“Azərbaycanın tarixi silahları” kitabının təqdimatı keçirilib

M.F.Axundzadə adına Milli Kitabxanada "Историческое оружие Азербайджана" ("Azərbaycanın tarixi silahları") kitab-albomunun təqdimatı keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Milli Kitabxananın direktoru Kərim Tahirov kitabın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, gərgin əməyin bəhrəsi olan nəşr bütövlükdə Azərbaycanın silah tarixini özündə əks etdirir. Kitabda qədim tarixə malik silah növlərinin milli-mənəvi dəyərlər fonunda əks olunması, ornamentlərinin təhlil edilməsi nəşrin dəyərini artırır. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək "Azərbaycanın tarixi silahları" kitab-albomunun ərsəyə gəlməsini və təqdimatının keçirilməsini Azərbaycanın silahlı qüvvələrinə, Ali Baş Komandanımızın rəhbərliyi altında göstərilən dövlət qayğısından irəli gələn hadisə kimi qiymətləndirdi.

Bildirib ki, kitabda son 500 il ərzində Azərbaycan ərazisində istifadə olunan silahlar tədqiq edilib, silahların fotosu, istifadə qaydaları haqqında məlumat yer alıb: "Azərbaycan xalqının mübarizliyi, onun tarixi dəyərlərə verdiyi qiymət və şanlı tarixə malik olması kitabda faktlarla sübuta yetirilib. Böyük tarixi şəxsiyyətlərdən miras qalmış silahlar, o cümlədən keçmiş əsrlərdə döyüşlərdə istifadə edilən çoxsaylı silah növləri, onların Azərbaycanda hazırlanması sübut edir ki, uzun əsrlərdən bəri ölkəmizdə müxtəlif silahlar kütləvi şəkildə istehsal olunmuş, xalqımız öz ərazilərini qorumaq üçün hər zaman mübarizlik göstərmişdir". Sonda nəşrin müəlliflərindən Adil Minbaşı kitabın rus dilində işıq üzü görməsini silahlarımızın daha geniş miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırdı. O, kitabın ərsəyə gəlməsində köməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31