Məşğulluq probleminin həlli 

Əhalinin kəndlərdən şəhərə və xarici ölkələrə axınının qarşısını alıb
Azərbaycanda siyasi və iqtisadi islahatların aparılması mütəmadi xarakter daşıyır. Sözügedən islahatlar zamanı beynəlxalq aləmdə və regionda baş verən iqtisadi proseslər, bu proseslərin ölkə iqtisadiyyatına təsiri və ölkənin iqtisadi potensialı nəzərə alınır. O da sirr deyil ki, həyata keçirilən istənilən islahatlar zamanı vətəndaşların sosial qayğıları diqqət mərkəzində saxlanır. Elə gələn ilin dövlət büdcəsi layihəsinin hazırlanması zamanı bu amilin nəzərə alınması özünü bir daha göstərdi. Məlum oldu ki, iqtisadiyyatın dinamik inkişafı fonunda əhalinin sosial, o cümlədən məşğulluq probleminin həlli dövlətin əsas prioritetlərindən sayılır. 
Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, məşğulluq, əhalinin işlə təminatı sosial siyasətin olduqca vacib tərkib hissəsidir. Çünki məşğulluq əhalinin müəyyən hissəsinin sosial problemlərini öz əməyi hesabına həll etməsinə imkan yaradır. H.Rəcəbli bildirib ki, ötən illər ərzində Azərbaycanda həyata keçirilən dövlət proqramlarının nəticəsi olaraq əhalinin məşğulluğunun təmin edilməsi və həm də əhalinin kəndlərdən şəhərə axınının, həmçinin iş üçün xarici ölkələrə üz tutmasının qarşısının alınması istiqamətində böyük uğurlar əldə olunub. O, xatırladıb ki, 2003-cü ilin prezident seçkiləri ərəfəsində cənab İlham Əliyevin 600 min yeni iş yerinin yaradılacağı barədə vədi də sistemli şəkildə, ardıcıl olaraq ilbəil əhalinin məşğuliyyətinin təmin edilməsinə hesablanmışdı: "Ötən dövrdə regionlarda iqtisadiyyatın inkişafını sürətləndirən tədbirlərin, bununla bağlı dövlət dəstəyinin istiqamətlərinin müəyyən edildiyi proqramların təsdiqi ölkəmizin inkişafında yeni bir mərhələnin başlanğıcı olub və onun uğurla icrası nəticəsində Azərbaycanın, demək olar ki, bütün bölgələrində davamlı olaraq əməktutumlu, rəqabətqabiliyyətli yeni istehsal müəssisələri, xidmət sahələri istifadəyə verilib, ölkənin hərtərəfli potensialı hərəkətə gətirilib. Beş ildən bir qəbul olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkənin iqtisadi inkişafının mühüm təkanvericisi missiyasını yerinə yetirməklə vətəndaşların sosial rifahının yüksəldilməsində müstəsna rol oynayıb. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi regionlarda tarazlı inkişafla yanaşı, sosial məsələlər də yoluna qoyulub, əhalinin məşğulluğu və real gəlirləri artıb, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda 1 milyon 500 min iş yeri açılıb ki, bunun da 1 milyonu daimidir. Yeni iqtisadi şəraitdə də qarşıya qoyulan əsas vəzifələrdən biri əmək tutumlu iş yerlərinin yaradılmasıdır. İnanırıq ki, həyata keçirilən düzgün siyasət nəticəsində bu hədəfə nail olunacaq". Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib ki, Azərbaycanda müvafiq sahələr üzrə ardıcıl olaraq islahatlar aparılır. M.Quliyev bildirib ki, bu mənada səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Onun sözlərinə görə, səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması sözügedən istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir: "Ümumiyyətlə, beynəlxalq ekspertlər də qeyd edir ki, ölkəmizdə səhiyyənin güclü maddi-texniki bazası yaradılıb. Kifayət qədər səriştəli, savadlı kadr potensialı formalaşıb. Səhiyyə islahatlarının uğurla davam etdirilməsi birbaşa ölkə Prezidentinin diqqəti və nəzarəti altındadır. Eyni zamanda, səhiyyənin həm dövlət, həm də özəl sektoru inkişaf edir. Ölkəmizin bütün regionlarında müasir tibb ocaqları fəaliyyətdədir və tibb xidmət göstərmək üçün həm kadr potensialı, həm də maddi-texniki baza var. Şübhəsiz ki, səhiyyə inkişaf etdikcə, yeni texnologiyalar, yeni münasibətlər meydana çıxdıqca onun hüquqi bazasının da təkmilləşməsinə ehtiyac yaranır. Bu baxımdan, parlamentin Səhiyyə komitəsi zərurət yarandıqca yeni qanun layihələrini hazırlayıb müzakirələrə təqdim edəcək". Deputat, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə deyib ki, enerji ehtiyatlarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, dünyada baş verən geosiyasi proseslər Azərbaycan iqtisaiyyatına da təsirini göstərib. Buna baxmayaraq gələn ilin büdcəsi bu çağırışlara cavab verən bir büdcə layihəsidir: "Büdcədə sosial xərclər mühüm yer tutur və keçən illərdəki kimi dövlət bütün sosial öhdəliklərinin yerinə yetirəcək. Xərclər hissəsi maksimal səmərəlilik amili ilə hesablanıb və məhz bu ən vacib amildir. Dövlət qurumları ayrılmış vəsaitləri qənaətlə xərcləməli olacaqlar, ümumilikdə bütün subyektlər işlərini və idarəetmə sistemini effektiv qaydada təşkil etməli olacaqlar ki, bu da zamanın tələbidir". K.Nəbizadə bildirib ki, gəlirlər hissəsi büdcəni və onun icrasını formalaşdırır. Bu baxımdan gəlirlərin artması imkanlarına daha çox önəm verilməlidir, bu artım da bir başa iqtisadiyyatın ümumi artımı, Ümumi Daxili Məhsulun artması ilə bağlıdır, çünki məhz bu sahədə yığılan vergilər büdcənin gəlirlər hissəsini təşkil edir. Onun sözlərinə görə, burda ən müsbət məqam odur ki, büdcədə neftin qiyməti 40 dollar səviyyəsində götürülüb. Nəzərə alsaq ki, OPEK-in proqnozlarına görə gələn il Azərbaycan ən azı 240 milyon barel xam neft ixrac edəcək, 2017-ci ildə neftin orta illik qiyməti 48-55 dollar ətrafında proqnozlaşdırılır, bu proqnozlar gerçəkləşsə ən minimal halda ölkəyə 2 milyard dollar həcmində əlavə vəsait daxil olacaq: "Bu ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev gələcək iqtisadi strategiyası prinsiplərini açıqladı və iqtisadi inkişafın ən prioritet istiqaməti kimi qeyri-neft sektorun həcminin artırılması bir məqsəd kimi işarələndi. Əlamətdardır ki, məhz parlamentdə büdcə müzakirələri başlanan gün, dekabrın 6-da, ölkə başçısı "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" haqqında fərmanı imzaladı və bu fərmanda iqtisadiyyatın bütün sahələrinin inkişaf və artım istiqamətləri göstərilir. Bu il Milli Məclisdə bir sıra qanunlara dəyişikliklər edildi, istehsal, gömrük və vergi sistemində yeniliklər tətbiq olundu ki, bu da iqtisadiyyatın daha şəffaf və dinamik inkişafına yönəlib". 
Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31