Gəncə və Şəkinin su təchizatı yenidən qurulur
15 Dekabr 2016 12:19 SosialAzərbaycan hökuməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. "Azərsu" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması layihəsi" Şəki şəhərini, həmçinin Oxud və Qaxmuq kəndlərini əhatə edir. Layihənin birinci mərhələsi çərçivəsində 2274 m uzunluğunda Kiş Sugötürücü qurğusu inşa edilmiş, su mənbəyindən anbar kompleksinə qədər 2876 m uzunluğunda magistral su xətti çəkilmiş, həcmi 2000 kubmetr olan su anbarı, xlorator qurğusu inşa edilib.
Layihənin ikinci mərhələsində 6681 m uzunluğunda Qurcana magistral xətti inşa edilmiş, hər birinin tutumu 3000 kubmetr olan 3 ədəd su anbar inşa edilib, həcmi 1000 kubmetr olan mövcud su anbar bərpa olunub. Layihənin üçüncü mərhələsində Şəki şəhərinin mərkəzi hissəsinin paylayıcı su və kanalizasiya şəbəkələrinin yenidən qurulması nəzərdə tutulur. Şəki şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri çərçivəsində şəhərdə 2 ədəd tutumu 1500m³ su anbarı, 126,7 km içməli su şəbəkəsi, 115,3 km kanalizasiya xətti, 21 km kanalizasiya kollektoru inşa ediləcək, 8026 abonentə ev birləşməsi veriləcək, 437 yanğın hidrantı quraşdırılacaq. Bu mərhələ çərçivəsində işlərin 2018-ci ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulub. Layihənin növbəti mərhələsində məhsuldarlığı sutkada 8 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa ediləcəkdir. Hazırda bununla bağlı layihələndirmə işləri həyata keçirilir. "Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" isə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihədə Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl və Şəmkirçay su mənbələri seçilmişdir. Göygöl su mənbəyində yeni drenaj sistemi yaradılmış, 24,5 km Göygöl-Gəncə magistral su xətti çəkilmişdir. Eyni zamanda Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılmış, Şəmkirçay su mənbəyindən 27,5 km Şəmkirçay-Gəncə magistral su kəməri inşa edilmişdir. Hazırda Gəncədə şəhərdaxili içməli su və kanalizasiya şəbəkələrinin tikintisi işləri davam etdirilir. Layihənin növbəti mərhələsində tullantı sutəmizləyici qurğu inşa ediləcək.