Vəhşi xislətli insanların korluğu
Hər gün bir xoşagəlməz hadisə, ya da faciəli xəbər eşidirk. Bir xəbər o biri xəbəri “döyür”, sanki ölkədə pisliklər bir-biri ilə yarışa giriblər. Sanki dünyanın sonu umiş kimi insanlıq dəyərdən düşür, ali dəyərlər çürüyür. Cəmiyyət az qala kriminal hala gəlib. Hara gedirik? Niyə gedirik? Suallar beynimizi ağır çəkic zərbəsi kimi döyəcləyir... ağrıdır.
16 Dekabr 2016 13:48 SosialHər gün bir xoşagəlməz hadisə, ya da faciəli xəbər eşidirk. Bir xəbər o biri xəbəri "döyür", sanki ölkədə pisliklər bir-biri ilə yarışa giriblər. Sanki dünyanın sonu imiş kimi insanlıq dəyərdən düşür, ali dəyərlər çürüyür. Cəmiyyət az qala kriminal hala gəlib. Hara gedirik? Niyə gedirik? Suallar beynimizi ağır çəkic zərbəsi kimi döyəcləyir... ağrıdır.
Deyirlər ki, ağrılar insanı kamilləşdirir. Etirazım yoxdu, gerçəkdən də elə mənəvi ağrı var ki, onun fonunda həyat insanın gözündə dəyişir, yaşam duyğusu başqalaşır, ucalığa istiqamətlənmiş arzular bir-birinin ardınca pöhrələnir. İnsan mənən sağlam olur, mükəmməl xarakter formalaşır, kamillik boy atır. Belə ağrının kökündə insanlıq sevgisi, ali hiss, bəşəri duyğu dayanır.
Bir də var ki, ağrısını çəkə bilməyəcəyimiz qətllər. Bu ağrı yumruq boyda ürəkdə çat verir. Ürək bəzən dözə bilmir, döyünməkdən dayanır. Azğınlıq həcmində vəhşiləşmiş xislət insanla bərabərmi doğulur, yoxsa sonradanmı formalaşır? Suala cavab tapmaq çətindir. Görünən odur ki, vəhşi xislətli insanlar ali dəyərlərin gözəlliyinə kor olurlar, görmək istəmirlər.
Dünənki səhəri çox üzücü xəbərlə qarşıladıq: Səngəçal Estakadasının "NST-3" buruğunun qülləsi aşıb, 10 nəfər itkin düşüb. Ağırdı, həm də çox ağrılıdı, 10 ailə faciənin ortasına düşüb. Təbii fəlakətin kökündə nəyin dayandığını əlaqədar qurumlar araşdıracaq.
İkinci bir xəbərdə isə deyilir ki, 13 yaşlı qızı internet vasitəsi ilə tanış olduqdan sonra görüşə çağıran 21 yaşlı oğlanı qızın 19 yaşlı qardaşı görüş təyin olunan yerdəcə öldürüb (ola bilsin ki, başqa yerdə də oxşar cinayət baş verib). Bu, təkcə ağrılı deyil, həm də düşündürücüdü. Valideyn övladlarına doğru-dürüst tərbiyə vermək kimi sadə bir düstüru həll edə bilmir. Qız dünyanın ağını-qarasını seçə bilməyəcək yaşda virtual tanışlıqla məşğul olur. Oğul da 19 yaşında cinayət törədir. Buna cəmiyyət neynəsin? Faciənin tək günahkarı valideyn yükü kimi müqəddəs borcu yerinə yetirməyənlərdi. Dünyaya övlad gətirmisən, tərbiyəsini niyə normal vermirsən?
Azərbaycanlılar tarixən cinayətə meylli olmayıblar. Həmişə sakit təbiətli, halal zəhmətlə, ev, ailə qayğıları, övlad tərbiyəsi ilə məşğul olan, "başını aşağı salıb öz işini görən" sadə, zəhmətkeş xalq kimi xarakterizə ediliblər. Amma bu gün əlimizi ürəyimizin üstünə qoyub eyni sözləri deyə bilmirik. Çoxları üçün qətl törətmək, cinayət etmək az qala adi məişət hadisəsinə çevrilib.
Problemin kökündə nə dayanır? Bəlkə cəmiyyət erroziyaya uğrayıb, bəlkə insanlıq ölüb, bəlkə yaşamaq üçün bir-birinin ətini yeyən heyvanlarsayağı insanlıqda da oxşarı baş verir? Bütün hallarda heç xoş olmayan bir nəsnədi.
Dünyada elə hadisələr baş verir ki, bəzən adi məişət qayğılarını unuduruq. Fəlakətlər, müharibələr, qan-qadalar fonunda doğmalarımıza, əzizlərimizə də münasibətdə doğru-dürüst ola bilmirirk. Amma bu, ona əsas vermir ki, kimsə kimisə qətlə yetirsin. Özümüz də hiss etmədən az qala kriminallaşmış bir cəmiyyətin kənarınada dayanmışıq. Dost dostu öldürür, qardaş qardaşı baltalayır, oğul atanı yaralayır, qız ananı boğur...
