Metronun “Nizami” stansiyasında irihəcmli təmir işləri aparılır

Bakı metropoliteninin "Nizami" stansiyasında əsaslı təmir və yenidənqurma işlərinin növbəti mərhələsi uğurla davam etdirilir. Qurumun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, stansiyanın hər iki qatar yolunun divarları tam təmir olunaraq istifadəyə verilib. Hazırda platforma səviyyəsində və platformaaltı hissədə təmir işləri aparılır. "Nizami" stansiyasında ilk dəfədir ki, bu miqyasda əsaslı təmir işləri aparılır. Qeyd edək ki, stansiya mürəkkəb hidrogeoloji şəraitdə tikilib. 1976-cı ildə istifadəyə verilmiş dərinözüllü stansiya həmçinin aqressiv sularla əhatə olunub. Elə bu səbəbdəndir ki, axıntılar nəticəsində dəmir-beton konstruksiyalar korroziyaya məruz qalır. Korroziyaya məruz qalan ərazi, sadəcə, tunel deyil. Platforma divarlarında və platformaaltı sahələrdəki konstruksiyalarda da bu hal müşahidə edilir. Uzun müddətdir istifadədə olan platforma divarlarının mərmər örtüyü və stansiyanı bəzəyən Nizami Gəncəvinin əsərlərindən ibarət mozaik pannolarda da qopma təhlükəsi yaranıb. Bu, həm də sərnişinlər üçün təhlükə yaradırdı. Stansiyada aparılan təmir işlərinin əsas məqsədi məhz Nizami Gəncəvinin əsərlərindən ibarət mozaik pannoların elementlərində əmələ gələn qopmaların və platforma divarlarındakı mərmər üzlüklərin düşmə təhlükəsinin qarşısını almaq, korroziyaya məruz qalan konstruksiyaların dəyişdirilməsindən ibarətdir. Mozaik pannoları divarlara birləşdirən dəmir konstruksiyalar tam korroziyaya uğradığı üçün onların dəyişdirilməsi və möhkəmləndirilməsi prosesi davam edir. Təbii ki, dünyanın ən gözəl, memarlıq baxımından göz oxşayan stansiyaları arasına düşən "Nizami" stansiyasındakı mozaik pannoların əvvəlki görkəminə qaytarılması, bərpası əsas məqsədlərdəndir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31