Vergilər Məcəlləsinə dəyişikliklər təsdiq edilib

Azərbaycanda Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiq olunub.

Azərbaycanda Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiq olunub. "Olaylar"ın verdiyi xəbərə görə, dəyişikliklərə əsasən, pərakəndə ticarətlə məşğul olan sahibkarlar tərəfindən Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablana bilər. Buğda idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı və quş ətinin satışı 2017-ci il yanvarın 1-dən etibarən 3 il müddətinə ƏDV-dən azad ediləcək. Həmçinin, Azərbaycanda vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizminin hazırlanması nəzərdə tutulur. Vergilər Məcəlləsinə yeni maddənin əlavə edilməsi ilə toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növü ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manat müəyyən edilib. Əlavəyə əsasən, foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyətlə məşğul olanlar üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manat, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olanlar üçün 5 manat, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlər üçün 10 manat, nəqqaşlıq emalatxanalarının fəaliyyəti üçün 20 manat nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31