Elçin Hüseynbəyli yazır... Quşlar və adamlar...

Onuncu mərtəbədə, pəncərənin qarşısında dayanıb həyətə baxıram. Külək at oynadır, dünəndən qalan qarı hara gəldi yığır: binaların küncünə, aynabəndlərin ağzına...Aşağıda “cinlər bayram” edir, zibillikdən tapdıqları sellofan kuloklara dövrə vurdurur, istəsə göyə qaldırır...

Elçin Hüseynbəyli

Quşlar və adamlar...

Onuncu mərtəbədə, pəncərənin qarşısında dayanıb həyətə baxıram. Külək at oynadır, dünəndən qalan qarı hara gəldi yığır: binaların küncünə, aynabəndlərin ağzına...Aşağıda "cinlər bayram" edir, zibillikdən tapdıqları sellofan kuloklara dövrə vurdurur, istəsə göyə qaldırır...

Qara həsrət uşaqlar künc-bucaqdakı qarı yığır və Şaxta baba düzəltmək istəyirlər. Yəqin bu bahaçılıqda daha çox onlardan hədiyyə umurlar, amma sona qədər bir şey alınmır. Ona görə də dağıdıb təzədən düzəldirlər.

Uşaqlardan biri fəndgir çıxdı, hardansa bir Şaxta baba tapıb gətirdi, Yəqin qonşu məhlədən çırpışdırıb. Uşaqlar onun başına toplaşıb, əyər-əysiyini düzəltməyə başladılar. Bir az keçmiş həyətdəki mərdimazar sürücü maşını arxaya verərkən onu uçurdu. Mənim ona heyfim gəldi. Həmin Şaxta baba böyük bir kollektivin "məhsuluydu".

Beşmərtəbələrin damında, balkonların qarşısında cürbəcür quşlar atılıb düşür, bəzən qanad çalıb havalanır, özünü küləyin ixtiyarına buraxır, külək onu bir az aparandan sonra, yenidən müqavimət gücünü toparlayır və istədiyi səmtə üz tutur...

Bu, bir qış mənzərəsidir. Bəyaz damlar, parkdakı ağ "kapyuşonlu" zeytunlar, küçədə sürüşən adamlar və maşınlar bu mənzərəyə bir özgə rəng qatır. Belə mənzərə adamda bir nostalji hissi yaradır, amma onun kökünün fərqinə varmırsan...

Həyətimizdə və binamızın həndəvərində ən çox gözə dəyən sərçələrdi. Onlar kollektiv yaşamağı sevirlər, bəlkə ən balaca olduqlarına görə, hər hansı təhlükəyə birgə cavab vermək istəklərinə görə?

Daha sonra qumru quşları gəlir. Onlar daim cütdürlər. Ev göyərçinləri və çöl göyərçinləri də ara-sıra gözə dəyir. Onlar əsasən aynabəndlərin qabağına qonur, güzgüdə özlərinə baxır, domuşub bir tərəfdə dururlar, insan hənirtisindən qızınırlar. Bircə boz qarğaların vecinə deyil. Onlar hara gəldi qonurlar: binaların damına, antenna dirəklərinə, çılpaqlaşmış ağaclara. Özü də ən aktiv onlardır. Bir yerdə dayanmırlar, sərçələr kimi bazar açmırlar, heç səsləri də çıxmır, qarı dimdikləyə-dimdikləyə, ondan dada-dada gəzirlər. İsti havalarda hərdən

"qarr" eləyən qarğalar eləcə üzü-üzə gəlib bir-birilərinə baxır, sonra qanadlarını açıb yellənirlər.

Qarğaların 300 il yaşadıqlarına inansaq, deməli onlar ən azı on doqquzuncu əsri də görüblər, dünyanın düzənini seyr edə-edə gəliblər, dillərini başa düşsəydik, tariximizə daha yaxşı bələd olardıq.

Quşlara baxa-baxa adamları fikirləşirəm. Onların yaşam tərzindəki fərqləri düşünürəm. Quşların ağlı olmasa da, fəhmlə hərəkət edirlər və adamlardan fərqli olaraq dünyanın faniliyini çox yaxşı duyurlar. Ona görə də haranısa zəbt eləmək, qamarlamaq fikirləri yoxdu. Yuva quranda da sərbəstdirlər...

Adamlar onlar kimi yaşamağı öyrənsəydilər...

16-19 noyabr, 2016

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31