Ailə dəyərləri puç olub gedir. Boşanmaların sayı gündən-günə artır. Dərd təkcə bu olsa nə var ki? Həyat yoldaşını boşayan kişi gedib keçmiş arvadını öldürür. Adamın olmayan qeyrətimi qaynayıb? Belə arvad qədri bilən idisə boşanmazdı, ailənin bütövlüyünü qoruyaydı. Amma olmur. İnsan oğlunun xislətindəki yaramazlıq özünü cinayət formasında ortaya qoyur. Bu da ona gətirib çıxarır ki, ölkədə ailə münaqişəsi zəminində baş verən cinayətlər üstünlük təşkil edir.
Daxili İşlər Orqanının əməkdaşları cinayətkarlıqla mübarizə aparırlar ki, belə halların sayı minimuma endirilsin, ictimai təhlükəsizlik aradan qaldırılsın. Danmaq olmaz ki, Daxili İşlər Nazirliyi cinayətkarlığın dinamikasında kriminogen vəziyyəti nəzarətdə saxlayır. Bu ilin altı ayı ərzində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlildə qeyd olunur ki, ötən 10 ildə hər il orta hesabla 20 minə yaxın cinayət qeydə alınmış və onların 90 faizə qədəri böyük ictimai təhlükə törətməyən və az ağır, qalan 10%-i ağır və xüsusilə ağır növlərdir. Birləşmiş Millətlər Təşkilatının rəsmi hesabatlarına görə əhalinin hər 100 min nəfərinə nisbətdə Azərbaycanda qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2,9 fakt, quldurluqlar 1,4 fakt, hədə-qorxu ilə tələb etmələr 0,4 fakt təşkil etməklə əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır.
Əslində belə quru, sxolastik rəqəmlərlə bağlı faktları DİN-in rəsmi statistikasına söykənərək daha çox da yaza bilərəm. Məncə, lüzum yoxdu. Çünki rəqəmin azlığı, ya da çoxluğu cinayətin qarşısını almaqda vasitə deyil. Bu rəqəmlər olsa-olsa baş verənlərin dinamikasına bir baxışdı ki, səlahiyyətlilər üçün hər şey aydın olsun. Amma sıravi vətəndaşlar üçün bu rəqəmlər elə də önəm daşımır. Nə də xislətində cinayət törətmək meyli güclü olanlar üçün bir məna kəsb etmir.
Çox vaxt deyirlər ki, kriminogen halların bu cür çoxalmasının kökündə insanların maddi vəziyyətinin aşağı səviyyədə olmasıdı. Bəlkə də müəyyən həqiqət var. Bəzən işsiz, evə heç bir yerdən gəlir gəlməyən bir ailənin övladı gedib hardasa kiçik bir oğurluq edə bilir. Yaxud da əli yerdən-göydən kəsilən insanlar əmlak oğrurlamaq, pul əldə etmək üçün bu vasitəyə əl atırlar. Amma buna da qətiyyən haqq qazandırmaq olmaz. İnsan nə qədər pis vəziyyətlə qucaq-qucağa olsa da mental dəyərlərin əlindən tutub nəfsini qorumağı bacarmalıdı. Əxlaqını, şərəf və ləyaqətini başqasının evinə girib oğurluq etməyə qurban verməməlidi. Bir çox hallarda belə adamlar peşiman olurlar, tutduqları əməlin xəcalət yükünü bir ömür daşıyırlar. Eləsi də tapılır ki, öz hərəkətinə haqq qazandırır və kimlərisə günahlandırmağa üstünlük verir.
Allahın verdiyi canı almaq isə heç cür bağışlanan deyil. İnsanlar sevgiyə, şəfqətə, mərhəmətə, xeyirxahlığa və humanizmə yüklənməlidirlər. İşsizlik, bahalıq ucbatından insanların yoxsullaşması əsas vermir ki, cəmiyyət vəhşiləşsin, kiriminallaşaraq bu ali dəyərlərin üstünə ləkə salsın. Bu gün insanların aqressiya ilə yükləndiyi müşahidə olunur. Amma nə yaxşı ki, bu yükü çiynindən atmağı bacaran incanlar çoxdu. Nə yaxşı ki, kriminagen durumla mübarizə aparan qurumlar var. İşini vicdanla yerinə yetirən əməkdaşların zəhmətini heçə endirmək, ən azı, insafsızlıqdı. Onlar olmasa cəmiyyətin necə bir uçuruma yuvarlandığını təsəvvür etmək elə də çətin deyil.
Bütün hallarda dünyada hər şeyin keçici olduğunu bilmək insan oğlunun borcudu...
Züleyxa Nadir