Prezidentin sərəncamına əsasən Tarix İnstitutunda dissertasiya işi müdafiə olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu nəzdindəki dissertasiya şurasının iclasında Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncamına əsasən “XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanın qərb bölgəsinin sosial-iqtisadi və mədəni həyatında köçkünlərin iştirakı tarixindən” mövzusunda dissertasiya işi müdafiə olunub.
16 Dekabr 2016 11:57 SosialAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu nəzdindəki dissertasiya şurasının iclasında Prezident İlham Əliyevin "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" sərəncamına əsasən "XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanın qərb bölgəsinin sosial-iqtisadi və mədəni həyatında köçkünlərin iştirakı tarixindən" mövzusunda dissertasiya işi müdafiə olunub.
Dissertant Sevinc Hüseynovanın tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işində Azərbaycan torpaqlarında alman koloniyalarının yaradılmasından, ermənilər və rusların Azərbaycan torpaqlarına köçürülməsindən, köçkünlərin Şimali Azərbaycanın qərb regionlarında sosial-iqtisadi fəaliyyətindən və ictimai-siyasi və mədəni həyatından bəhs olunur.
Xatırladaq ki, 1817-1818-ci illərdə Qafqazda təşkil olunan 8 alman koloniyasından 2-si (Yelenendorf və Annenfeld) Azərbaycanda salınıb.
Dissertasiyada qeyd olunub ki, alman kapitalistləri tərəfindən tikdirilib istismara verilən və əsasən alman koloniyaçılarının işlədikləri Gədəbəy və Qalakənd zavodlarının məhsulları Rusiyanın daxili quberniyalarına, Cənubi Qafqazın digər yerlərinə, həmçinin xaricə - Almaniyaya da göndərilirdi: "Köçkünlər xüsusilə XIX əsrin ikinci yarısından etibarən Şimali Azərbaycanın qərb regionlarının sosial-iqtisadi həyatında mühüm rol oynamış, sənaye və kənd təsərrüfatının inkişafına öz töhfələrini vermişdilər".
S.Hüseynova öz dissertasiya işində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə toxunaraq belə yazır: "Yerləşdirmədə üstünlük ermənilərə verilirdi. Bu da səbəbsiz deyildi. Dövlətləri olmadığından Şərqdə daim başqa hakimiyyət altında yaşayan, region xalqlarının psixologiyasını, dillərini yaxşı bilən, adət-ənənələrinə dərindən bələd olan, şəraitə daha tez uyğunlaşan itaətkar ermənilər bu iş üçün digərlərindən daha münasib idilər. Çarizmin regiona gəlməsi ilə o zamana qədər heç bir zaman olmayan "erməni məsələsi" də meydana çıxdı".
Bu dissertasiya işi XIX-XX əsrin əvvəllərində çarizmin Şimali Azərbaycanda yürütmüş olduğu köçürmə siyasətini, Azərbaycanın qərb regionlarında köçkünlərin ictimai-iqtisadi, sosial-mədəni fəaliyyətini özündə kompleks şəkildə əks etdirən ilk ümumiləşdirilmiş tədqiqatdır.
Tədqiqatın mənbəşünaslıq bazasını ilk növbədə Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi (ARDTA), Gürcüstan Respublikasının Dövlət Tarix Arxivi (GRDTA) və Rusiya Federasiyasının Dövlət Tarix Arxivindən (RFDTA) aşkara çıxarılmış və bir hissəsi elmi dövriyyəyə ilk dəfə daxil edilən qiymətli sənədlər və materiallar təşkil edir.
Dissertantın elmi rəhbəri Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.
Dissertasiya Şurasının iclasında çıxış edənlər dissertasiya işinin yüksək səviyyədə yazıldığını bildiriblər.
Qeyd edək ki, Tarix İnstitutunun dissertantı Sevinc Hüseynova Milli Məclisin deputatıdır.