam etdirməsində İranın İrəvana verdiyi dəstəyin böyük rolu olub. Onun sözlərinə görə, İran Ermənistanın Azərbaycana işğalçılıq siyasətinə ilk gündən dəstək verib və bu dəstək davam etməkdədir: "Azərbaycan İrandan tamamilə başqa bir mövqe gözləyirdi. Gözləyirdi ki, İran Azərbaycanın yanında olacaq və işğalçıya qarşı sərt mövqe sərgiləyəcək. Necə ki, Fələstinlə bağlı məsələdə mövqe sərgiləyir. Ancaq biz bunun əksinin şahidi oluruq. Biz rəsmi Tehranın ancaq bəyanatlarda Ermənistanın işğalçı siyasətinə qarşı çıxdığını və Azərbaycana dəstək verdiklərinin şahidi oluruq, əməli hərəkətdə yox. Bu, bir daha İranın Azərbaycan qarşı münasibətlərində səmimi olmadığının göstəricisi olduğunu ortaya qoyur". F.Ağamalı əlavə edib ki, Həsən Ruhani İranın prezidenti seçildikdən sonra Tehranla Bakı arasında münasibətlərdə bir ilıqlıq yaranıb və iki ölkə arasında ciddi sənədlər imzalanıb: "Həsən Ruhaninin prezident seçilməsi bizdə bir nikbinlik yaradırdı ki, ən nəhayət, İran Ermənistanla bağlı siyasətində korrektələr edəcək. Tehran İrəvanın işğalçılıq siyasətinə qarşı çıxacaq. Təəssüflər olsun ki, Ruhani dönəmində də bunun şahidi olmadıq". Ruhaninin İrəvana səfərinə gəlincə isə, o, deyib ki, bu səfər əvvəlcədən planlaşdırılan səfər idi və guya bunun Azərbaycanın son dövrlərdə atmış olduğu addımlarla, xüsusən də, "bu, İsrailin Baş nazirinin Azərbaycana səfərinə cavab reaksiyasıdır" kimi səslənən fikirlərlə heç bir əlaqəsi yoxdur: "İran prezidentinin İrəvana səfəri Tehranın Ermənistanla bağlı siyasətində bir ardıcıllığın göstəricinin olduğunu göstərdi. İranın bəzi dini alimləri və ideoloqları Azərbaycanı İsraillə dost münasibət sərgiləməkdə ittiham edir və bunu da İsrailin Fələstin torpaqlarını işğal etməsi ilə izah edir. Onların bu yanaşması kökündən yanlışdır. Çünki Azərbaycan Fələstinin müstəqilliyini tanıyır və Fələstinlə sıx dostluq əlaqələrinə malikdir. Azərbaycan Fələstin həqiqətlərini beynəlxalq aləmdə də dəstəkləyib və onun səsinə səs verib. O baxımdan da, bu məsələ ilə əlaqədar olaraq Azərbaycanı İsraillə əməkdaşlıq etməkdə suçlamaq absurddur".F.Ağmalı deyib ki, Azərbaycanın İsraillə əməkdaşlığı heç bir halda İrana qarşı yönəlməyib: "Çünki Azərbaycan hələ vaxtında ABŞ müttəfiqləri ilə birgə İranı küncə sıxanda Tehrana qarşı çıxmadı. Azərbaycan prezidenti dəfələrlə bəyan etdi ki, hər hansı bir ölkəni öz ərazisindən İrana qarşı istifadə etməyə imkan verməyəcək. Bu gün də Azərbaycan həmin mövqedə dayanır". Millət vəkili bildirib ki, İsrail-Azərbaycan əlaqələri ölkəmizin müdafiə gücünün artırılmasına, milli təhəlükəsizliyinin etibarlı təminatına və hərbi- sənaye kompleksinin inkişafına xidmət edən əməkdaşlıqdır: "Ona görə də İsrail-Azərbaycan əlaqələrinin yaxınlığı İranda heç bir qıcıq doğurmamalıdır. Bu əməkdaşlıq İranın maraqlarına zidd bir əməkdaşlıq deyil". F.Ağamalı deyib ki, H. Ruhaninin İrəvana səfəri Azərbaycanda diqqətlə izlənəcək: "Bir daha deyirəm ki, əgər Tehran Azərbaycanla münasibətlərində səmimilik nümayiş etdirmək istəyirsə, o zaman Türkiyə kimi Ermənistana qarşı mövqe sərgiləməlidir. Əgər belə olsaydı, Ermənistan öz işğalçılıq siyasətinə son qoymuşdu və torpaqlar işğaldan azad olmuşdu. Çox təəssüf ki, biz İrandan bu mövqenin sərgiləməsinin şahidi olmuruq".
Nurlan